Tənasüx

Tənasüx

Tənasüx - ruhun bir canlıdan başqa bir canlıya keçməsi deməkdir. Müasir dilimizdə buna reenkarnasiya da deyilir.  İslam bu inancı qəbul etmir. Quran reenkarnasiya anlayışını rədd edir.

Bu batil inanc, bəzi qaynaqlara görə, Qədim Misirdə meydana gəlmişdir. Tarixçi Herodot da bu fikrin Qədim Misirdə meydana çıxdığına qənaət gətirir. Misirlilər ölən insanın ruhunun bir heyvan bədəninə keçdiyinə, havada, quruda və suda yaşayan bir çox heyvanın bədənini dolaşdıqdan sonra təkrar insan bədəninə döndüyünə inanırdılar. Bu batil inanc Misirdə təhsil alan məşhur filosof Pifaqor tərəfindən mənimsənildikdən sonra yunanlara, oradan da Qərb dünyasına intiqal etmişdir. Pifaqor: “Ruh tamamilə maddəyə qalib gəlincəyə qədər bədən dəyişdirir” deyərək batil inancını batil fəlsəfi nəzəriyyəyə çevirmişdir. Şərq dünyasında isə əvvəlcə Hindistanda, sonra isə Çin və İranda yayılmışdır. Budda və Brahman dinlərində bu inanc tərzi mistik bir şəklə bürünmüş və nəticədə batil bir etiqada dönüşdürülərək belə deyilmişdir: “Təmizlənən və günahsız ruhlar Nirvanaya çatır, günahkar ruhlar isə təmizlənincəyə qədər heyvan bədənlərində dolaşır”.

Qədim Yunanıstanda tənasüx görüşünə əvvəlcə Pifaqor “ruh köçü” fəlsəfəsiylə gəlmişdir. Onun bu batil fəlsəfəsi ən çox Platona təsir etmiş, o da: “ruh bir çox bədəni köhnəltdikdən sonra insana dönər” demişdir. Bundan sonra da Yeni Platonçular adlanan fəlsəfə güruhu da eyni inancı müdafiə etməyə davam etmişdir.

Başlanğıcda Qədim Misirdə ortaya çıxan bu batil inanc Hindistanda mistik şəklə, Yunanıstanda isə fəlsəfi nəzəriyyə libasına bürünmüşdür. İranda isə bu batil inanca əxlaqi bəzək və din görünüşü verilmişdir. Bu görüş Zərdüşt və Məzdəkilər kimi dini cərəyanlarda özünə yer tapmış və oradan da İslam dininə yeridilməyə çalışılmışdır.

İnsan Allahın şah əsəridir. Bütün canlı və cansız gördüyümüz hər şey insanın xidmətinə verilmişdir. İnsan Allahı tanımaq və Ona ibadət etmək üçün yaradılmışdır.

Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Həqiqətən, Biz insanı süzülmüş palçıqdan yaratdıq. Sonra onu sağlam bir məkanda (ana rəhmində) nütfə halına saldıq. Sonra nütfəni laxtalanmış qan (rüşeym) halına saldıq, sonra laxtalanmış qanı bir ət parçasına çevirdik. Sonra ət parçasını sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Sonra da onu başqa bir yaradılışla inşa etdik (insan halına saldıq). Yaradanların ən gözəli olan Allah çox ucadır! Sonra onun ardınca siz hökmən öləcəksiniz! Sonra da qiyamət günü mütləq dirildiləcəksiniz!” (əl-Muminun, 12-16)

Başqa bir ayədə isə belə buyurulur: “Siz ölü ikən sizi dirildən (yoxdan yaradan) Allahı necə inkar edirsiniz? O sizi yenə öldürəcək, sonra yenə dirildəcək, sonra da Onun hüzuruna qaytarılacaqsınız. (əl-Bəqərə, 28) Bu ayədə insanın dünyaya gəlməsindən əvvəlki halı ölümlə ifadə edilmişdir. Burada insan həyatının üç mərhələsi göstərilmişdir: yoxdan yaranmaq, ölüm və axirətdə təkrar dirilmək.

Ayədə insanın yaradılmadan öncəki halına “ölü” deyilməsinin, bəzilərinin iddia etdiyi kimi reenkarnasiya - ölənin ruhunun yeni bir bədənə keçməsi ilə heç bir əlaqəsi yoxdur. Bu ayədəki ilk ölüm yaradlmadan öncəki ölü hal, ikinci ölüm isə dünyadan ayrılarkən baş verən ölüm hadisəsidir. İlk diriliş dünyaya gəlmək, ikinci diriliş isə öldükdən sonrakı dirilişdir.

Peyğəmbərimiz (s.ə.s) bir hədisində ana bətnindəki körpənin üç halını belə anladır: “Şübhəsiz, sizdən birinizin yaradılışı ana bətnində qırx gündə cəmlənir. Sonra orada o qədər müddət içində ələq (laxtalanmış qan) olur. Sonra bir o qədər müddət ərzində mudğa (ət parçası) halına gəlir. Sonra Mələk göndərilir və ona ruh üfürülür. Mələyə dörd kəlmə əmr edilir: Sağ doğulacaq uşağın ruzisi; əcəli (yaşayacağı müddət): işləyəcəyi əməllərin siyahısı və şəqi (bədbəxt) və ya səid (xoşbəxt) olacağı bilgisi”.  (Buxari, Bədul-xalq, 6 Ənbiya, 1, Qədər, 1; Müslim, Qədər, 1; Əbu Davud. Sünnə, 16; Tirmizi, Qədər, 4; İbn Macə, Müqəddimə, 10)

Tənasüx inancı insanın mahiyyətinə, yaradılış həqiqətinə və Allahın insana verdiyi dəyərə ziddir. Bu inanca sahib olanlar Peyğəmbər göndərilməsini və Kitabların endirilməsini inkar edirlər. Çünki bu inanc ilahi vəhyin bildirdiyi xəbərlərlə tərs düşür. İslam inancına görə, ana bətnində başlayan ruh ilə bədən əlaqəsi dünya həyatına gəldikdən sonra ölənə qədər davam edər. Əcəl gəlincə ruh ilə bədən ayrılar. Ruh bərzəx aləminə, bədən isə aid olduğu torpağa dönər. Qiyamətin qopması ilə başlayan yenidən diriliş sonrasında insan axirətə aid bir bədən və ruh ilə sonsuz bir həyata başlayar. Bu həyat dünyadakı əməllərinə görə, kimisi üçün cənnətdə, kimisi üçün də cəhənnəmdə davam edər.

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz