Bir könül insanının ardından

Bir könül insanının ardından

Bir könül insanının ardından

Mərhum İlhan Armutçuoğlunun əziz xatirəsinə

Avqust ayının 5-də əbədi aləmə köç edən İlhan Armutçuoğlu dövrümüzün elm və irfan əhlindən bir könül insanı idi. Ömrü boyu elmi və irfani söhbətləri ilə insanlara xidmət etmiş onların irşadına vəsilə olmuşdur. Özünəxas Quran tilavəti, ilahi və qəsidə oxuması ilə dinləyənləri feyziyab edər, könüllərdə xoş təəssürat yaradardı. Ədəbiyyat və musiqiyə olan marağı sayəsində bir çox əsər ərsəyə gətirmişdir. Evinin həyətində inşa etdiyi məscid, Quran kursu və xalqın xidmətinə verdiyi bu kimi tikililərin xüsusi zərifliyi sənətkar ruhundan xəbər verir.

İlhan Armutçuoğlu əslən Muğlanın Ula bölgəsindəndir. Ailəsi bu torpaqlara Buxaradan köç etmişdir. Özünün qeyd etdiyinə görə elm və irfan əhlindən olan bir ailəyə mənsubdur.

1937-ci ildə Ulada dünyaya göz açan İlhan xoca ibtidai sinifdə oxuyarkən Quran müəllimi olan atasının təlimi ilə hafizliyini tamamlamışdır. Türkiyədə açılan ilk İmam-Xətib məktəbləri arasında yer alan İsparta İmam-Xətib məktəbinin ilk məzunlarındandır. 1962-ci ildə açılan Konya İslam İnstitutunun ilk tələbələrindən olan İlhan xoca eyni zamanda imam-xətib fəaliyyətini davam etdirmişdir. 1967-ci ildə Muğla müftüsü, 1971-ci ildə isə Manisa müftüsü təyin olunmuşdur. 1981-ci ilə qədər İzmir mərkəz camesində vaizlik etmişdir. Ömrünün beş ilini Məkkədə keçirən İlhan Armutçuoğlu bir müddət Krımda da xidmət etmişdir.

Üzərimizdə əməyi olan İlhan xoca insanların tez-tez ziyarət etdiyi, öyüd-nəsihətlərini dinlədiyi mötəbər şəxsiyyət idi. Sami Əfəndi, Musa Əfəndi və Osman Əfəndidən xoş xatirələr danışardı. Hər zaman təsəvvüfi və irfani cəhəti ilə seçilərdi. Saleh insanlarla görüşməyə üstünlük verər, dünyadan köçən Allah dostlarını da ziyarət edərdi. Hətta əsgərlik illərində tez-tez Əbul-Həsən Haraqani həzrətlərinin Qarsdakı məzarını ziyarət edər və orada xüsusi bir hüzur olduğunu söyləyərdi.

Mərhum İlhan xoca ömrü boyu Allah dostlarının yanında olmuş, onlara xidmət etmiş, məclislərində Quran tilavət etmiş, ilahi və qəsidələr oxumuş, onlardan feyz almış və bir çoxlarının da onlarla görüşməsinə vəsilə olmuşdur.

Sami Əfəndi ilə birlikdə olarkən şahid olduğu ibrətli bir hadisəni belə nəql edir:

“1965-ci ildə ilk dəfə həccə getmişdim. Həcc mövsümü başa çatandan sonra Kəbeyi-Müəzzəmədə yatsı namazını qılıb Altınolukun qarşısında oturmuşduq. Sami Əfəndi ilə Musa Əfəndi ön səfdə, biz isə arxada idik. Bədirlənmiş Ay düz Kəbənin üstündə bərq vururdu. Babus-Salam istiqamətindən camaatı yararaq br bədəvinin gəldiyini gördük. Tələsik addımlarla gedərkən birdən dayandı. Bir aya, bir Kəbəyə, bir də Sami Əfəndiyə baxmağa başladı. Dəfələrlə hər üçünə baxıb ağlayırdı. Təxminən on metr yaxınlığımızda idi. Qəflətən Sami Əfəndinin qucağına atıldı, başını dizinə qoyub bir kəlmə demədən ağlamağa başladı. O qədər ağladı ki, ustadımızın dizi islandı. Nə ondan, nə də Sami Əfəndidən səs çıxırdı. Beş dəqiqə kimi ağlamağa davam etdi. Nəhayət, ustadımız bədəvinin kürəyini oxşamağa başladı. Sonra bədəvi başını qaldırıb diqqətlə ustadımızın üzünə baxdı və kəlmə kəsmədən zəmzəm suyuna tərəf getdi. Lakin bir neçə addım atır, sonra dayanıb yenə üç nöqtəyə - Aya, Kəbəyə və Sami Əfəndiyə baxırdı. Sami Əfəndinin yanındakılardan bunun hikmətini soruşduq. Dedilər ki, “O bədəvi Ayın nurunu gördü, Kəbənin nurunu gördü, övliyanın nurunu gördü”.

Sevənlərinə, yaxınlarına, xüsusilə də gənclərə belə tövsiyə edərdi:

“Gənclərə tövsiyəm budur ki, dərviş olsunlar. Kamil mürşidə bağlanmaq həddən artıq mühümdür. Sevmək də, sevilmək də oradadır. Hüzur dənizi oradadır. Dərya kimi könülə sahib olmaq oradadır. Saflaşmaq, kamillik, mələk kimi olmaq oradadır. Həyat oradadır, elm və səfa oradadır. Eşq, feyz və səadət oradadır. Birinci cənnət oradadır. Qurani-Kərimin bir ayəsində belə buyurulur: “Rəbbinin məqamından qorxanlar və Onu sevənlər üçün iki cənnət vardır”. Məhz həmin iki cənnətdən birincisi bu dünyada, ikincisi isə axirətdədir. Bəs bu dünyadakı cənnət necə olur? Onu da sadiqlərlə bərabər olanlardan, sidq ilə yaşayanlardan, eşq rəfrəfinə minənlərdən soruş. Dünya əhlinin dünya nemətlərindən aldığı ləzzət məhəbbət əhlinin aldığı ləzzətin yanında heçdən ibarətdir.

Yolumuzun düsturlarından biri xalq içində Haqla bərabər olmaqdır. Buna riayət edin. Təsir etmək üçün bir an əvvəl seyri-süluku tamamlamaq lazımdır. Bu mərtəbəyə yüksəldikdən sonra bir yerdə oturub gəlib-keçənlərə baxsanız, bu baxışınız belə faydalı olacaq. Siz nəzərgahi-ilahi olsanız, sizdəki təcəlli ətrafınıza əks edər və bir növ güzgü kimi olarsınız. Sizinlə qarşılaşanlar sizdən istifadə etməyə başlayarlar. İnsan yetişdirmək mühüm məsələdir. İnsan yetişdirmək həqiqi mənada övliyaların əli ilə mümkündür. Onlar bəzən övladları arasından bir nəfərin yetişməsi üçün illərlə gözləyərlər. Bu da Allah-Təalanın təqdir edəcəyi  nəsib məsələsidir”.

Tez-tez belə deyərdi: “Bədən sağlığı üçün təmiz hava, təmiz su, səs-küydən uzaq atmosfer... Ruh sağlığı üçün ləkəsiz (şübhəsiz) iman, riyasız ibadət, halal ruzi, faydalı elm...”

Allah ustadımıza rəhmət eləsin, məkanı cənnət, məqamı ali olsun. Amin!

Ruhu üçün bir Fatihə üç İxlas...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz