Onun dərdi nə idi?

Onun dərdi nə idi?

Bir insan düşünün; yaşadığı şəhərin ən zəngin ailələrindən birinə mənsubdur, əsil-nəcabətinə söz ola bilməz, evi-eşiyi, gözəl və sədaqətli xanımı, oğul-uşağı, insanın bu dünyadan umacağı nə varsa, hamısına sahibdir. Və bir gün o insan bütün bunlardan üz çevirir. Daha doğrusu, bütün bunlardan məhrum qalmaq bahasına dünyanı qarşısına alır. Ona: “Gəl bu qərarından vaz keç, mal-mülk, ən gözəl qızlar, ən gözəl evlər sənin olsun!” – deyə təklif edirlər. O isə: “Bir əlimə Günəşi, bir əlimə də Ayı qoysanız, yenə də bu yoldan dönmərəm!” - deyir. Görənlər, eşidənlər heyrətdən donub qalır, dillərini dişləyirlər, ağılları çaşır... Bu necə ola bilər?! Hansı insan dünyanın bu gözəl nemətlərindən əlinin tərsi ilə birdəfəlik imtina edə bilər? Üstəlik, əlindəkiləri də itirmək bahasına!

Bəli, dünyanı dəyişən insan olmaq, Həzrət Muhamməd (s.ə.s) olmaq belə bir şeydir. Dəli dedilər, sehrlənib dedilər, kimsə öyrədir dedilər (O kimsəni, əlbəttə, tapa bilmədilər. O kimsəni ancaq iman edənlər tapdılar), dünya gözü ilə baxanlar onu (və dəvətinə qulaq verib onunla birlikdə eyni yola baş qoyanları) heç cür başa düşmədilər. Bu gün də başa düşə bilmirlər. Və dünya eynəyi ilə baxmağa davam etdikləri müddətdə başa düşə də bilməyəcəklər.

Əlində nə varsa, almağa çalışdılar. Üç il blokada şəraitində aclığa məhkum etdilər. Suiqəsd planları hazırlayıb öldürməyə cəhd etdilər. Bir sözlə, başına açmadıqları dərd qalmadı. Amma bu dərdlər onun öz dərdinin yanında dəryada damla, səhrada xırda qum dənəsi kimi əhəmiyyətsiz idi, onun üçün. Bəs onun dərdi nə idi? Niyə digərləri kimi şan-şöhrət, mal-mülk, eyş-işrət dalınca düşmək yerinə pay-piyada yollara düşüb Nur dağından Uhuda, Hira mağarasından Sevrə, Taifdən Mədinəyə ayaq döyürdü?

Həzrət Peyğəmbərin (s.ə.s) dərdini anlatmaq üçün Qurani-Kərimdən bir çox ayələri, yaxud öz mübarək dilindən rəvayət edilən bir çox hədisi-şərifləri sitat gətirmək olar. Və onlar bu iki səhifəlik yazıya da sığmaz. Mən burada onun dərdinin yanında çarəsizliyini, çarəsizliyinin fərqində olmasını, buna rəğmən dərdini unutmayaraq, bunu hər kəsin dərdi kimi qəbul edərək necə çırpındığını müşəxxəsləşdirən bir hədisi xüsusilə qeyd etmək istəyirəm. Bir gün Rəsulullah (s.ə.s) belə buyurdu:

“Mənim və sizin vəziyyətiniz ocaq qalayıb, ocağa böcəklər, pərvanələr düşməyə başladığı zaman onlara mane olmağa çalışan adamın vəziyyətinə bənzəyir. Mən sizi atəşə düşməkdən qorumaq üçün qurşaqlarınızdan tutub çəkirəm, siz isə əlimdən qurtulmağa, atəşə düşməyə can atırsınız”. (Müslim. Buxari. Tirmizi)

Əlbəttə, Rəsulullahın gördüyü ilə bizim gördüyümüz bir olmaz. Allahın Peyğəmbərinin bildikləri ilə digər bütün insanların bildikləri bir olmaz. O cümlədən, onun daşıdığı narahatçılıq ilə də başqalarınınkı bir olmaz. O (s.ə.s), cənnəti, cəhənnəmi, qiyaməti, dirilişi, cəzanı, xülasə, Allahın varlığını ən yaxından duyan, hiss edən və “görən” insandır. Biz onun kimi, onun qədər dərdlənə bilmərik. O bizim haraya getdiyimizi, nəyə can atdığımızı həqqülyəqin gördüyünə görə, bütün həyatını insanlığı o atəşdən qorumağa həsr etdi. Özünə aid olanları bir kənara atdı. Dünya ilə vaxt itirmək istəmədi. Tək dərdi dərdini başa salmaq, təhlükəni anlatmaq, yatanları oyatmaq idi, başqa heç nə. Rəhmətinin, bağışlamasının, comərdliyinin, sevgisinin, təbəssümünün də səbəbi bu idi, qəzəbinin, ağlamasının, üzülməsinin də.

Bəziləri Həzrət Peyğəmbərin (s.ə.s) həyatının son bir neçə ilində dünyəvi baxımdan mal-mülkə qovuşduğunu deyərək o təmiz həyat vərəqlərinə ləkə yaxmağa çalışırlar. Halbuki yanında, yaxud evində bir neçə dirhəm olduğu halda, onu sədəqə olaraq paylamadan namaza durmadığını eşitmək istəməzlər. Onun dərdini ən yaxşı izah edən hədislərdən, hadisələrdən biri də budur:

Bir gün Həzrət Ömər (r.a) Peyğəmbərin (s.ə.s) evinə gəlir. Evinə göz gəzdirir; otaqda nə bir taxt, nə yumşaq yataq, nə də stol-stul var idi. Küncdə bir miqdar arpa unu olan qab, bir də divarda, mıxçadan asılmış su tuluğu vardı. Vəssalam! Peyğəmbər (s.ə.s) isə yerdə, həsirin üstündə dincəlirdi. Həzrət Ömər doluxsunur, gözləri nəmlənir, özünü tuta bilməyib ağlamağa başlayır. Onun hıçqırıqlarına oyanan Rəsulullah (s.ə.s) başını qaldırır, Öməri görəndə dikəlib oturur:

- Ömər, niyə ağlayırsan? – deyir.

Ömər onunla göz-gözə gəlir. Həsirdən qaldırdığı üzündə sərt liflərin açdığı qırmızı izlər qalmışdı. İçini çəkərək:

- Niyə ağlamayım, ey Allahın Rəsulu? – deyir, – Qeysərlər, Kisralar (o dövrün padşahları) dünya nemətləri içində üzürlər. Allahın Rəsulu isə quru həsir üstündə yaşayır!

Rəsulullah yüngülcə təbəssüm edir, Ömərin könlünü alaraq belə təsəlli verir:

- Ağlama, Ömər. Dünyanın bütün naz-nemətləri, zövqləri qoy onların olsun, axirət isə bizim. Bunu istəməzsən?!.

 

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz