İtaətdə Həssasliq

Itaətdə Həssasliq

Uca Allah buyurur: (Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma və de: “Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək əmr olunmuşdur!..” (əş-Şura, 15)

Bu ilahi əmr ilk baxışda Allah Rəsuluna (s.ə.s) aid kimi görünsə də, daha çox onun yolundan getməyə çalışan biz mömünlərə şamil olunmaqdadır. Çünki Allah Rəsulu (s.ə.s) zatən bu ilahi göstərişləri tam bir təslimiyyət və həssaslıqla yerinə yetirirdi. Onun həyatı başdan sona dəvət, ibadət və Allah yolunda xidmətlə keçməkdə idi. Yenə də bu ayələr nazil olduğu zaman daha çox məsuliyyət hiss edir və Allaha layiq bir qul olmağın həyəcanını yaşayırdı. Hətta bu səbəbdən saç-saqqalına dən düşmüşdü.

 Ayeyi-kəriməyə diqqətlə baxdıqda fərdləri və toplumları əlaqələndirən, onların rifahı və səadəti üçün vacib olan amilləri sıraladığını görməkdəyik.

Ayədə, əvvəla, tövhid inancına diqqət çəkilir. İnsanların Allah qatında dəyəri ilk növbədə Uca Allaha olan düzgün inancları, təqvaları və əxlaqları nisbətindədir. Bütün əməllərin qəbulu bu üç prinsipə söykənməkdədir. Buna görə də Uca Rəbbimiz hər şeydən öncə tövhid inancına diqqət çəkmiş və bu yolda başa gələcək çətinliklərə, müsibətlərə, imtahanlara və insanların haqsız qınaqlarına dözüm və səbirlə möhkəm duruş sərgiləməyimizi istəmişdir.

Daha sonra məsuliyyət şüuru vurğulanır, nə etsən, hansı sahədə çalışsan və nə işlə məşğul olsan da, daim ilahi nəzarət altında olduğunu, səni görən, səndən xəbərdar olan bir Rəbbinin olduğunu unutmadan yaşamaq hissi aşılanmaqdadır. Uca Allah üçün ən dəyərli olan şəxs öz məsuliyyətini dərk edən, şüurlu, ağıllı, ilahi əmr və qadağalara həssaslıqla yanaşan  insandır. Belə insanı Allah sevdiyi kimi, insanlar da sevib təqdir edərlər. Belə bir şəxs təkcə ibadət vəzifələrini yerinə yetirərkən deyil, bütün işlərində dürüst, ədəbli, nəzakətli və məsuliyyətli olmağa çalışar. Bu ayənin bizə öyrətdiklərini bu şəkildə anlamalıyıq. Hansı sahənin insanı olursan ol, dürüst ol! İstər müəllim ol, istər çoban ol, istər həkim ol, istər vəkil ol, istər siyasətçi ol, istər din xadimi ol… İstər məmur ol, istər fəhlə ol, istər ata ol, istər ana ol, istər övlad ol, kim olursansa ol, amma dürüst, əxlaqlı və insaflı ol! İnsanlara faydalı ol! Öz işini məsuliyyətlə yerinə yetir! Qazancına haram qatma! Qul haqqına və harama bulaşma! Oğurlama, rüşvət alıb-vermə! Yalan danışma, dedi-qodu etmə, işini başdansovdu etmə! Heç kimə ziyan vermə, insanlara ancaq xeyrin dəysin!..

Ticarətlə məşğul olan birisənsə, Uca Allahın haram etdiyi məhsulları satma, tərəzidə, ölçüdə aldatma, yalan danışma, malın eybini, qüsurunu gizlətmə, haqsız rəqabət etmə, monopoliya yaratma, işçilərinin haqqını yemə, vaxtlı-vaxtında onların maaşlarını ver, faizə-kreditə bulaşma, borcunu vaxtında qaytar! Üç-beş manatlıq dünya malı üçün şərəfini və izzətini zədələmə! Digər ticarətçi yoldaşlarını da düşün, onları zərərə salma!..

Bundan əlavə, ayeyi-kərimə bizə həyatımızın hər sahəsində müqəddəs kitabımıza bağlı qalmağı, insanların nə deyəcəyinə fikir verməməyi, nəfsimizin arzu və istəklərinə tabe olmamağı təlqin etməkdədir. İstər bir işlə bağlı olsun, istər bir vəzifə olsun, nə olursa olsun, bizə olunan təkliflərdə əvvəlcə kitabımızda qeyd olunan halal-haram hüdudlarına uyğundurmu, insanların haqq və hüquqlarına riayət edə biləcəyəmmi, bu qazancım halal sayılırmı və sonda ibadət vəzifələrimi axsatmayacağam ki, bu kimi məqamları göz önündə tutmalıyıq.

Ayeyi-kərimənin bizə öyrətdiyi digər həqiqət isə ədalətli olmaqdır. Ədalətli olmaq, adil davranmaq əsasən rəhbər vəzifələrdə olan şəxslərə aid olsa da, əslində, hər bir fərdə şamil olunan bir xüsusdur. Rəhbər idarə etdiyi rəiyyətinə, işçilərinə qarşı ədalətli olmalıdırsa, xalq olaraq biz də öz aramızdakı münasibətlərdə, ailə-məişət zəminində ədalət prinsipindən ayrılmamalıyıq. Hər kəs özünə qarşı necə ədalət gözləyirsə, özü də digərlərinə qarşı o şəkildə ədalətli olmalıdır. Müsəlman toplumların geriləməsinin bir çox səbəbi ola bilər, amma ən başlıca səbəb məhz ədalət prinsipinə riayət etməməyimiz olmuşdur. Bu gün də, çox təəssüf hissi ilə şahidi oluruq ki, bəzi İslam ölkələrində müsəlmanlar ədalət və haqq-hüquq üçün qeyri-müsəlman ölkələrə üz tuturlar. Bu da onu göstərir ki, müqəddəs kitabımızda əmr olunan ədalət prinsipinə tam mənası ilə riayət olunmamaqdadır.

Bəli, bu və buna bənzər ayələr biz möminlərə Uca Allaha, Onun əmrlərinə və qadağalarına qarşı daha həssas olmağı, ibadət həyatında olduğu kimi, iş həyatında da, insanlarla münasibətdə də daha məsuliyyətlə davranmağı təlqin etməkdədir.

 

                                                                          

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz