Sual? - Cavab!

Sual? - Cavab!

Sual: Kainatın bir yaradanı olduğunu haradan və necə anlaya bilərik?

Cavab: Kainatın yaradıcısının olduğu məsələsi digər iman əsasları kimi qeybi bir məsələdir. Qeybi mövzular elmi sübutun mövzusu ola bilməz. Belə ki, əslində, imanın şərtləri bizim baxımımızdan tamamilə qeybi mövzulardır. Qeyb isə beş hiss orqanlarının, eləcə də ağılın fövqündə olan sahədir. Allahın varlığı və təkliyi qeybə aid bir məsələ olduğu kimi, mələklər, axirət, qədər kimi mövzular da məhz bu sahəyə daxildir. Bundan əlavə, peyğəmbərlərə və kitablara iman da qeybi mövzulardır. Çünki Allahın elçisi olduğunu və özünə Allah tərəfindən kitab verildiyini bildirən peyğəmbərlərin ifadələri də bizim üçün beş hiss orqanları ilə sübuta yetirilməsi və sınaqdan keçirilməsi mümkün olmayan məsələlər arasında yer alır. Belə olan halda, qeybə aid olan məsələlər “elm”in predmeti ola bilməz. Şübhəsiz ki, bir şeyin elmi baxımdan bilinməsi, onun sübuta yetirilib izah edilməsi qeybi məsələ və iman mövzusu olmaqdan çıxması mənasına gəlir. Məsələn, Ay və Günəşin varlığı iman məsələsi ola bilməz. Çünki Ay və Günəş gözlə görülən varlıqlardır, sübuta yetirilməsi üçün dəlillərə də ehtiyac yoxdur. Ancaq mələklərin varlığı iman məsələsidir. Çünki mələklərin varlığı laboratoriyada aparılan tədqiqat və təcrübələrlə bilinməyən məsələdir.

Uca Allahın varlığı və təkliyini sübut etmək məqsədi ilə ifadə edilən dəlillərdən bəziləri bunlardır:

  1. Kainatın yaradılmış olması.

İnsan öz təcrübəsi ilə bilir ki, heç bir şey özbaşına, bir səbəbi olmadan mövcud ola bilməz. Mövcud olan hər şeyin səbəbi var. Məsələn, yağışın səbəbi bulud, buludun səbəbi suyun buxarlaşmasıdır. Buxarlaşmanın səbəbi isə Günəşin yer üzündəki dənizlər, göllər və çaylardakı suyu buxarlaşdırmasıdır. Lakin bütün bu səbəblər zəncirini geriyə doğru sonsuza qədər aparmaq mümkün deyil. Belə olan halda, zaman baxımından geriyə doğru getdikdə mütləq maddənin də mövcud olmayan və sonradan yaradıldığı bir dövrə gedib çıxacağıq. Əlbəttə ki, maddəni yaradan varlığın özü də maddə ola bilməz.

Kainatdakı maddələrə baxdıqda onların heç birinin əbədi olmadığını, hər birinin bir müddət sonra yox olduğunu müşahidə edirik. Belə olan halda, gələcəyə doğru əbədi olmayan bir şeyin keçmişə doğru sonsuz və əzəli olması qeyri-mümkündür. Odur ki, əzəli olmayan bir varlığın mütləq yaradanı olmalıdır.  

  1. Kainatda mövcud olan fiziki qanunlar.

Kainatda mövcudluğunu heç kəsin inkar edə bilmədiyi bir sıra fiziki qanunlar var. Bildiyimiz kimi, fizika, riyaziyyat və kimya kimi elmlər məhz bu qanunları təsbit edib üzə çıxaran müsbət elmlərdir. Əgər sözügedən qanunlar olmasaydı, həm bu elmlər, həm də bu gün insanların ehtiyaclarını aradan qaldıran alətləri istehsal edən texnologiya olmazdı.

Odur ki, əgər kainatın bir yaradanı yoxdursa, hər tərəfdə mövcud olan bu qanunların kimin tərəfindən qoyulduğu sualı cavabsız qalır. Bunların özbaşına meydana gəlməsi qeyri-mümkündür. Çünki bu qanunlarda əmələ gələcək ən kiçik bir dəyişiklik kainatın yox olmağa başlaması deməkdir. Belə olan halda kainatdakı bu qanunların mövcudluğu və bir-biri ilə ahəng içində olması elm, hikmət, iradə və qüdrət sahibi olan bir yaradıcı tərəfindən qoyulduğunu və idarə olunduğunu göstərir.

  1. Kainatdakı nizam-intizam.

Müasir elmin apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, kainatdakı nizam-intizamda ən kiçik bir dəyişiklik milyonlarla canlının məhv olması ilə nəticələnər. Məsələn, dünyanın Günəşə olan məsafəsi, dünyadakı atmosferin oksigen və hidrogen miqdarı, suyun miqdarı, eləcə də insan vücudundakı suyun miqdarı kimi yüzlərlə həssas nizam və ölçünün özbaşına, ağıl və şüur sahibi olmayan maddə və yaxud təbiət kimi varlıqlar tərəfindən qoyulub idarə edilməsi qeyri-mümkündür.  

  1. Varlıqlardakı dizayn.

Ətrafımızda olan bütün varlıqlarda heyrətamiz bir dizaynın olduğunu müşahidə edirik. Maddənin tərkibindəki atomdan qalaktikalara, canlıların ən kiçik hissəsi olan hüceyrələrdən digər orqanlara qədər hər biri mükəmməl bir dizaynın mövcudluğunu göstərir. Həqiqətən də, hər bir canlı yaşadığı mühitə uyğun dizayn edilmiş və yaşadığı bölgəyə uyğunlaşan orqanlarla təchiz edilmişdir.  

  1. İnsanın dünyadakı üstün mövqeyi və fitrəti.

İnsan zahiri görünüşü baxımdan zəif və aciz varlıqdır. Yer üzündəki canlıların əksəriyyətindən daha gücsüzdür. Lakin bütün bunlara baxmayaraq, insan elə bir üstün mövqedə yaradılmışdır ki, yer üzündəki canlı və cansız bütün varlıqlar onun xidmətinə verilmişdir. Təbii ki, bütün bunlar insana verilən ağıl sayəsində olmuşdur. Çünki insan sahib olduğu ağlı sayəsində ən vəhşi heyvanları belə özünə xidmət etdirir, səmadan və dənizdən istifadə edir. Təbii ki, insan bu mövqeyi öz gücü və qüdrəti ilə əldə etməmişdir. Odur ki, bütün bunları insanın xidmətinə verən, onu digər calılardan üstün edən şüurlu bir iradənin olduğu inkaredilməzdir. Məhz o iradənin sahibi Uca Allahdır.

Bundan əlavə, insanın daxili aləmi, ruhu və sahib olduğu fitrəti də onu və kainatı xəlq edən uca bir yaradıcının varlığına dəlalət edir. İnsanın fitrətində heç kəsin inkar edə bilmədiyi “uca bir varlığa sığınma hissi” vardır. Bu hiss sonradan əldə edilmiş, təlim-tərbiyə yolu ilə əxz edilmiş olmayıb, insanda anadangəlmə var olan duyğudur. Bu hiss nə qədər təzyiqə məruz qalsa da, heç vaxt tamamilə yox edilə bilməz. İnsan böyük bir məşəqqət, həyati bir təhlükə yaşadığı anda sözügedən bu fitri tərəfi mütləq ortaya çıxar, yaradana sığınmağa, ondan kömək istəməyə başlayar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz