Nuh tufanı

Nuh tufanı

Qurani-Kərim bizə ibrət olsun deyə keçmiş Peyğəmbərlər və onların həyatları haqqında xəbərlər verir, iman gətirməyənlərin aqibətindən bəhs edir. Təbii ki, bu mövzudakı ayələri oxuyan hər bir müsəlman bundan dərs çıxartmalı, imansızlığın və azğınlığın cəzasız qalmayacağını dərk etməlidir. Rəbbimizin keçmiş Peyğəmbərlərə iman gətirən və gətirməyənlərin aqibəti haqqında bizə xəbər verməsinin əsas səbəbi də məhz budur. Həyatından ibrət və dərs çıxartmağımız gərəkli olan peyğəmbərlərdən biri də böyük əzm sahibi Hz. Nuhdur (ə.s).  

 Nuh (ə.s) və onun qövmü indiki İraq ərazisində olan Kufə bölgəsində yaşayırdı. Hz. Nuhun qövmü küfr və azğınlıqda həddi aşmışdı. Uca Allah Hz. Nuha peyğəmbərlik vəzifəsini verdi. Həmin vaxt Hz. Nuhun qırx yaşı var idi. Hz. Nuh yorulmadan insanları haqqa dəvət edirdi. Onları iman gətirməyə və Allahı tanımağa çağırırdı. Lakin qövmü küfrdən əl çəkməyərək haqqı qəbul etməməkdə inad edirdi.

Hz. Nuhun (ə.s) qövmünün iman etməməkdə bu inadkarlığı Qurani-Kərimdə belə ifadə edilir:

(Nuh dedi:) “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər”. (Nuh, 5-7)

Hz. Nuhun qövmü təhdid edildikləri əzabı görmək istəyirdilər. Nəhayət, Hz. Nuh (ə.s) belə dua etdi:

Ey Rəbbim, mən məğlub oldum, yardım et!” (əl-Qəmər, 10)

 Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər”. (Nuh, 26-27)

Uca Allahın təlimi ilə Hz. Nuh bir gəmi düzəltdi. Ona iman gətirən möminlərin (üç oğlu da daxil) hamısı səksən nəfərdən ibarət idi. Hz. Nuh və Ona inananlar hər heyvandan bir cüt götürərək gəmiyə mindilər. Bu gəmi iman əhlinin qəzəbdən rəhmətə sığındıqları pənah yeri idi. İlahi cəza səbəbilə yer üzünün suya qərq olması ayədə belə ifadə edilir:

“Biz də göyün qapılarını leysan yağışı ilə açdıq. Yerdən də bulaqlar fışqırtdıq. Beləliklə, sular təqdir edilmiş bir iş üçün birləşdi. Nuhu da taxtadan düzəldilib mismarlanmış bir gəmidə daşıdıq”. (əl-Qəmər, 11-13)

Tufanın bütün yer üzünü bürüməsi və ya bürüməməsi məsələsində müxtəlif fikirlər var. Su hətta ən hündür dağları belə aşdığı üçün yer kürəsini bütöv əhatə etdiyi qənaətində olan alimlər olsa da, üstünlük təşkil edən fikir daşqının bütün dünyanı deyil, yalnız Hz. Nuhun qövmünün yaşadığı bölgəni əhatə etdiyi şəklindədir. Çünki hikmət nöqteyi-nəzərindən də Nuh tufanının yalnız Nuh qövmünün yaşadığı bölgəni əhatə edəcək şəkildə baş verməsi daha inandırıcıdır. Çünki Hz. Nuhun qövmündən sonra Lut, Ad və Səmud qövmünün başına gələn müsibətlər də ancaq o qəbilələrin yaşadığı bölgələrdə müşahidə olunurdu. Əldə olan məlumatlar, şərhlər və ümumi rəy Hz. Nuhun qövmünün Ölü dəniz bölgəsi ilə Mesopotamiya arasında məskunlaşmış olması yönündədir. Məhz buna görə də Nuh tufanının bu bölgəni əhatə edəcək şəkildə baş verməsi mümkündür. Yenə də ən doğrusunu Allah bilir.

Hz. Nuh gəmiyə mindiyi zaman yalnız ehtiyac duyacağı ev heyvanlarını gəmiyə mindirmişdir. Bu heyvanların toyuq, qoyun, keçi, dəvə, inək və at kimi cinsdən olma ehtimalı böyükdür. Yoxsa kəpənəkdən qarışqaya, ilandan köstəbəyə qədər bütün canlıları gəmiyə mindirməyə ehtiyac olmamışdır.

Daşqın səngidikdən sonra gəmi Məhərrəm ayının 10-cu günü (aşurə günü) Mosul yaxınlığındakı Cudi dağına oturdu. Ayədə bu barədə belə buyurulur:

“Kafirlər suya qərq olduqdan sonra göyə və yerə belə əmr olundu: "Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla (açıl)!" - deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərinə oturdu və: "Zalımlar məhv olsun!" – deyildi”. (Hud, 44)

Cudi zirvəsi Türkiyənin cənub-şərqində, Şırnak ətrafında, 2000 m yüksəklikdə yerləşir. Mosul, Cizrə və Şamda da Cudi adı ilə bilinən dağ olduğu deyilir. Cudi sözü xüsusi isim deyil, sifət kimi qəbul edilərsə, “bərəkətli yer” mənasını verir. Bu mənada gəminin münbit torpaqların yaxınlığında yerə enə biləcəyi də qeyd olunur. (Sarıkçıoğlu, “Dinlər Tarixi”, s.65)

Nəticə olaraq, bu hadisə bütün insanlıq üçün ibrət dərsi olmalıdır. Allaha və Peyğəmbərinə iman gətirməyənlər, yer üzündə fitnə-fəsad çıxaran azğınlar müvəqqəti olaraq cəzasız qaldıqlarına görə aldanmamalıdırlar. Allah müəyyən bir müddət üçün möhlət verər, ancaq vaxtı gələndə lazım olanı edər. Ayədə buyurulduğu kimi:

“Neçə-neçə məmləkətə zülm etdikləri halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir!” (əl-Həcc, 48)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz