Qocaldan surə

Qocaldan surə

Allah-Təala Peyğəmbərimizə (s.ə.s) və Onun şəxsində biz ümmətinə Hud surəsinin 112-ci ayəsində belə buyurur: (Ya Rəsulum!) Sənə əmr edildiyi kimi doğru yolda ol! Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də əmr olunduqları kimi doğru yolda olsunlar! (Allahın əmrlərini pozub) həddi aşmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir”.

Allah Rəsulu (s.ə.s) bu ayeyi-kəriməyə işarə edərək: “Hud surəsi məni qocaltdı..” – buyurmuşdur. (Tirmizi, Təfsir 56/3297; Qurtubi, IX, 107)

Abdullah bin Abbas (r.a) bu ayə ilə bağlı belə deyir: “Qurani-Kərimdə Rəsulullah üçün bu ayeyi-kərimədən daha ağır bir xitab olmamışdır (bundan daha ağır ayə enməmişdir)”.

Buradakı xitab hər nə qədər Peyğəmbərimizə olsa da, Onu bu qədər məşəqqətə salan, ağır gələn təkcə şəxsi ilə əlaqəli istiqamət/doğru yol narahatlığı deyildi. Çünki O (s.ə.s): (Ya Rəsulum! Sən) doğru yoldasan (sirati-müstəqim üzrəsən)(Yasin, 4) ilahi təsdiqinə məzhər olmuşdu. Onu qocaldacaq qədər düşündürən mühüm xüsus, əmrin möminlərə də şamil olması səbəbi ilə onlar haqqındakı narahatlığı idi.

Bəli, Allah Rəsulu (s.ə.s) istiqamət üzrə ol!” ilahi əmrini alıb təkcə təbliğ etməklə kifayətlənmədi. O (s.ə.s) bu əmri öz qulluq üfüqünə də yayaraq həyatını bu istiqamətdə cidd-cəhdlə davam etdirmişdir. Yenə hədisi-şəriflərdən öyrəndiyimiz qədəri ilə, ayaqları şişənə qədər namaz qılan da O (s.ə.s) idi.

Hz. Aişə (r.anhə) anamızın qeyd etdiyinə görə, Rəsulullah (s.ə.s) gecə ayaqları şişənə qədər namazı qılardı. Ona (s.ə.s):

-“Nə üçün belə edirsən (niyə özünü bu qədər məşəqqətə salırsan), ey Allahın Elçisi? Halbuki Allah Sənin keçmiş və gələcək xətalarını bağışlamışdır”, – dediyi zaman belə buyurmuşdu:

-“Şükür edən bir qul olmağı istəməyimmi?” (Buxari, Təhəccüd 6, Riqaq 20; Müslim, Münafiqin 79-81)

Həmçinin mütəmadi (hər bazar ertəsi və cümə axşamı günləri, hər hicri ayın 13, 14, 15-ci günləri) oruc tutması, əliaçıq sədəqə verməsi və bir çox əməlləri əzmkarlıqla yerinə yetirməyə çalışması bu surəni və əmri nə qədər ciddi qarşıladığını göstərməkdədir.

Yuxarıda da qeyd edildiyi kimi, Hud surəsinin 112-ci ayəsi ilə əlaqəli Allah Rəsulunu (s.ə.s) narahat edən əsas xüsuslardan biri də Ona gələn bu əmrin onunla birlikdə ümmətinə də aid olması idi. Burada tələb edilən istiqamət sağa və ya sola sapmadan, Allahın istədiyi doğru yön üzrə davam etməkdir. Yəni məqsəd, Allah-Təalanın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinməklə doğru yolu tutmaqdır.

Həqiqi bir mömin şəxsiyyəti qazanaraq Allahın rizası və sevgisinə nail ola bilmək üçün istiqamətdən başqa yol yoxdur. Bu baxımdan hər xüsusda düzgün istiqamət mühümdür. Hansı iş, yaxud hədəf olursa olsun, ona çatmağın ən qısa yolu düzgünlük, doğruluqdur. Bizdən istənən də əmr olunan doğru yol istiqamətində düzgün yaşamaqdır. Allaha inanan, sonra da bu inanca uyğun olaraq Peyğəmbəri kimi istiqamət üzrə/doğru yaşayan, söz və hərəkətində dürüst davranan, hiyləgərliyə sapmayan insanlara bəzən mələklər gələr və: “..Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!” - deyərlər (əl-Fussilət, 30). Başqa bir ayədə də ifadə edildiyi kimi, onsuz da: Allahın dostlarına heç bir qorxu yoxdur və onlar (axirətdə) qəm-qüssə görməyəcəklər”. (Yunus, 62)

Bir xüsusu da unutmamaq lazımdır ki, ayeyi-kərimədə buyurulan istiqamət üzrə/doğru ol!” əmrinə görə doğru olmaq bütün çətinliyinə rəğmən imkansız deyildir. Çünki dinimizdə gücün çatmayacağı bir məsuliyyət yoxdur. Allah-Təala heç kəsə gücünün çatmayacağı yükü yükləməz. (əl-Bəqərə, 286)

Ölüm anında, qəbirdə, yenidən diriliş vaxtı, xülasə, qorxulu hər zamanda dürüst möminlərə gələn mələklər onlara dünya və axirət həyatında dost olduqlarını söyləyərlər. Tək olmadıqları müjdəsini verərlər. Sonra da “Ğafur” və “Rahim” olan Allahdan bir lütf və ikram olaraq cənnətdə ürəklərinin istəyəcəyi hər şeyin onları gözlədiyini, bununla sevinmələrini xatırladarlar. Bu qədər nemət, ikram və iltifat “Rəbbimiz Allahdır!” - deyib sonra da doğru yolda gedənlər” üçündür. Yəni iman və doğruluq (istiqamət) səbəbilədir.

Bütün bunlar istiqamətin/doğru yolun insan həyatında nə qədər əhəmiyyətli olduğunu göstərir. Çünki böyük ikramlar qiyməti yüksək olanlar üçündür.

İman və istiqamət/doğru yol əbədi xoşbəxtlikdir. Rəbbimiz hər birimizə nəsib etsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz