Hicrət

Hicrət

Hicri təqvimin ilk ayındayıq. İslam aləminə məxsus olan bu təqvim, adından da göründüyü kimi, adını və başlanğıcını “Hicrət” hadisəsindən götürür. Hicrətin hansı tarixdə baş verdiyi, o əsnada nələrin yaşandığı haqda çox yazılır, çox danışılır. Məsələnin nisbətən diqqətdən kənarda qalan xüsusiyyəti hicrətin didaktik əhəmiyyəti - hansı təlimverici xüsusiyyətləri daşıması, nə cür öyüdverici, tərbiyəvi mahiyyətə malik məqamları ehtiva etməsidir. İslamla şəkillənən və yeni bir era sayılan tarixin başlanğıcı üçün seçilən hadisə, əlbəttə ki, boş yerə seçilməyib. Hicrətin bütün kontur xətlərini əhatə etmək üçün bu yazı möhtəvası kifayət etməsə belə, bir çox əsas xüsusiyyətlərin altını cızaraq sizinlə bölüşmək istəyirəm.

“Hicrət” lüğətdə tərk etmək, ayrılmaq, əlaqəni kəsmək mənasına gəlir. Dini terminologiyadakı mənası ilə hicrət vətənindən cüda düşmək bahasına Allah ilə araya qoyulan pərdələri tərk etmək, cahiliyyə dövrünün boyunduruğunu qıraraq, qaranlıq örtüsünün altından sıyrılaraq aydınlığa doğru cəsarətlə addım atmaqdır.

Hicrətdə əvvəla bunu məqbul hala gətirəcək ağır şərtlər olmalıdır. Rəsulullahın hicrəti üçün ilahi rüxsət Məkkədəki on üç illik məşəqqətli təbliğ dövründən sonra nazil oldu. Bu çətin səfərdə ona yol yoldaşı, könül sirdaşı olaraq yaxın dostu – Əbu Bəkri seçmişdi. Bununla hicrətin ilk dərslərindən birini verirdi bizə - dostunu düzgün seç. Yol yoldaşını düzgün seç ki, yolda qalmayasan, yolunu azmayasan.

Hicrətə hazırlıq gedir; Rəsulullah ilk əvvəl bunu xəbər vermək üçün dostuna baş çəkir. Hicrət böyük bir sirdir. Məkkə müşriklərinin qulağına getməməsi üçün heç kəs bilməməlidir. Adət etmədiyi bir vaxt – hər kəsin evə çəkildiyi günün qızmar vaxtı getmişdi dostunun evinə. Məsələnin ciddi olduğunu o da anlamışdı. Evdə Əbu Bəkrdən başqa iki qızı – Əsma və Aişə də var idi. Dostunun narahatlığını başa düşən Əbu Bəkr deyir: “Narahat olma, onlar sirr saxlaya bilirlər”. Dostuna tərəddüdsüz etimad göstərən Rəsulullah (s.ə.s) hicrət üçün ilahi əmrin gəldiyini bildirir. Yola çıxacaqlar, onları nə bahasına olursa olsun aradan götürmək üçün and içmiş zalımlar zümrəsinin içindən keçərək, gözlərinə baxa-baxa!..

Əsma və Aişə dərhal bir boğça yemək, bir tuluq da su doldururlar ki, mübarək yolçulara yol azuqəsi olsun. Həyəcandan əlləri-ayaqları titrəyir. İlahi əmri icra ərəfəsində olan böyüklərinə layiqincə xidmət göstərmək təlaşı bütün varlıqlarını bürüyür. Boğça hazırdır, amma o məqamda ağzını bağlamaq üçün ip tapa bilmirlər. Əsma atasına baxdı, onunla göz-gözə gələndə bütün suallar öz cavabına qovuşdu. Yolçuları daha çox ləngitmək istəməyən Əsma dərhal əlini belinə atıb qurşağını açdı. Qurşağı iki yerə böldü. Bir hissəsi ilə boğçanın ağzını bağladı, digəri ilə də su tuluğunun. Bu fərasətli hərəkətdən olduqca razı qalan Rəsulullah (s.ə.s): “Allah bu qurşağın əvəzinə sənə cənnətdə iki qurşaq versin”, - deyə iltifat göstərdi. Budur; böyüklərinə xidmətin bərəkəti, səmimiyyətin əvəzedilməz mükafatı. (Bu hadisəyə görə Hz. Əsmanın ləqəbi “zatunnitakeyn – iki qurşaq sahibi” olmuşdur.)

Və həmin gecə hicrət başlayır, qalaq-qalaq ibrət lövhələri, həyat dərsləri ilə...

Rəsulullahın evində onun yatağına qorxubilməz bir gənc – Həzrət Əli uzanmışdır, düşmənlərinin həmin gecə Rəsulullaha sui-qəsd hazırladığını bilə-bilə, ölümün üzünə gülə-gülə. Rəsulullah ona borclarını əmanət etmişdi, onun yoxluğunda qayıdıb gələnlərə qaytarsın deyə. Rəsulullahın əmanətinin yanında bu can əmanəti nədir ki, deyərək uzanmışdı, həyat ilə ölümü bir-birindən ayıran incə örtüyün altına. Rəsulullah buyurubsa, belə lazımdır, deyərək, tərəddüd etməyərək. Diqqət edin, hər bir can Rəsulullahın tapşırığını əmanət bilərək canı bahasına qüsursuz yerinə yetirmək təlaşındadır; istəyir gizli qalmalı bir sirr olsun, istəyir sahibinə çatacaq mal.

Həmin an Allahın Rəsulu evini saran əlisilahlı düşmənlərin arasından ilahi görünməzlik pərdəsi ilə sıyrılmış, dostunu yanına alaraq üç gün qalacağı Sevr mağarasına doğru yola çıxmışdı. Son anda geri çevrilib Məkkəyə baxmışdı, “Məcbur qalmasaydım, səndən əsla ayrılmazdım!” – deyərək, yenidən qovuşmağı ümid edərək. Vətənə bağlılıq, yurduna məhəbbət, Kəbəyə həsrətlə...

Rəsulullaha sui-qəsd planı suya düşən, hiddətindən dəliyə dönən Əbu Cəhl yanında bir qrup qureyşli  olduğu halda sübh tezdən Əbu Bəkrin qapısını çalmışdı. Qapını açan Əsmanın üstünə: “Atan haradadır?” - deyə bağırdığı zaman “bilmirəm!” cavabını almışdı. Üzünə dəyən şillə səbəbi ilə sırğaları qırılıb yerə düşən Əsma nə o qoluzorbalardan qorxub ağzını açmış, nə də tutduğu işə görə peşmançılıq çəkmişdi. Rəsulullahın sirrini düşmənlərinə verməmişdi. Hətta Əsma növbəti üç gün boyunca da gizli yollarla atasının və Rəsulullahın sığındığı mağaraya ərzaq aparmağa davam etdi, qardaşı Abdullah ilə birgə.

Mağarada keçən üç gün. Üç əsrə tay üç gün. Hər gün qarşılarından Qureyşin muzdlu qatilləri, mahir ləpirçiləri keçir, şikarının qoxusunu duyan ovçular kimi. Əbu Bəkr: “Ey Allahın Rəsulu! Əyilib baxsalar, bizi görərlər!” – deyə narahatlığını bildirir. Özü üçün deyil, ona ehtiyacı olan ümmət üçün narahatdır. Özlüyündə Mədinəyə sağ-salamat çatdırmalı olduğu bir can əmanəti məsuliyyəti hiss edirdi. Öz canının dərdində olsaydı, Rəsulullah yatarkən mağaradakı dəlikdən başını çıxardan ilanın qarşısını çılpaq dabanı ilə kəsməz, dostunun yuxusunu bölməmək üçün gözündən süzülən yaş onun gül yanağına qonana qədər dişini sıxıb gözləməzdi. Onu canından çox istəyirdi, şübhəsiz. Bunu duyan Allah Rəsulu Quranda da yer alan ifadəsi ilə dostuna təskinlik verirdi: “Narahat olma, Allah bizimlədir!”.

İnsan öz tədbirini görər, yeri gəlsə gecə yol alar, yeri gəlsə qaranlıq mağarada qalar və sonrasını Allaha həvalə edər. Və Allah istəsə, ən qəddar düşmənin belə zərif bir hörümçək toru ilə gözlərini qapadar, dostlarını qoruyar. Hicrət budur; əmanətə sədaqət, tədbir və təslimiyyət!

Üç gün sonra məkkəlilərin arayışları səngidi, yollar nisbətən təhlükəsiz hala gəldi. Sövdələşdikləri bələdçi onların dəvələrini də götürüb Sevr mağarasına gəldi. Mədinəyə doğru səfər başladı. Atdıqları hər addım ilahi mesajın daha böyük dalğalar şəklində ətrafa yayılması ilə yadda qalırdı. Onları əsir almaq istədiyi halda İslamla şərəflənən tənha izçi Süraqə, qəbiləsi ilə yolu kəsdiyi halda Haqq yola könül açıb Rəsulullahın ilk bayraqdarına çevrilən Büreydə, çadırına qonaq etdiyi Rəsulullahın mübarək əlinin toxunuşu ilə süddən kəsilən keçisi süd verərək ilahi möcüzəyə şahid olan Ümmü Məbəd kimi neçə-neçə bəxtəvərlər bu şanlı səfər boyunca hidayətlə, imanla şərəfləndilər. Bunlar səhraya düşən nadir yağış damlaları kimi barmaqla sayıla biləcək hadisələr olsa da, Mədinədə onları gözləyən, hidayətə susayan yüzlərlə, minlərlə insan vardı. Və mübarək qafilə Mədinəyə qovuşduğu zaman artıq o ilahi nurun intişarı bütün dünyanı saracaq nəhəng bir dalğaya çevrildi. Yeni bir il ilə xatırlanan yeni başlanğıc, yeni dövr, qısacası, hicrət ruhu məhz bu həyəcanın könüllərdə yaşadılmasıdır!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz