Əhli-beyt sevgisi

Əhli-beyt sevgisi

Əhli-beytin lüğət baxımından ifadə etdiyi əsas məna “ev xalqı”dır. Ev xalqının içinə şəxsin xanımı, uşaqları, nəvələri və yaxın qohum-əqrəbası daxildir. İslam tarixində bir termin olaraq “əhli-beyt” deyildikdə “Hz. Peyğəmbərin ailə fərdləri, soyu, yaxınları” anlaşılır.

Qurani-Kərimdə Hz. İbrahim və Hz. Musanın ev xalqını (əhli-beytini) qəsd edən ayələr vardır.[1] Hz. Peyğəmbərin xanımlarına xitab edən Əhzab surəsinin 33-cü ayəsində də əhli-beyt ifadəsi yer alır.

Bəzi hədislərdə Hz. Peyğəmbərin ümmətinə qoyub getdiyi ən mühüm əmanətlər Qurani-Kərim və Sünnə olaraq bildirilirkən,[2] “Səqaleyn” ünvanı ilə bilinən hədisdə Hz. Peyğəmbərin özündən sonra qoyduğu iki dəyərli qaynaqdan birinin “Qurani-Kərim”, digərinin “əhli-beyt” olduğu qeyd edilir.[3]

Əhli-beyt sevgisinin əsri-səadət dövründəki vəziyyətinə baxdıqda aşağıdakıları görürük:

Əsri-səadətdə müsəlmanlar Hz. Peyğəmbəri sevdikləri kimi onun əhli-beytini də sevirdilər. Quranın ən gözəl izahı olan Hz. Peyğəmbərin nümunəvi şəxsiyyətini ilk növbədə onlardan öyrənirdilər.

Hz. Peyğəmbər başda xanımları olmaqla bütün əhli-beytini çox sevirdi. Əshabi-kiram da Hz. Peyğəmbərə göstərdikləri sevginin eynisini əhli-beytə də göstərirdilər.

Əshabi-kiramın şahidliyinə görə Rəsuli-Əkrəmin (s.ə.s) xüsusilə Hz. Həsən və Hüseynə bəslədiyi şəfqət və mərhəmət çox dərin idi. Onların ağlaması belə onu təsirləndirirdi. Bir gün Hz. Hüseynin ağladığını eşitdikdə qızı Fatiməyə: “Onun ağlamasının məni təsirləndirdiyini bilmirsənmi?!” – buyurmuşdu.[4]

Həqiqətən də, onun canı yanıb ağlamış olsa, Hz. Peyğəmbər bundan təsirlənirdi. Hz. Peyğəmbər bir gün bazara getmişdi. Orada bir müddət qaldıqdan sonra qayıdıb qızı Fatimənin evinin qarşısında oturdu, nəvələrini qəsd edərək: “Oğul, oradasanmı?” - deyə çağırdı. Uşaqlardan bir cavab gəlmədi. Hər halda anaları onların əynini geyindirirdi. Elə bu vaxt maraqlı bir hadisə baş verdi. Uşaqlardan biri qaçaraq gəlib babasının qucağına atıldı. Hz. Peyğəmbər sevinc içində onu qucağına alıb öpdü və: “Allahım! Sən bu uşağı sev, onu sevəni də sev!” - deyə dua etdi.[5]

Həmçinin Hz. Peyğəmbərin Hz. Həsən və Hüseynə baxıb: “Allahım! Mən bunları sevirəm, Sən də sev!” - dediyi rəvayət edilir.[6]

[1] Bax: Hud, 11/73; Qasas, 28/12.

[2] Əbu Davud, Mənasik, 56; İbn Macə, Mənasik, 84.

[3] Müslim, Fəzailus-səhabə, 36; Əhməd bin Hənbəl, Müsnəd, V, 181; Tirmizi, Mənaqib, 32; İbnul-Əsir, Usdul-ğabə, II, 13.

[4] Zəhəbi, Siyəri aləmin-nubəla, III, 284.

[5] Buxari, Kitabul-büyu, 73; Müslim, Fədailus-səhabə, 87.

[6] Buxari, Fədailu əshabin-nəbi, 24; Tirmizi, Mənaqib, 31; Səhihi-Buxari Müxtəsəri Təcridi-Sarih Tərcümə və Şərhi, IX, 395; İbnul-Əsir, Usdul-ğabə, II, 12; Zəhəbi, Siyəru alamin-nübəla, III, 250-25; Suyuti, Tarixul-xüləfa, s. 188.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz