Düzgün ünsiyyət
Qapını açan açarlardır, bunu hər kəs bilir. Hansı qapını hansı açarın açdığını isə o açarın sahibləri və ustalar bilir. Texnologiyanın inkişafı ilə kartlar və şifrələr də açar rolunu oynamağa, açar funksiyasını daşımağa başladı. Artıq bank qapılarından sadə ev qapılarına qədər əksər qapıları şifrələr açır. Köhnə və nostalji açarlar tarix oldu deyə bilərik.
Kəlmələr də açar kimidir. Söz də daşıdığı məna ilə həqiqətin və ya həqiqətdən kənar şeylərin qapısını açmaqdadır. Qarşılıq taparsa, zehin, qəlb və ürəyin qapısını aralayar və məna içəri daxil olar. Bu işdə niyyət spesifik rol oynayır. Bəzi kəlmələr şəfa olaraq qapıları açmaqda, bəzi bəzəkli sözlər isə öz xəncərini gizlətməkdədir. Könül qapısını açan ən təsirli açar səmimiyyətdir. Qaldan (ağızdan) deyil, haldan çıxan sözlər, hətta kiçik təbəssüm və ya hərəkətlər könüllərdə taxt qurur. Unudulmamalıdır ki, bütün kəlmələr Allahı həmd üçün yaradılmışdır.
Hər bir işin özünəməxsus qaydaları olduğu kimi, düzgün ünsiyyət qurmağın da müəyyən qaydaları var. Bunları doqquz bənddə xülasə edə bilərik:
- Az söz çox məna daşıyır. Düzgün ünsiyyət qurmaq üçün düzgün kəlmələri və dəqiq ifadələri seçmək lazımdır. Sözü gərəksiz yerə uzatmaq ünsiyyəti pozur, ahəngi ortadan qaldırır. Az sözlə çox məna ifadə edənlərə “cəvamiul-kəlim” deyilir. Hz. Peyğəmbərimizin hər sahədə olduğu kimi, danışıq və ünsiyyətdəki nümunəvi davranışları da bizim üçün örnək təşkil etməlidir.
- Bir kilid, çoxlu açar (məna xaosu). Ünsiyyət əsnasında qarşımızdakı ilə eyni sözü danışıb fərqli mənalar çıxarmaqla nəticə əldə oluna bilməz. Mənasız mübahisələrdən çəkinmək lazımdır. Gündəlik həyatımızda bununla tez-tez rastlaşırıq.
- Alçaldıcı və təhqiredici eyhamlar qəlbi yaralayar. Bəzən zarafat olsun deyə etdiyimiz hərəkətlər, şit sataşmalar, zərərsiz kimi görünən şirinliklər qəlbi qıra, dərin yaralar aça bilər. Qapıları açan söz açarı qəlbləri sındıra bilər. Populyar olmağın anlıq verdiyi yüksək ehtiras mənəviyyatı məhv edər. Hər şeyə diqqət etdiyimiz və həssas yanaşdığımız halda Allahın nəzərgahı olan qəlbə qarşı niyə amansız oluruq?
- Hal dili qal dilindən üstündür. Araşdırmalar nəticəsində, danışıq zamanı jest və mimikalardan istifadə etməyin ünsiyyəti daha da gücləndirdiyi ortaya çıxmışdır. Bədən dili ilə sözlərin harmoniyası sözün təsir gücünü artırmaqdadır. Effektiv ünsiyyət və dialoqların qurulmasını izah edən kitablarda yazılmayan bir ünsiyyət üsulu daha vardır. Bu da təsəvvüf böyüklərinin mənqibələrində də rast gəldiyimiz “sükut söhbəti”, yəni danışıq olmadan yaranan ünsiyyət, qal ilə deyil, hal ilə olan ünsiyyətdir. Bəzən uzun zamandır bir-birini görməyən iki dostun görüşdüklərində susaraq uzun müddət vaxt keçirmələri kimi. Bu onu göstərir ki, səslər sussa da, dostların sözləri davam etməkdədir.
- Səbirli olmaq, əsəbləri cilovlamaq. Sakit durmaq, qışqırmamaq qarşımızdakının üzərində təsiri azaltmaz, əksinə, daha da artırar. Bəzən televiziya və mətbuatda gedən müzakirələrin heç də sakit getmədiyini, hiddət və qəzəbli çıxışların olduğunu görürük. Ancaq təcrübə qəzəbli və yüksək səslə söylənən sözlərin tez unudulduğunu, sakit vurğulanan ifadələrin isə unudulmadığını göstərir. Hz. Peyğəmbərimizin (s.ə.s) vəfatından 1400 ildən çox vaxt keçməsinə rəğmən, hədisləri sanki yeni söylənmiş kimi oxunur, oxunduqca da ağızlarımızın dadı yenilənir.
- Konstruktiv olmaq, yıxıcı olmamaq. Düzəltmək çətin, yıxmaq və sındırmaq isə asandır deyilir. Bunu hər şey üçün söyləmək doğru deyildir. Çünki yola gedən, barışdırıcı olmaq üçün bir təbəssüm kifayət edərkən, qırmaq, incitmək və küsdürmək üçün xeyli enerji və vaxt sərf olunmaqdadır. Araşdırmalar göstərir ki, üz turşudarkən, qaşqabaq tökərkən çalışan üz əzələləri təbəssüm edərkən çalışan üz əzələlərindən daha çoxdur.
- Kim əmindirsə, o təhlükəsizdir. Qarşımızdakını düzgün başa düşdüyümüzdən əmin olmalıyıq. Ünsiyyət qurduğumuz şəxsin sözlərinə və ifadələrinə öz zənlərimizi qarışdırmadan onun demək istədiyi mənanı çıxarmağımız lazımdır. Çünki belə edilməzsə, hər hansı nəticəni amlaq mümkün olmaz. Qarımızdakına hüsn-zənn göstərək. Hüsn-zənn əsasdır, etibar edilib edilməməsi başqa mövzudur.
- Hörmət hər şeydən əvvəldir. Birini və ya onun sözünü sevməsəniz belə, hörmətlə yanaşmaq lazımdır. Hörmətin olmadığı yerdə mübahisələr olar. Bununla yanaşı, hörmət göstərirmiş kimi edib hörmətsizlik etmək, dinləyirmiş kimi göstərib dinləməmək və s. kimi etikaya zidd şeylər də ünsiyyətin pozulmasına gətirib çıxardar.
- Empatiya qurmaq. Qarşımızdakının ruh və psixoloji halını anlamağın adına empatiya qurmaq deyirlər. Bunun başqa cür izahı Hz. Peyğəmbərin hədislərindən birində “özü üçün istədiyini başqası üçün istəmək, özü üçün istəmədiyini də başqası üçün istəməmək” kimi ifadə olunur. Yəni özümüzü başqasının yerinə qoyaraq həyatın mərkəzində sadəcə bizim olmadığımız həqiqətini bilsək, daha düzgün ünsiyyət üçün ən böyük addımı atmış olarıq.
ŞƏRHLƏR