Akasiya və Windows

Akasiya və Windows

Bazar günü çörək almağa gedərkən yol kənarındakı akasiya çiçəklərinin ətri məni ağuşuna aldı. Gözəl ətir insanı sərxoş edərmi?! Bu ətri içimə çəkməyə bir az daha davam etsəm, huşum başımdan gedəcəkdi. Həqiqətən, ağacın altında oturub bu ətri dərin-dərin qoxulamağa dəyər. Evə bir az gec qayıtdım, amma buna dəydi.

Allahın nemətləri bəzən heç gözləmədiyimiz bir anda, ağılda, hesabda yox ikən gəlir. Allahım, ummadığımız zamanlarda nemətlərini bol-bol göndərərək bizi sevindir. Bizə Özünü xatırlat. Dəniz kənarında dalğaların şırıltısını, dağların başında küləyin vıyıltısını dinləmək şəfadır. Şəfanı hər zaman yeməkdə, bitkidə, yaxud dərmanda axtarmaqdan əl çəksək, daha sağlam olarıq. Akasiya ağaclarının çiçək açdığı mövsümdə bu ağacların ətri ilə gecələməyi planlaşdırmaq lazımdır.

Şəhər həyatının sürəti və səs-küyü içində diyirlənib gedirik. Sakit bir yerə çəkilib özümüzə vaxt ayıra biləcəyimiz anlar gün keçdikcə azalmağa davam edir. Bir dostum namazda xüşu təlimindən bəhs etdi. Mən də ona: “Nə təlimi? – dedim. – İyirmi beş ildir Allahın kitabını, Allahın dinini anladan bir xocayam. Amma namazda xüşudan nəsibim nə qədərdir, bu haqda danışmaq istəmirəm. Həyatda pəncərələr (“windows”) olduğu müddətdə xüşunu əldə etmək çətindir”.

“Windows”pəncərələr deməkdir. Kompüterlə tanış olan insanın ilk gördüyü sözcüklərdən biridir. Pəncərələr! Pəncərələr!.. Nə oldusa, bizə, bu pəncərələrlə oldu. Küləkli havada evimizə toz girməsin deyə pəncərələri örtdük, amma “windows”la gələn əxlaqsızlıq çirkabına qarşı örtə bilmədik. Qəlb evi ancaq bu qədər vəhşicəsinə kirlədilə bilərdi. Kirləndi də.

Açılan pəncərə sayı çoxaldıqca kompüterin işləmə sürəti düşər. Pəncərələr bağlandıqca kompüterin, yaxud proqramlar və tətbiqlər azaldıqca telefonun sürətlənməsi kimi, könüldə də açılmış pəncərə sayı azaldıqca diqqət cəmləmə qabiliyyəti yüksələr. “Allahdan başqa ilah yoxdur” demək könül pəncərəsinin təkcə Allaha açılması, Allahdan başqa proqram və faylların bağlı olması deməkdir.

Qapı ilə bağlı çoxlu deyimlərimiz, məsəllərimiz var. “Qapına gəldim”, “qapında ölüm”, “qapında nökərin olum” və s. Dualarda “Ey qapıları açan Allahım, bizə xeyirli qapı aç!” deyirik. Pəncərə ilə bağlı dua varmı? Pəncərə bütöv görmək imkanı verməz. Pəncərədən alıb-vermək nadir hallarda olur. Pəncərədən girmək ayıb sayılır və rahat deyil. Qapı isə bolluqdur, qovuşmaqdır. Oğrular qapıdan daha çox “windows”dan istifadə edərlər. Qapı comərddir. Pəncərə isə qapıya nisbətən xəsisdir. “Allahım, qapına gəldik”, - deyirik, “Pəncərənə gəldik”, - demirik. İnsan özünə bələdçilik edəcək mürşidi Haqq-Təalanın qapılarından biri olaraq görməlidir (babullah).

İnternetdə başıboş gəzinən, hər gün saysız pəncərələr açan bir insanın ən böyük dərdi babullahı – Allahın qapısını tapa bilməməsidir. Qapı problemi yaşayanlar dərmanı kirli pəncərələrdə axtarar. Məscid qapılarının nəhəng olması əbəs yerə deyil. Hansı qapı olursa olsun, o qapıya gedəndə soruşurlar: “Xeyirdirmi? Nə lazımdır? Niyə gəlmisən?”. Allahın qapısı isə belə deyil. Allahın qapısında belə sual verərlər: “Niyə gəlmədin? Niyə gecikdin?”.

Allahın qapısını çalmaqdan vaz keçməsən, mütləq açılar. Çünki ardında Allah var. O, qonaqpərvərlərin ən xeyirlisidir. O qapıya “tövbə qapısı” deyirik; son nəfəsə qədər əsla bağlanmayan qapıdır, o.

“Bir qapını bağlayan Allah min qapını açar” deyə təsəlli veririk. Babunnas (insanların qapısı) ilə babullah (Allahın qapısı) arasındakı fərqə diqqət edək. Bezmək insana xas olan bir xüsusiyyətdir. İnsan ən çox sevdiyi yeməkdən də, şirniyyatdan da, insandan da, müəyyən həddi aşdığı zaman bezməyə başlayar, uşaqlaşmaq istəyi duyar. “Kişilər ayı kimidir. Evlilik həyatı boyunca hərdən mağarasına çəkilib tənha qalması lazımdır. Beyni çönən, hövsələdən çıxan kişi mağarasına çəkilər. O öz istəyi ilə çıxana qədər rahat buraxmaq lazımdır”, - bu tərzdə elmi açıqlamalar var. Tənhalığa çəkilmək şəfadır. Beş vaxt namaza, zikrə, Quran tilavətinə, etikafa bir də bu gözlə baxmaq lazımdır.  

Bazar günü, akasiya ətri, pəncərələr və qapılar deyərkən mövzu gəlib haraya çıxdı. Yazıda bir deyil, bir çox pəncərə açılmış oldu. Çox deyil, bircə həftə keçmədən həyat yoldaşıma dedim ki, “gəl, sənə akasiya ətri ikram edim”. Getdik, amma nəsibimiz olmadı. Gözəl ətir çıxıb getmişdi, bir il uzağa. Lev Tolstoy deyir: “Həyatda xoşbəxtlik yoxdur, təkcə xoşbəxtliyin (üfüqdə parıldayıb yoxa çıxan) qığılcımları var. Onlara dəyər verin, onlarla yaşayın”.

Sonsuzluğun sığdığı insan könlünə qığılcımlar kifayət etməz. İşıq sel kimi axır. Cənnətin səkkiz qapısı pəncərələri bağlaya bilənləri (windows) gözləyir. Quranda pəncərədən bəhs edən bircə kəlmə belə tapa bilmədim. Amma qapı kəlməsi 30-dan çox yerdə keçir. Virtual pəncərələrdən çox baxdıq, lap çox! Bezdik və havasız qaldıq! Virtual pəncərələrdən əl çəkib məscidin, ata-anamızın və “İrfan” jurnalının qapısına üz tutmaq lazımdır. Fərahlıq oradadır!..

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz