Hicri təqvim
Təqvimlər vaxtın nizamlı qaydada əsr, il, ay, həftə, gün kimi hissələrə bölündüyü qrafik formasıdır. Tarixin hər dövründə daha çox ticarət əlaqələri üçün təşkil olunan təqvimlər sosial, iqtisadi, mövsümi, tarixi və dini mövzularla bağlı hadisələr səbəbindən ortaya çıxmışdır. Belə hadisələr bölünmüş vaxtın adlandırılması ilə əlaqələndirilirdi. Məsələn, Qriqorian və Yuliyan təqvimlərində ilin ilk ayı olan və qış günlərini əhatə edən yanvar ayı hər təkrarlanan ildə eyni xüsusiyyətləri göstərir. Bu ay daha soyuq və şaxtalı olaraq mövsümün ən soyuq aylarından biridir. Təqvim kimi ifadə edilən zaman bölgüsü günəş və ayın trayektoriya üzrə dövrünü əsas aldığı kimi, bəzi təqvimlər təbiət və tarixi hadisələri əsas almaqdadır. Tarixdə bir çox xalqlar və mədəniyyətlər yaşadıqları cəmiyyətin ehtiyaclarına uyğun olaraq fərqli təqvim formaları tərtib etmişdir.
Bu yazımızda müsəlmanların istifadə etdiyi hicri təqvimin necə olub yaranması, hansı tarixdə, hansı hadisələrin işığında belə bir qərarın verildiyi haqqında bəhs edəcəyik.
İslam tarixində mühüm yer tutan və hicri təqvimin başlanğıcı sayılan hicrət hadisəsi müşriklərin əzab və əziyyətlərinə məruz qalan Hz. Peyğəmbər (s.ə.s) və səhabələrin doğulub boya-başa çatdıqları doğma Məkkə şəhərini tərk edərək Mədinəyə köç etməsi hadisəsidir. Bu, İslam tarixində yaşanmış böyük bir hadisə, eyni zamanda insanlıq tarixinin üzləşdiyi ən acı səhnələrdən biri idi. Yuxarıda da qeyd etdiyimiz kimi, adətən tarixi başlanğıclar hansısa tarixi hadisənin olduğu vaxt üzərindən hesablanır. Məhz bu hadisə müsəlmanların hicri təqviminin yaranmasında başlanğıc olaraq alınmışdır. Ancaq təqvim başlanğıcı olaraq bu tarix həmin il deyil, daha sonra, Hz. Ömər (r.a) dövründə qəbul edilmişdir. Ondan əvvəl ərəblərin müəyyən hesaba tabe olan konkret tarixləri mövcud deyildi.
Hicri təqvimin yaranması belə bir tarixi hadisəyə bağlıdır: Hicrətdən on altı il sonra (miladi 638-ci ildə) dövrün xəlifəsi Hz. Ömərin (r.a) tapşırığı əsasında Mədinədə tarix məsələsinə həll yolu tapmaq üçün bir heyət toplanmışdı. Heyət Hz. Əlinin (r.a) təklifi ilə Hz. Muhammədin (s.ə.s) hicrətini İslam tarixinin başlanğıcı, Məhərrəm ayını da bu tarixin ilk ayı olaraq qəbul etməyi qərara aldı. Təqvim məsələsinin gündəmə gəlməsində bu iki hadisə xüsusi rol oynamışdır: Hz. Ömər (r.a) dövründə borc məsələsində tərəflər arasında bağlanan bir müqavilədə şaban ayının bu ilin, yoxsa gələn ilin şaban ayı olduğu anlaşılmamışdı. Bir digər məsələ isə Bəsrə valisi Əbu Musa əl-Əşaridən gələn tələb idi. O, məktubunda Xəlifədən gələn məktubların hansının əvvəl, hansının sonra yazıldığının anlaşılmadığını, hansı qərarla, birinci məktubda bildirilən, yoxsa ikinci məktubdakı qərarla hərəkət edəcəyinin aydın olmadığını deyərək bu qarışıqlığın həll olunmasını istəmişdi. Bu səbəblər İslam tarixində və mədəniyyətində təqvim məsələsini aktuallaşdırmış və nəticədə müsəlmanların özləri üçün təqvim hazırlayaraq tətbiq etmələrinə gətirib çıxartmışdır. Yeni təqvimin hazırlanması İslamın zaman məfhumuna verdiyi dəyər və əhəmiyyətlə əlaqədardır. Çünki vaxt və zaman mövzusu Qurani-Kərimdə və Hz. Peyğəmbərin (s.ə.s) hədisi-şəriflərində ən çox və xüsusi formada bəhs olunan mövzulardandır.
Hicri-qəməri il on iki aydan ibarətdir. İlk ay olaraq qəbul edilən məhərrəm ilə birlikdə rəcəb, zülqadə və zülhiccəyə ərəblər “əşhurul-hurum” adı verər və bu aylarda savaşdan uzaq durardılar.
Hicri təqvim ayın hilal şəklində görüldüyü ilk gecəni həmin ayın ilk günü olaraq qəbul etmişdir. Dolayı yolla, hicri təqvimdə növbəti gün gecədən etibarən başlayır. Ayın təkrar görünüşünə qədər keçən müddət bir ay, bu şəkildə hesablanan on iki ay isə bir il hesab edilir. Ancaq miladi təqvimdən fərqli olaraq hicri təqvim ayın hərəkəti əsasında hesablanır və ayın dünya ətrafındakı dövrü iyirmi doqquz yarım (29,5) gündən ibarətdir. Bu səbəbdən bir ay iyirmi doqquz gün, bir ay da otuz gün olaraq hesablanır. Bununla miladi təqvimdə bir il 365 (və ya 366) gündən, hicri təqvimdə isə 354 gündən ibarət olur. Nəticədə hicri aylar miladi aylardan hər il on bir gün erkən başlayır. Belə vəziyyət hicri ayların illər ötdükcə fərqli mövsümlərlə üst-üstə düşməsinə səbəb olur. Elə buna görədir ki, hicri aylardan olan və oruc ayı olaraq bilinən ramazan ayı bəzən qış, bəzən də yay mövsümlərinə düşərək bütün fəsilləri, ayları və həftələri dolaşır. Onu da qeyd edək ki, otuz altı il boyunca ramazan orucunu tutan bir şəxs ilin bütün günlərində və fəsillərində oruc tutmuş olur.
Hər fəslin öz gözəlliyi və çətinliyi olduğunu, həmçinin fərqli qitələrdə il boyunca fərqli mövsümlərin yaşandığını düşündüyümüz zaman Hicri təqvimin bu şəkildə yer dəyişməsinin də ayrı bir ilahi hikmətinin olduğunu görürük.
ŞƏRHLƏR