BİR AYƏ
بسم الله الرحمن الرحيم
وَعِبَادُ الرَّحْمٰنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا
“Rəhmanın (xalis) qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər”. (əl-Furqan, 25/63)
Uca Allah yüksək əxlaqi keyfiyyətləri daşıyan və Rəhman olan Allaha bəndə olma şüuruna sahib kimsələri bu ayeyi-kərimədə “Rəhmanın (xalis) qulları” ifadəsi ilə şərəfləndirmişdir. Ayədə ilk əvvəl möminin əsas xüsusiyyətlərindən biri olan təvazökarlığa işarə edilir. Çünki bir möminin öz nəfsini Allah-Təalanın hüzurunda bəndəlik mövqeyində görməsi və digər insanlara qarşı təkəbbürlənməməsi imandandır. Bunun əksinə, insanın özünü üstün görüb başqalarını həqir görməsi cahillikdəndir. Digər bir ayədə də Uca Allah: “Yer üzündə təkəbbürlənərək gəzmə! Şübhəsiz ki, sən nə yeri yara, nə də ucalıq baxımından dağlara çata bilərsən”, (əl-İsra, 17/37) – buyuraraq əslində təkəbbürlülüyün heç bir əsasının olmadığını bəyan edir.
Həm özü insanlara qarşı təvazökar olan, həm də möminləri belə davranmağa dəvət edən Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Kim Allah üçün təvazökarlıq edərsə, şübhəsiz ki, Allah da onun dərəcəsini yüksəldər”. (Müslim, Birr, 69)
Ayənin davamında isə həqiqi möminlərin digər bir xüsusiyyəti olan səbirli və təmkinli olmağın əhəmiyyəti vurğulanır. Belə ki, ayədə qeyd olunan “cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər” ifadəsində möminlərin onlara sataşan və söz atan mütəkəbbir kimsələrə “salam” ifadəsi ilə cavab verərək əmin-amanlıq dilədikləri ifadə edilir. Burada cahiliyyə dövründə müşriklərin təkəbbürlənərək möminlərə sözlə əziyyət verdiklərinə də işarə edilir ki, bu sataşmalar hər dövrdə baş vermişdir. Möminlərin bu kimi davranışlara qarşı salamla cavab vermələri gərəkdiyinin bildirilməsi isə İslamın sülh dini olduğunu bir daha göstərir. Günümüzdə də İslamın həqiqətlərini və gözəlliklərini bilməyən və bu mövzuda cahil qalan bəzi kimsələrin sözlə sataşmasına cavabımız “salam/əmin-amanlıq” diləyi olmalıdır. Əsl möminlər belə kimsələrlə mübahisə və münaqişə etməyə yönəlməz, səbirlə hərəkət edər və onlara öyüd-nəsihət verərlər. Bu davranışı bu gün həyatımızın bir hissəsinə çevrilən internet dünyasına və sosial şəbəkələrə də şamil etmək mümkündür.
Əsl mömin həm vüqarlı və ağırbaşlı, həm də təvazökar və Allaha qarşı müti olmalıdır. Lakin insanı zillətə düşürəcək dərəcədəki bir təvazökarlıq da qəbulolunmazdır. Mömin bu kimi hallara icazə verməməli və zəruri hallarda vüqarına yaraşan bir şəkildə, həddi aşmadan, zülmə yol vermədən buna cavab verməlidir.
ŞƏRHLƏR