Allah onlardan, onlar da Allahdan razı

Allah onlardan, onlar da Allahdan razı

Uca dinimiz İslam Allah-Təalanın qullarına göndərdiyi son və mükəmməl dindir. İslam onun əmr və qadağalarını həyatmıza tətbiq etmək üçün göndərilmişdir.

Bu baxımdan hər müsəlman İslamı düzgün başa düşməli və ilahi rizanı qazana biləcək şəkildə düzgün tətbiq etməlidir. İslamı düzgün başa düşmək və tam olaraq yaşamaq üçün Peyğəmbərimizin (s.ə.s) və Onun şərəfli əshabının həyatlarını öyrənərək onların İslamı necə yaşadıqlarını bilmək lazımdır. Çünki Allah Rəsulunun (s.ə.s) və onun səhabələrinin həyatı bütün müsəlmanlar üçün nümunədir.

Uca Allahın Qurani-Kərimdə mədh etdiyi, Rəsulullahın (s.ə.s) təriflədiyi səhabələrin həyatı tamamilə iman, ibadət, əxlaq və fəzilət mənbəyidir. Tarix boyu İslam mücahidləri, İslama könül verən, İslamı tam mənasıyla yaşamaq istəyən hər bir müsəlman onların həyatını nümunə götürmüşdür.

Allah-Təala bəhs etdiyim bu nəsli Qurani-Kərimdə bizə bu cür təqdim edir:

“Muhamməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir”. (əl-Fəth, 29)

Başqa bir ayədə isə Uca Allah onlar haqqında belə buyurur:

“(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdır. (Allah) onlar üçün əbədi  qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! (ət-Tövbə, 100)

Peyğəmbərimiz (s.ə.s) də bir hədisi-şərifində səhabələrdən olan ənsar haqqında belə buyurmuşdur:

“Onları ancaq mömin olan kimsələr sevər. Onlara ancaq münafiq olanlar düşmənçilik edər. Kim onları sevərsə, Allah da o kimsəni sevər. Kim onlara nifrət edərsə, Allah da onlara nifrət edər”.  (Buxari, Müslim, Muxtarul-əhadis s. 194)

Uca Allahın və Rəsulullahın (s.ə.s) mədh etdiyi səhabələr Allahın rizasını qazanmaq üçün, Allahın dinini yaşamaq və təbliğ etmək üçün canlarını və mallarını qurban vermişlər. Onlar bu yolda çox işgəncələr çəkmiş, ac qalmış, susuz qalmışlar. Onların bütün həyatı tamamilə İslamı təbliğ etməklə keçmişdir. Onlar dünya zövqlərini unutmuş, öz rahatlıqlarını tərk etmişdilər. İslam uğrunda evlərini, mallarını və yurdlarını tərk edib hicrət etmişdilər. Nəticədə, onların bu fədakarlıqları  ilə  İslam bütün Ərəbistan yarımadasına və sonrasında da dünyaya yayılaraq güc və qüvvət qazanmışdır. 

Səhabələrin həyatını öyrəndikdən, onların Rəsulullaha bağlılıqlarını gördükdən sonra, bu gün biz müsəlmanlar  İslamı neçə faiz yaşayırıq, İslam uğrunda nəyi fəda edirik və nəyi fəda etməyə hazırıq deyə düşünməliyik. Biz də onlar kimi Allahın dinini yaşatmaq və təbliğ etmək üçün canımızı və malımızı fəda etməyə hazırıqmı? Bu yolda onlar kimi ac, susuz qalmağa, hər cür işgəncəyə tab gətirməyə,  Allahın rizasını insanların rizasından üstün tutmağa  hazırıqmı? Hz. Əbu Bəkr kimi, din üçün, İslamın müdafiəsi üçün bütün var-dövlətimizi İslama bağışlamağa razıyıqmı? Hz. Həbbab bin Ərət kimi, müşriklərin verdiyi işgəncələrə, qızğın közün üzərində çılpaq bədənlə yatmağa dözəcək qədər imanımız varmı? Hz. Ömər kimi, “Mən səni öz nəfsimdən də çox sevirəm, ya Rəsulallah!” deyə biləcək qədər Peyğəmbər sevgimiz varmı? “Atam-anam sənə fəda  olsun, ya Rəsulallah!” deyən səhabələr qədər fədakarıqmı?

Elə isə, gəlin, Allah Rəsulunun (s.ə.s) və onun şanlı səhabələrinin həyatlarını yaxşı öyrənək. Onların Allahın dinini yaymaq üçün çəkdikləri əzab və işgəncələrdən ibrət alaq. Onların Allaha və Rəsulullaha (s.ə.s) bağlılıqlarını özümüzə nümunə götürək. Onlar Allahı görürmüş kimi bir vəcd içində, hər bir işləri Allah üçün olan bir həyat yaşayırdılar, ixlasla, təslimiyyətlə, səmimiyyətlə!..

Abdullah ibn Ömərin (r.a.) bu sözləri, düşünürəm ki, mövzunu xülasə edəcək ən gözəl dəyərləndirmələrdəndir:

 “Onlar Muhammədin (s.ə.s) səhabələridir. Müəzzəm Kəbənin Rəbbi olan Allaha and içirəm ki, onlar doğru yoldadırlar. Bunun üçün yolunuzu və əxlaqınızı onların yoluna və əxlaqına bənzədin!” (Hilyətül-evliya, Əbu Nuaym İsfahani, c. 1 s. 3005.)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz