İstiqamət Rəhbərimiz

İstiqamət Rəhbərimiz

Təbiətin özünəxas qanunları var. Hələ orta məktəb illərindən coğrafi cəhətlərin, yerin cazibə qanununun, sürtünmə qüvvəsinin təbiətdə baş verən hadisələrə təsirini oxuyub öyrənmişik. Bəzən bilərək və ya bilməyərək hər hansı bir hədəfə çatmaq, yaxud məqsədə nail olmaq üçün bu qanunlardan faydalanırıq. Atılan topun, daşın, oxun, güllənin hədəfə çatması üçün bütün təsiredici amilləri nəzərə almaqla yanaşı istiqamətin düzgün seçilməsi də vacibdir. Bu dəyişməz qanun insan üçün də keçərlidir. Həyatda öz istiqamətini müəyyənləşdirməyənlər onun enişli-yoxuşlu yollarında, çıxılmaz dalanlarında azıb qalmağa məhkumdurlar. İstiqamətini düzgün seçməyən karvan mənzil başına çata bilməz. Əlbəttə ki, yola düzəlmədən istiqaməti göstərən sarvanın da düzgün seçilməsi vacibdir. Eyni zamanda yol boyu istiqaməti itirməmək üçün  cəhətləri təyin edən ulduzları və digər yol işarələrini də daim diqqət mərkəzində tutmaq lazımdır.

Eynilə bunun kimi, iman üzrə ömür sürüb Allahın rizasına çatmaq üçün də bu dünyada ikən istiqamətimizi düzgün təyin etmək məcburiyyətindəyik. Bu səfərdə bizə rəhbərlik edən Həzrət Peyğəmbərin təlimatlarına hərfiyyən bağlı qalaraq yolumuza işıq saçan ulduz səhabələri və yol göstərən Quran ayələrini də daim diqqət mərkəzində saxlamalıyıq. Çünki İslam Allahın qoyduğu istiqamət üzrə yaşamaq, həyatı bu prinsiplərə görə dizayn etməkdir. Səhabədən Əbu Amr (r.a) Həzrət Peyğəmbərin ona belə tövsiyə etdiyini bildirir:

“Ya Rəsulallah, mənə İslamı elə tanıt ki, onu səndən başqasından soruşmağa ehtiyac qalmasın”, – dedim. Rəsulullah (s.ə.s):

“Allaha inandım de, sonra istiqamət üzrə (dümdüz) ol!” – buyurdu”. (Müslim, İman 62; Tirmizi, Zöhd 61; İbn Macə, Fitən 12.)

İmanın ispatı istiqamətdir. Səadət yurduna getməyi hədəfləyən insan öz əməlləri ilə daim istiqamət üzrə yaşamaq məcburiyyətindədir. Bu, Uca Allahın Rəsuluna və inananlara əmridir:

“Elə isə sən və səninlə birlikdə tövbə edənlər əmr olunduğunuz kimi istiqamət üzrə (doğru yolda) olun və həddi aşmayın!..” (Hud, 112) Ayeyi-kərimədə bildirilən “istiqamət” mömin həyatının hər mərhələsinə əks etməli, onun həyat qayəsinə çevrilməlidir. İstiqamət üzrə yaşamaq sadəcə ibadətdə deyil, digər əməl və müamilələrdə də Allahı unutmamağı, Rəsulunun və Quranın yolundan ayrılmamağı tələb edir. Namazda olduğu qədər namaz sonrasında da Allahın qulu olduğumuzun fərqində olmaqdır istiqamət. Kamil möminlər evdə, işdə, ailədə, övlad tərbiyəsində, günlük həyatda, ticarətdə, səfərdə, sevinc və kədər anında istiqaməti qorumağı bacaran müstəsna insanlardır. Ötən əsrin Allah dostlarından mərhum Mahmud Sami Ramazanoğlu həzrətləri ibadət və itaəti ilə sarsılmaz imana qovuşan möminin tərifini belə bir təşbehlə izah edir:

“İstiqamət sahibi olan mömin dağ kimidir. Çünki dağın dörd əlaməti var:

- istidən əriməz,

- soyuqdan donmaz,

- küləklə sovrulmaz,

- seldə sürüklənməz”.

Yəni heç bir mənfi hal Allahın əmr etdiyi istiqamət üzrə ömür sürən insana təsir edib onun mənəvi keyfiyyətini zədələyə bilməz.

İstiqamət sahibi olmaq və bu istiqamətdə ömür sürə bilmək üçün Allahın Kitabına və Rəsulunun Sünnəsinə ehtiyacımız olduğunu da əsla unutmamalıyıq. İlahi vəhy olan Qurani-Kərim bizə hər iki dünyada xoşbəxt olmamız üçün bir həyat tərzi göstərir. Rəbbimizin Kitabında bildirilənlərin canlı nümunəsi isə məhz Həzrət Peyğəmbər (s.ə.s)-dir. Aləmlərə rəhmət olaraq göndərilən Hz. Muhamməd həm də istiqamət rəhbərimizdir. O elə bir istiqamət rəhbəridir ki, Onun həyat tərzi yeddidən yetmişə bütün insanların nümunə götürəcəyi müstəsna örnəklərlə doludur. Maddi mənada insanların gözündə cəmiyyətin ən aşağı təbəqəsi olan yetimlikdən ən ali təbəqə olan dövlət rəhbərliyinə qədər bütün pillələri bir-bir addımlayaraq yüksəlməsi də məhz Rəbbimiz tərəfindən Onun bizə nümunəvi şəxsiyyət kimi təqdim edilməsi hikmətinə bağlıdır. İmanda, ibadətdə, Allaha itaətdə, həyatın digər bütün sahələrində “üsveyi-həsənə” – “ən gözəl örnək” olan Hz. Peyğəmbər insan oğluna təlatümlü dünya dənizinin məhvedici dalğaları arasından doğru yolu göstərərək onu qurtuluş limanına çıxaran yol bələdçisidir. Onun ayaq izini təqib edənlər həm bu dünyada, həm də axirətdə Allahın kölgəsinə sığınan bəxtəvər möminlərdir.    

İstiqamətdən ayrılmamaq üçün Kitab və Sünnənin vacibliyini Hz. Peyğəmbər (s.ə.s) Vida xütbəsində əshabına və onların timsalında bütün inananlara belə bildirmişdir:

“Sizə iki şeyi miras qoyuram. Onlara möhkəm bağlandığınız müddətdə əsla yoldan çıxmazsınız: Allahın Kitabı və Peyğəmbərinin sünnəsi”. (Muvatta, Qədər, 3)

Həyatı Onun izində yaşayanlar necə də bəxtəvərdir...

    

 

 

 

            

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz