Mexaniki xahişlər (hekayə)

Mexaniki xahişlər (hekayə)

Alpay Azər

“Fraqmentlər” silsiləsindən

Kafedradan çıxanda Cəmilə müəllimlə rastlaşdım,  qarşılıqlı “salam”lar, “nə var, nə yox?”lardan sonra bibimi soruşdu. Dedim, şükür, yaxşıdı, mexaniki mən də anasının kefini-halını soruşdum, o da yaxşı idi. “Bibinə deyərsən, anam salam göndərir ona”, – sağollaşana yaxın dedi. “Oldu, mütləq çatdıraram”.

Anasıyla böyük bibim bir vaxtlar Naxçıvanda eyni məktəbdə riyaziyyatdan dərs deyiblər. Sonra hər ikisi eyni ildə təqaüdə çıxıb Bakıda yaşayan oğlanlarının yanına köçüb. Cəmilə müəllimin dediyinə görə, məktəbdə araları çox yaxşı olub. Bibimlə onun anasının tanış olmaları iki il əvvəl kafedradakı söhbət zamanı məlum olmuşdu. O söhbətdən bir neçə gün sonra Cəmilə məni görəndə, anasının bibimə salamını çatdırmağımı xahiş etmişdi. Mən də bunu bibimə çatdırmışdım, iş yoldaşımın anası haqqında xoş sözlər (“İyirmi ildə bir dəfə olsun aramızda söz-söhbət olmadı”, “Çox mədəni, qanacaqlı müəllimə olub”) deyən bibim təbəssümlə “Mənim də salamımı ona çatdırarsan” demişdi.

Həmin gün axşama qədər sayca ikinci olan xahiş bir neçə dəfə yadıma düşdü. Əslində, bunu bibimə votsapla çatdırmaq problem deyildi...

Ertəsi gün universitetdə Cəmilə müəllimlə rastlaşanda, bəxtimdən “Anamın salamını çatdırdın?” sualını vermədi. Versəydi, mexaniki “Bibim də anana salam göndərir” deyəcəkdim.

O biri gün fikirləşdim, Cəmilənin anasının salamını bibimə çatdırmasam və ya bibim o salamı almasa, heç kim heç nə itirməyəcək. Birinin başqasına salam göndərməsi əksər hallarda spontan-mexaniki baş verir, yəni bu, ürəkdən gəlmir, bəzi tanışların küçədə təsadüfən görüşüb söhbət edəndən, ayrılandan sonra “Mütləq əlaqədə olarıq”, “Mütləq vaxt tapıb görüşərik” dedikləri kimi. Salam göndərmə yenə şükürlüsüdür, ən əttökəni “Mənim əvəzimdən uşağın üzündən öpərsən” ismarışıdır. İnsan heç vaxt başqasının vasitəsilə hansısa uşağın üzündən (yanaqlar üstəlik, toppuş ola) öpməklə sevinc, fərəh hissi keçirə bilməz. Görünür, insanlar ən azından, şüuraltı səviyyədə bu xahişin saxtalığını hiss etdiklərindən, evə qayıdanda, elə yoldaca öz uşaqlarının, ya nəvələrinin üzündən öpmək xahişini unudurlar.

Üçüncü gün fikirləşdim, bəlkə, əksinə, bibimə çatdıracağım “salam” cüzi də olsa, onu sevindirəcək, ya kefini açacaq, amma yenə ərincəkliyim üç-dörd sözlük cümləni deməyə imkan vermədi. Dördüncü və beşinci gün bu məsələ ümumiyyətlə yadıma düşmədi. Altıncı gün ehtimal etdim, Cəmilə öz xahişini unutmuş olar.

Doxsanlarda tarix fənnindən repetitor kimi BDU-ya qəbul olunmağımda böyük zəhməti olmuş Sabir müəllim bu yaxınlarda, dəqiq desəm, otuz il sonra yadıma düşmüşdü. Bir günün içində tanışım vasitəsilə mobil nömrəsini tapmışdım. Bir aydan çox idi, “Bu gün zəng edərəm, sabah zəng edərəm” deyə-deyə, ərincəkliyimdən Sabir müəllimin adını belə telefonumun kontaktlar siyahısında qeyd etmirdim. Həftədə iki dəfə, nömrəsi telefonumun arxivində itib-batmasın deyə, basırdım, zəng çatmamış qırmızı düyməni vururdum. Sabir müəllimə qarşı nankorluq etməyimə görə özümü söyməyimin fonunda, Cəmilənin anasının salamını bibimə çatdırmamağımı hörmətsizlik, etinasızlıq saymırdım.

Növbəti həftənin birinci günü qərara gəldim ki, salamı çatdırmayacağam. Və özümə sual verdim: “Əgər Cəmilənin anası doğrudan salam göndərmək niyyətində olubsa, niyə indiyədək qızı vasitəsilə məndən bibimin telefon nömrəsini istəməyib?” Ya ola bilsin, hərəsi “Görək kim birinci mənimlə maraqlanacaq, kim birinci zəng edəcək?” gözləmə rejimindəydi, ya da ərincəkliklərindən illərlə ünsiyyətdən qaçırdılar. Heç bibim də onun anasının telefonunu istəməmişdi. Onu deyim, hardasa üç-dörd ay olardı, heç özüm də bibimi nə görmüşdüm, nə də telefonla danışmışdım; eləcə feysbuk, votsap statuslarından bilirdim ki, salamatçılıqdı.

Yeni həftənin ikinci günü Cəmiləylə dəhlizdə rastlaşdım. Söhbətə ümumi girişdən sonra gülə-gülə soruşdu: “Anamın salamını çatdırdın?” Fəhmən bu sualı eşidəcəyimi hiss etdiyimdən, özümü itirmədən sifətimdə “həqiqətən elə olub” ifadəsiylə dedim: “Hə, elə həmin gün çatdırdım. Çox sevindi, o da anana salam göndərir”. – “Salam göndərən sağ olsun. Mütləq çatdıraram”. “Vallah, sən də elə mənim kimi mütləq çatdırmayacaqsan”, – ürəyimdə dedim.

Zərrə qədər peşmançılıq hissi çəkmədən həmkarımla sağollaşdım. Məncə, bir həftə əvvəl Cəmilə mənə “Anamın adından bibinə salam deyərsən” deyəndə, salamı çatdırmayacağımı bilirdi; 99,9 faiz əminiydim ki, anası qızına belə bir şey deməyib. Məndəki bu əminlik hardandı? Məsələ burasındadır ki, keçən həftənin ikinci günü dərs dediyim universitetdə, ümumiyyətlə, mühazirəm, seminarım yox idi, həmin gün kafedra iclasının bir sənədini imzalamaq üçün ora getmişdim və Cəmilə təsadüfən qarşıma çıxmışdı. Mənimlə söhbət edəndə, görünür, bibim yadına düşmüşdü və həmin anda könlündən salam göndərmək keçmişdi.

Nəhayət, dizindən əməliyyat olunmuş anamı görmək üçün dünən bizə gələndə, söhbətarası bibimə dedim: “Cəmilə hər dəfə məni görəndə anasından sənə salam göndərir”, “hər dəfə” sözü ağzımdan mexaniki çıxdı. “Sən də həmişə məndən ona salam de”, – bibim dedi, tez də üzünü anama tərəf çevirib soruşdu: “Səbiş, səndə aperasiya yerli keyitməylə oldu, yoxsa narkoz verdilər?..”

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz