Hz. Peyğəmbərin insan tanıma sənəti
İnsanı yaradan Allahdan başqa, onun bütün sirlərini bilən yoxdur. Allahın izni ilə insanları ən yaxşı tanıyan Həzrət Peyğəmbər idi. Onun insan tanıma metodologiyasını iki qismdə - ümumi və xüsusi – formada ələ almaq lazımdır. Biz burada ümumi formanı izah edərək dörd məqama toxunmaq istəyirik.
Zaman; insanın dünyaya gəlməsi, böyüməsi, inkişaf etməsi, dəyişməsi və tanınması məsələlərində vacib məsələdir. Məsələn, yaşlanan insanların xüsusiyyətini izah edən ayədə: “Biz kimə uzun ömür versək, onu yaradılış etibarilə tərsinə çevirərik” (Yasin, 68) deyilir. Hədid surəsi 16-cı ayədə: “...qəlblərinin ürpərmə vaxtı gəlib çatmadımı?! Onlar da daha əvvəl kitab verilənlər kimi olmasınlar! Onların üzərindən uzun bir vaxt keçmiş, buna görə də qəlbləri sərtləşmişdir” deyilərək “zamanın” insana və onun vəsiflərinə olan təsirindən bəhs olunur. Axırzaman insanları ilə öncəki zaman insanlarının fərqli olması da hədislərdə izah edilmişdir. (Məsələn, bax. Buxari, Buyu, 7)
Məkan; insanın hansı şəkildə səciyyələnəcəyini fiziki, maddi, mənəvi və tərbiyəvi baxımdan təsir altında saxlayan mühüm bir amildir. Quranda keçən bəzi şəhərlər, kəndlər barədə məlumat verilərək, orada məskunlaşanların əlamətləri açıqlanmışdır. Məsələn, “Əykə xalqı” (Şuara 176), “Əmin ölkə” (İbrahim 35) kimi. Əraf surəsi 58-si ayədə belə buyurulur: “Rəbbinin izni ilə gözəl məmləkətin (torpağın) bitkiləri də (gözəl) çıxar”. Məkkənin digər bölgələrə olan üstünlüyünü açıqlayan ayə (Nəml, 91) və hədislər (Tirmizi 3925) bu qəbildəndir. Mədinənin və Qüdsün də başqa bölgələrə üstünlüyü hədislərlə sabitdir (Əhməd, 14694). İraq və Yəmən kimi bəzi ölkələr haqqında Peyğəmbərin dediyi hədislər orada məskunlaşan xalqın kimliyini, insanların ümumi olaraq xasiyyətlərini izah edir. (Müslim, 1, 72)
Əməl; insanın yaxşı və ya pis olmasını təmin edən amildir. İnsanın kimliyinin əsasını, onun üçün Allahın asanlaşdırdığı əməllər təşkil edir. (əl-Leyl 4-10)
Mizac (sima); haqqında Rəbbimiz: “De: “Hər kəs öz təbiətinə (şəklinə) uyğun iş görər” (əl-İsra, 84). Peyğəmbərimiz insanların simasına baxanda onların necə bir insan olduğunu bilirdi.
Bu dörd ünsür barədə həm Quranda, həm də hədislərdə kifayət qədər dəlil tapa bilərik:
Bəqərə surəsi 273-cü ayədə Rəbbimiz: “...Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər” buyurur. Bu ayədə bildirildiyi kimi Allahın elçisi iffətli fəqirləri simalarından tanıyırdı.
“Möminin fərasətindən qorxun, çünki o Allahın nuri ilə baxar” buyuran Peyğəmbər (s.ə.s) bu sözlərdən sonra Hicr surəsinin 75-ci ayəsini: “Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır” oxumuşdur (Tirmizi, Təfsirul-Quran, 15). Bu ayədə keçən “ لِلْمُتَوَ سمٖينَ “ (başa düşənlər) kəlməsini, “zahirə baxaraq batini anlamaq”, “simalarda yazılanı oxuya bilmək”, “nişanələri və işarələri oxuya bilmək” kimi başa düşməliyik. Bunu dəstəkləyən bir hədisdə belə deyilir: “Allahın elə bəndələri var ki, insanları “nişanələrindən” tanıyarlar”. (Bəzzar 4, 243)
Peyğəmbər (s.ə.s) insanların hərəkət, davranış, görünüş, söz, süküt və duruşlarından onların necə insan olduğunu, nə istədiklərini Allah izin verdiyi qədərilə bilirdi. Bu qəbildəndir ki, Rəbbimiz ona bəzi münafiqləri tanıma fürsəti və fərasəti vermişdi. (Muhamməd, 30) Hədis kitablarında “dəccal” kimi qələmə verilən “ibn Səyyad” hədisi bu mövzuya misaldır. (Müslim, Fitən, 85)
Peyğəmbər (s.ə.s) bəzən insanları onların qabiliyyətlərinə görə tanıyar, seçər və dua edərdi. Məsələn, Allahın Elçisi ibn Abbasın daxilində gizli olan xəzinələri görə bildiyi üçün ona - “Allahım onu dində dərin anlayış sahibi elə” deyə dua etmişdir. (Buxari, Vudu, 10) Bir başqa misal isə Peyğəmbərimizin Xeybərin fəthi səfərində Əbu Hureyrə ilə rastlaşmasıdır. Ondan haralı olduğunu soruşduqda. “Devs”liyəm cavabını eşidən Peyğəmbərimiz belə buyurur: “Mən Devs xalqı içində kimi gördümsə, onda xeyir gördüm”. Həmçinin Zeyd ibn Sabit kiçik yaşlarında Peyğəmbərimizin yanına gətirilmiş, Allahın Elçisi onu bəyənmiş və “Ey Zeyd, yəhudilərin yazısını (dilini) öyrən” demişdi. Zeyd də 15 gün ərzində bu dili, ardınca 17 günə suryanicəni, yəhudilərdən gələn məktubları oxuyub cavab yazacaq səviyyədə öyrənmişdir (Müsnəd, 7, 136; Əbu Davud, Elm, 2).
Bunları – zaman, məkan, əməl, mizac - diqqətə almadan insanı tanımaq mümkün deyild. Nə zaman və harada doğulması, hansı dövrdə yaşadığı, hansı əməllərlə məşğul olması insanın xarakterinə birbaşa təsir edən xüsusiyyətlərdir. Hz. Peyğəmbər bu dörd ünsür həmişə nəzərə almışdır. Peyğəmbər (s.ə.s) Allahın izni ilə insanları adıkeçən pəncərələrdən görə bildiyi üçün onları daha yaxşı tanıyırdı. Hz. Peyğəmbəri vəhylə dəstəkləyən Allah ona bir çox məsələdə zaman, məkan, əməl və mizac sirrini agah edərək insanları tanıma fürsəti bəxş etmişdir. Bu qabiliyyət hər kəsə verilməyən nadir vergilərdən sayılır.
ŞƏRHLƏR