Peyğəmbər nəyə inandı?
Bəşər övladının bu dünyada etdiyi əməl və ibadətlərin Uca Xaliqimizin dərgahında qəbul olması üçün ən əsas və əvəzedilməz amil imandır. Eyni zamanda iman insana ağıldan sonra Allah tərəfindən bəxş edilən ən dəyərli nemətdir desək, yanılmarıq. Əgər bizim iman və əqidəmizdə nöqsan varsa, etdiyimiz xeyirli əməl və əda etdiyimiz ibadətlərin axirət baxımından dəyəri yoxdur. Yəni əgər bir adamın iman və əqidəsi naqisdirsə, gündə min rükət (nafilə) namaz qılsa, il boyu oruc tutsa, hər gün sədəqə versə də, Allah dərgahında bunun heç bir dəyəri olmaz. Deməli, əsas məsələ iman və əqidəmizin kamil olmasıdır. İman məsələsi o qədər önəmlidir ki, iman əsaslarından heç birinə 1% belə şübhə etmədən inanmaq şərtdir.
Əqidəmiz və iman əsaslarımız Quran ayələri və hədislərlə təyin edilmişdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, iman əsaslarını təyin edən hədislərin səhih dərəcəsində olması kifayət deyil, sözügedən hədislərin mütəvatir dərəcəsində olması lazımdır. Yəni Hz. Peyğəmbərə (s.ə.s) aid olmasında cüzi şübhə olmamalıdır. Bu baxımdan, mütəvatir hədisləri inkar etmək dindən çıxmağa səbəb sayılmışdır. İslam alimləri bu məsələdə həmfikirdirlər.
Əqidəmizin təməli, əsası tövhiddir. İman əsasları da tövhid əqidəsi ətrafında formalaşmışdır. İman əsaslarındakı nöqsanlıq tövhid əqidəsi ilə birbaşa əlaqəlidir.
İman əsaslarının nə olduğu bir çox hədisdə qeyd edilmişdir. Hədis ədəbiyyatında “Cibril hədisi” kimi məşhur olan və Hz. Peyğəmbər (s.ə.s) ilə Cəbrayıl (ə.s) mələk arasında keçən dialoqun vurğulandığı hədisdə İslam, iman, ehsan və bəzi qiyamət əlamətləri ilə əlaqəli məlumatlar əks olunur. Odur ki, Cibril hədisində qeyd olunan məlumatlar Allah tərəfindən göndərilən Cəbrayıl mələk tərəfindən birbaşa Hz. Peyğəmbərə (s.ə.s) öyrədilmişdir. Hz. Peyğəmbər (s.ə.s) də ətrafındakı səhabələrinə Cəbrayıl mələyin təsdiqi ilə bu məlumatları öyrətmişdir.
Sözügedən hədisin imanla əlaqəli bölməsində hər möminin qətiyyətlə iman etməsi tələb olunan xüsuslar qeyd edilmişdir. Din, əslində, məhz elə imandan ibarətdir. Cəbrayılın (ə.s) Hz. Peyğəmbərə (s.ə.s) verdiyi “İman nədir?” sualına cavab olaraq, O (s.ə.s), imanın əsaslarını belə sıralamışdır: “İman - Allahın varlığına və birliyinə, sonra onun mələklərinə, göndərdiyi peyğəmbərlərə, peyğəmbərlərinə nazil etdiyi bütün kitabların haqq olduğuna, öldükdən sonra hesab veriləcək axirət gününün varlığına və dünyada cərəyan edən hadisələrin Allahın qədər və qəzası çərçivəsində gerçəkləşdiyinə inanmaqdır”. Hz. Peyğəmbər (s.ə.s) sualın müqabilində bu izahatı verincə Cəbrayıl mələk: “Doğru söylədin”, - deyərək onu təsdiqləmişdir.
Uca Allah biz bəndələrindən şəkk-şübhəsiz bir iman tələb edir. Deməli, sayılan iman əsaslarının hər birinə inanmaq və təsdiqləmək mömin olmağın məcburi gərəyidir. Bunların hər hansı birini inkar etmək və yaxud hər hansı birinə şübhə ilə yanaşmaq imanımızı zədələyər. Ələlxüsus axirət günü, hesab günü ilə əlaqəli el arasında dilə gətirilən şübhəli yanaşma və ifadələrə qarşı diqqətli olmaq lazımdır. Söylənən əsassız ifadələri qəbul edirmiş kimi səssiz qalmaq (iman baxımından) təhlükəlidir.
Hədisdə diqqət çəkən başqa bir xüsus da ondan ibarətdir ki, Cəbrayıl mələk Hz. Peyğəmbərə (s.ə.s) “Mənə imanı başa sal” deməsinə baxmayaraq, imanın nə olduğunu tərif etməmiş, onun əhatə dairəsini izah etmişdir. Bir termin haqqında məlumat verərkən əgər onun ümumi mənası bilinirsə və buna əlavə olaraq əhatə etdiyi məsələlər izah edilirsə, sözügedən bilgi dərinlik/yəqinlik qazanır.
İman nurunun möminin qəlbini yuxarıda sadalanan altı mənbədən/mərtəbədən keçərək aydınlatdığını bilmək onun hər birinə əhəmiyyət verməyi labüd qılır. Heç şübhəsiz ki, iman nuru əvvəla Allaha iman mərtəbəsindən keçərək digərlərinə keçir. Mərtəbələrdən birinin qapalı olması digərlərinə keçidi imkansız hala gətirir və o mərtəbənin aydınlanmasına mane olur. Odur ki, könlümüzün iman nuru ilə aydınlanmasını istəyiriksə, birinci növbədə Allaha iman mərtəbəsini onu müraqibə ilə (hər daim təfəkkür etməklə) aydınlatmalıyıq. Mələklərə iman mərtəbəsində hər etdiklərimizin onlar tərəfindən qeyd edildiyini, kitab və peyğəmbərlərə iman edərkən bütün ilahi kitabların və peyğəmbərlərin əsas məqsədlərinin tövhidi aşılamaq olduğunu nəzərdən qaçırmamalıyıq. O cümlədən axirətə imanımızla etdiyimiz zərrə qədər xeyir və şərin mütləq qarşımıza çıxacağı sonsuz həyatı unutmamalı, bunun həyatımıza məna qazandırdığını düşünməliyik. Dünyəvi qəm-kədərdən qurtulmağımızın yeganə açarı xeyir və şərin Allahdan olduğuna, hər şeyin onun təqdir etməsi ilə olduğuna və olacağına imanımızdır. Bu mövzuda səmimi və şəksiz bir təslimiyyətə nail ola bilsək, imanın dadını, həzzini hiss edərik.
Xülasə, mömin olduğunu söyləyən hər bir şəxs əsasları Qurani-Kərimin fərqli-fərqli ayələrində bildirilən və bəzi mötəbər hədislərdə cəm şəkildə qeyd olunan altı iman əsasının hər birinə zərrə qədər şübhə etmədən inanmaq məcburiyyətindədir. Bu, ilahi əmrdir. Axirətdə yeganə qurtuluş səbəbi kamil imandır. Vəssalam.
ŞƏRHLƏR