BİR HƏDİS

BİR HƏDİS

عَن ابْنِ بُرَيْدَةَ عَنْ أَبِيهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ‌نَهَيْتُكُمْ ‌عَنْ زِيَارَةِ الْقُبُورِ، فزُورُوهَا، فَإِنَّ فِي زِيَارَتِهَا تَذْكِرَةً

            İbn Büreydənin atasından rəvayət etdiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Sizə qəbir ziyarətini qadağan etmişdim. Artıq ziyarət edə bilərsiniz, çünki qəbir ziyarətində ibrət vardır". (Əbu Davud, Cənaiz, 81)

            İslam dininin ortaya çıxdığı ilk vaxtlarda Allah Rəsulu (s.ə.s) qəbirləri ziyarət etməyi qadağan etmişdi. Bunun səbəbi müşriklərin yaxın qohumlarının qəbirlərini ziyarət edərək keçmişlərinin sayı ilə bir-birilərinə qarşı öyünmələri olmuşdur. Uca Allah bununla bağlı bir ayədə belə buyurur: "Çoxluqla öyünmək sizin başınızı o qədər qatdı ki, hətta qəbirləri də ziyarət etdiniz". (ət-Təkasür, 102/1-2) Müşriklərin bu halı İslamın üzərində həssaslıqla durduğu tövhid əqidəsi ilə birbaşa təzad təşkil edirdi. Lakin nə zaman ki, Rəsulullah (s.ə.s) möminlərin qəlbində tövhidin artıq kök saldığını anladı, o zaman qəbirləri ziyarət etməyə izin verərək belə buyurdu: "Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Artıq Muhammədə anasının qəbrini ziyarət etməsi üçün izin verilmişdir. Siz də qəbirləri ziyarət edə bilərsiniz. Çünki bu ziyarət insana axirəti xatırladır". (Tirmizi, Cənaiz, 60)

            Bir hikmətli sözdə "Nəsihətçi olaraq ölüm kifayətdir" deyilir. (Beyhəqi, Şuabul-iman, VII, 353). İnsanın ölümü xatirəsində canlı tutmasının ən əsas yollarından biri qəbirləri ziyarət etməsidir. Ziyarət etdiyi hər qəbir daşı ona öz soyuqluğu və səssizliyi ilə kəlmələrlə ifadə edə bilməyəcəyimiz nəsihətlər verməkdədir. Yetər ki, insan nəsihəti dinləmək istəsin, düşünsün və təfəkkür etsin. Çünki insanın ölümü və axirəti tez-tez xatırlamasına ehtiyacı var. "Ləzzətləri yox edən ölümü tez-tez xatırlayın" (Tirmizi, Zöhd, 4) buyuran Allah Rəsulu qəbirləri ziyarət etməyin də bu mənada önəmli olduğuna diqqət çəkmişdir.

            Ən qatı qəlbə sahib olan insanın belə ölüm qarşısında qəlbinin yumşalması danılmaz bir həqiqətdir. Qəbiristanlıqlar ölüm həqiqətinin əyani olaraq hiss edildiyi məkanlardır. Bu baxımdan qəbir ziyarətləri hər şeydən öncə peşmanlıq duyğusunun canlanmasına səbəb olur. Qəbirləri ziyarət edərkən dünya həyatının keçici olduğu həqiqəti ilə qarşı-qarşıya qalan insan dünyəvi zövq və mənfəətləri üçün cəhd etməyin nə qədər boş olduğunu dərk edər və beləliklə, özünü hesaba çəkərək səhv addımlar atmaz. Qəbir ziyarətinin bu faydaları qadın və kişi, bütün müsəlmanlara aiddir. Qadınların qəbirləri ziyarət etməsinin qadağan olmasına dair rəvayət olunan hədislər (Əbu Davud, Cənaiz, 76) cahiliyyə dövründən qalan bəzi batil inanc və tətbiqatları ortadan qaldırmaq məqsədilə deyilmişdir. Rəsulullahdan sonra Həzrət Aişə və Həzrət Fatimənin qəbirləri ziyarət etdiklərinə dair nəql olunan rəvayətlər bu fikri dəstəkləməkdədir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz