Məhərrəm ayının düşündürdükləri

Məhərrəm ayının düşündürdükləri

Hicri təqvimə görə yeni bir ilin başlanğıcındayıq. Məlum olduğu kimi ikinci xəlifə Hz. Ömərin xüsusi fərmanı ilə İslam təqvimi tərtib edilmiş və bu təqvimin başlanğıcı olaraq da Allah Rəsulunun Məkkədən Mədinəyə hicrəti əsas götürülmüşdür. Məhz bu tərtibata əsasən səhabələrdən ibarət məşvərət şurasının qərarı ilə məhərrəm ayı da ilin ilk ayı olaraq qəbul edilmişdir. İlin ilk ayı olan məhərrəm ayı İslam dinində xüsusi yerə sahibdir. Kəlmə mənası etibarilə “haram edilmiş” mənasına gələn “məhərrəm” ayı ta qədim zamanlardan bəri ərəblərin xüsusi ehtiram göstərdikləri və silahları qınına qoyaraq müharibə etmədikləri 4 haram aydan biridir. Qurani-Kərim bizə il içərisindəki on iki aydan dördünün haram olduğunu xəbər verir. Hədisi-şərifdə isə həmin haram ayların hansılar olduğu açıq şəkildə ifadə edilir: zülqadə, zülhiccə, məhərrəm və rəcəb.  

Allah və Onun uca Peyğəmbərinin bu aylara diqqət çəkdiyini görürük. Bir ayın haram adlanması daşıdığı xüsusi fəzilətdən xəbər verməklə yanaşı, ona qarşı xüsusi bir ehtiram göstərilməsini tələb edir. Zatən “haram” kökündən düzələn “ehtiram” kəlməsi də müəyyən edilən hər hansı bir şeyin sərhədlərini aşmamaq, ona qarşı xüsusi həssaslıqla yanaşmaq mənasına gəlir. Sözügedən ayların haram olması əsasən bu ayların qədim çağlardan həcc mövsümü olması və bu səbəblə də həmin aylarda döyüş, müharibə və təcavüzün qəbuledilməz sayılmasından irəli gəlirdi. Hətta cahiliyyə dövründə belə ərəb qəbilələri öz aralarında illərlə davam edən müharibələrə bu aylarda ara verir, müvəqqəti də olsa, sülh şəraitini bərpa edirdilər. Həmin aylarda yarmarkalar təşkil olunur, qəbilələrarası iqtisadi və mədəni əlaqələr gücləndirilirdi. Məhz bizim üçün isə məhərrəm ayı hicri təqvimin başlanğıcı olması səbəbilə bir yenilənmə mövsümü sayılmalıdır. Təqvimin yenilənməsi ərəfəsində ruhən və zehnən də yenilənməyin zərurətini hiss edərək lazımi addımı atdığımız zaman həyatımızda yeni bir səhifə açmış olarıq.

Bəs yaxşı, hicri yeni il ərəfəsində məhərrəm ayını necə qarşılamalıyıq ki, dünya və axirət sərmayəsindən məhrum olmayaq? Əlbəttə ki, hər şeydən əvvəl yeni bir ilin başlanğıcında keçirdiyimiz öncəki illəri təfəkkür etməliyik. Ömürdən gedən günlərin, ayların bir daha geri gəlmədiyini dərk edərək qarşılayacağımız günləri daha səmərəli keçirməli olduğumuza qənaət gətirməliyik. Həyatımızın geri qalan hissəsində Allahın rizasını qazandıracaq əməllər işləməyə əzm edib bu istiqamətdə addımlar atmalıyıq. Xeyir əməllərimizi artıraraq xüsusilə bu ayda Hz. Peyğəmbərin tövsiyə etdiyi aşurə orucunun savabından özümüzü məhrum etməməliyik. Əvvəlki qövmlərin tarixini oxuyarkən qarşımıza çıxan və bu ayın 10-cu günündə baş verən əlamətdar hadisələrdən ibrət alaraq bir an əvvəl qurtuluşa çatanların cərgəsində yerimizi tutmağa çalışmalıyıq. Savaşın və təcavüzün ikiqat haram olduğu bir ayda ətrafımızdakı insanlarla, öz daxili dünyamızla və ən əsası qədərimizlə barışıq yaşamağın nə qədər mühüm olduğunu dərk etməliyik.

Adətən məhərrəm ayının adı çəkiləndə yadımıza Kərbəla faciəsi düşür. Bu ayda baş verən və əsrlərdən bəri qəlbində iman daşıyan hər bir müsəlmanın ürəyini dağlayan Kərbəla hadisəsini də yad edərək baş verənlərdən düzgün nəticə çıxarmağa çalışmalıyıq. Kərbəla hadisəsinin əslində hər hansı bir dini ixtilaf səbəbi ilə və ya məzhəb ayrılığından dolayı yaşanmadığını bilərək gələcək nəsilləri doğru məlumatlandırmağı özümüzə borc bilməliyik. Sırf siyasi səbəblərlə meydana gələn bir hadisənin, ədalət və zülm arasındakı mübarizənin sonrakı əsrlərdə dini ayrılığa səbəb göstərilməsinin və ümmətin birliyini pozmağa xidmət edən bu kimi düşüncənin nə qədər yanlış olduğuna diqqət etməliyik. Axı ümmətin birliyi üçün canından keçənləri ayrılığımıza səbəb göstərmək və bu kimi bəhanələrə sığınmaq nə qədər doğrudur?! Unutmayaq ki, nə Yezid bu gün anladığımız mənada sünni idi, nə də Hz. Hüseyn şiə.  

Əhli-beyti xatırladığımız bu ayda Allah Rəsulunun mübarək ailəsinin – xanımlarının, övladlarının, nəvələrinin – hər birinin bizim üçün nə qədər əziz olduğunu yada salıb onların yolunu təqib etməyin zərurətini dərk etməliyik. Onları sevirik, lakin sadəcə sevməklə iş bitmir. Sevgi qədər sevgidə ölçülü olmaq da önəmlidir. Çünki “Hər hansı biriniz məni ata-anasından, övladından və bütün insanlardan çox sevmədikcə (kamil) iman etmiş olmaz”[1], - buyuran Peyğəmbəri kölgədə qoyan sevgilər İslam nöqteyi-nəzərindən məqbul sayılmır. Onları sevirik, lakin sevgi isbat istəyir. Qurtuluş üçün sevgi şərtdir, lakin kifayət deyil. Çünki qurtuluşun yolu əhli-beytin tabe olduğu Peyğəmbər yolunu təqib etməkdən keçir. Unutmayaq ki, Onun yolundan ayrılıb başqa yollara düşmək insanı iman dairəsindən uzaqlaşdıran təhlükəli əməllərdəndir. Bu haqda ilahi bəyan açıq-aşkardır: “Ey iman gətirənlər, Allahın və Peyğəmbərinin önünə keçməyin!..”[2]                 

[1] Buxari, İman 8.

[2] əl-Hucurat, 1

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz