Qulluğun ana hədəfi Allah rizası

Qulluğun ana hədəfi Allah rizası

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allah rizası isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur”. (ət-Tövbə, 72)

Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Həqiqətini anlamaqda aciz qaldığımız aləmləri, sayı-hesabı bilinməyən varlıqları və bütün bu ehtişamı kamil bir məna və həssasiyyətlə dəyərləndirib oxuya bilmə əzminə sahib olan bəşər övladının əzəldə Rəbbinə vermiş olduğu qulluq əhdinə tam bir təslimiyyət və sədaqət ehtiramı göstərərək itaət mərhələlərini Yaradanın izni ilə inamla addımlaması, kainatın bənzərsiz varlığını Haqqa qulluğun ana hədəfi olan Allah rizasına yetişdirə bilər. İnsan övladı dünyada ikən Rəbbi ilə bərabərlik sevdasını əməli ilə təsdiq edəcəyi ölçüdə Allah rizasına yaxınlaşa bilər. Hər birimizin dünya həyatında qazana biləcəyimiz ən böyük qurtuluş sərmayəsinin Allah rizası olduğu qənaətinin təfəkkürümüzdə inamla dərinləşməsi və əməli müstəvidə birincilik qazanması naminə önəmli bir qulluq vəzifəsinə çevrilməsi üçün qullarına hikmət, nəsihət və xəbərdarlıq tərzi ilə yönələn Rəbbimiz qüdsi hədisdə belə buyurur:

“Ey insan oğlu! Danışdığın söz, baxdığın mənzərə, eşitdiyin səs, qoxusunu aldığın ətir, tutduğun əşya, yürüdüyün addım, düşündüyün fikir, çəkdiyin hüzn, ləzzətini duyduğun sevincə kimi  mövcudluq hissiyyatının hamısı Mənimlədir. Ey insan oğlu! Sənin yanında hazıram! Səndən xəbərdaram! Sənə səndən yaxınam! Zahiri və batini hər bir zərrədə səni tamamən əhatə etmişəm. Səni qorumaqdayam. Bütün işlərində idarə haqqı Məndədir. Mənə şükür et və ibadət eylə. Mənə doğru istiqamət götür. Məni təfəkkür eylə. İşlərini Mənə həvalə et. Səni Rizama layiq görməyimə müqabil sən də Məndən razı ol”. 

Adəm övladlarına Allah rizasına nail olma mədəniyyətini qəflətlə, cəhalətlə, küfrlə amansız mübarizə meydanında böyük zəhmətlər bahasına ərsəyə gətirərək təlim etmiş peyğəmbərlərin etirafları zaman və məkan sərhədləri tanımadan bu gün də öz canlılığını, təsir qüvvəsini qorumaqdadır. Hz. İbrahim əleyhissalamın dilindən Haqqa təslimiyyət və Onun rizasına qovuşma mərifətnaməsi Qurani-Kərimdə belə ifadə edilməkdədir:

 “Aləmlərin Rəbbi istisna olmaqla onlar (sizin bütləriniz) mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur (Rəbbimdir). Məni yedirən də, içirən də Odur. Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək də Odur. Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur. Ey Rəbbim! Mənə hikmət bəxş eylə və məni Sənin rizanı qazanmış salehlərə qovuşdur!” (əş-Şüəra, 77-83)

Rəsulullahın əsrlərdir mərhəmət mirasına könül əhdi ilə bağlanan və bu istiqamətdə önəmli mərifət məsafələri qət edən Allah dostları  kamil bir qulluq həyatına nail olma istiqamətində Allah rizasının əvəzedilməz bir paya sahib olduğunu qətiyyətlə vurğulamış və sevənlərini rizanın həqiqəti ilə şərəflənməyə dəvət etmişlər. İslam təsəvvüfünün ana hədəfi olan riza bərəkətinə irfani çalışmaları və yorulmaz təbliğatları ilə varlıq haqqı tanıyan bu böyüklərdən Cüneyd Bağdadi həzrətləri belə buyurur:

“Heç bir kimsə Uca Haqqın yardımı olmadan Ona vasil ola bilməz. Allahın rizasını əldə etməyin yolu hər məsələdə Rəsulullaha tabe olmaqla meydana gələr”.

İmam Rəbbani həzrətləri də belə aydınlıq gətirir: “Həqiqi imanın və rizanın geçəkləşməsi üçün gərəkli olan ixlası əldə etməkdir. Bu istiqamətdə qazanılacaq ən son mərtəbə xalis qulluqdur”.

Odur ki, hər yönü ilə  rizaya qovuşma ədəbini yaşadan, onu hərəkətləndirən, mənəvi əzəmətini hiss etdirən Haqq dostlarının üsyankar nəfslərimizi tərbiyə edən və qəlblərimizi qəflət pərdələrindən arındıran könül aləmləri ilə mənəvi təmasımız olduqca vacibdir. Allah rizası ilə şərəflənmiş qulluq fədailərinin aləmlərə səs salan könül mədəniyyəti Osman Nuri Topbaş əfəndinin təqdimatında necə də ecazkar səslənməkdədir:

“İnsan kainatdakı hikmət və həqiqətləri könül aləmində tanıdıqca acizliyini və həddini anlayaraq heçliyini idrak edər. Yəni nəfsini bilər. Nəfsini bilən də Rəbbini bilər. Bilən məxluqatın və mülkün həqiqi sahibini tanıyar. Bu səbəblə də Yaradandan ötrü yaradılanlara qarşı misilsiz bir şəfqət qucağı və mərhəmət qanadı olar. Bilən əfv edər! Bilən səbir edər! Bilən sevər! Bilən Rəbbinin Rizasını və yaxınlığını axtarar! Bilən imanın ruhani həyəcanına nail olduğu üçün imanın meyvəsi olan mərhəmət, xidmət və təvazökarlıq onda ləzzət halındadır”.

Riza məqamının ehtişamını bildirən salehlər buyurur ki, Riza aləmində (şübhə və tərəddüddən arınmış) yəqin adlı bir məxluq var ki, on səkkiz min aləmdəki yaradılmışların əməlləri onun ağzında nəhəng bir səhrada zərrə nə qədər kiçikdirsə, o şəkildə az görünər.                  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz