Mağaradan çıxmaq
Baxmaq, anlamaq, gördüyünü dərk edə bilmək. Jose Saramoqonun “Korluq” kitabında dediyi kimi, baxa bilirsənsə, gör; görə bilirsənsə, anla. Ətrafda hər gün yüzlərlə hadisə ilə qarşılaşırıq. Yeni dünyada işıq sürəti ilə irəliləyən sosial media bizi sanki bilgi atəşinə tutub. Hər gün yeni xəbərlər, məlumatlar bizi əhatəsinə alır. Bir çoxumuz bu məlumatları sorğulamadan, haradan gəldiyini və kimin dediyini araşdırmadan qəbul edirik. Bəzilərimiz də rol modellərimizi, idealımızı oradan müəyyənləşdirir və qəbul edirik. Hətta doğru və ya yanlış, faydalı və ya zərərli olduğunu araşdırmadan qəbul edirik. Halbuki doğru bildiyimiz yanlışlar da var, yanlış bildiyimiz doğrular da. Təəssüf ki, müasir dünyamızda elmlə məşğul olanlara, insanları faydalı məlumatla aydınladanlara dəyər verilmir. Sənət, ədəbiyyat, təhsil, ailə dəyərləri, mədəniyyət kimi dəyərlərin yerini anlıq həzlər alır. İnsanlar hedonist olaraq yetişir.
Belə insanlar həyatı ümumilikdə həzz əsasında qurar, həyatın digər elementlərindən vaz keçərlər. Bir sözlə, bütün həyatı mağarada qalmaqla keçirərlər. Çünki bilikləri, düşüncələri mağaranın içindən çıxa bilmir və ancaq öz doğru bildiklərini yaşayırlar.
Mağaranın içindən çıxmaq! Bu, nəyi ifadə edir?! Mağaralar tarixdə bəzən sığınacaq yeri, bəzən paklanma yeri, bəzən dəfn yeri, bəzən də yeni bir həyatın başlanğıc yeri olmuşdur. Buna misal olaraq Hz. Peyğəmbərimizin (s.ə.s) risalətinin başlanğıcı olan Hira mağarasını göstərmək olar. Mövzunu çox uzatmadan məsələnin əsas mahiyyətinə keçək. Keçək Platonun Mağara alleqoriyasına. Mağara bənzətməsi bizə nəyi anladır? Burada mağaraya zəncirlənmiş üç adamdan bəhs edilir. Bu insanlar yalnız qarşılarındakı divarı və bir-birilərini görə bilirlər. Daimi bu halda olan bu üç nəfər divara mağara xaricindən sirayət edən kölgələri və əks-səda verən səsləri eşidirlər.
Platon bu hekayəsində maraqlı bir yola əl atır. Zəncirə vurulmuş üç nəfərdən biri zəncirdən xilas olur və mağaranın çölünə doğru hərəkət edir. Güclü işıq səbəbindən bir müddət gözləri ağrıyır. Əsl həqiqət bundan sonra meydana çıxır. Ömrü boyu gördüyi şeyin əslində yalan olduğunu, bunun sadəcə arxadakı atəşin kölgələri olduğunu anlayır. Bu hekayəni oxuyarkən özümüzə bir sual verək. Əgər biz o şəxsin yerində olsaydıq, geriyə dönüb o şəxslərə əslində həqiqətin başqa cür olduğunu deyərdik, yoxsa onları olduqları kimi buraxardıq? Zəncirdən qurtulan şəxs bütün həqiqətləri qavradıqdan sonra geri dönüb onlara bu hadisəni anlatdığı zaman onlar onu dəli, geridəqalmış cahil adlandırırlar. Hətta ona zərər yetirmək istəyirlər. Eyni hekayəni biz günümüzdə real həyatın hər sahəsində görürük. Toplumda doğru danışan şəxs qınanır, dəyərsizləşdirilir. Cəmiyyətdə ön planda olan insanlara həqiqət, doğru şeylər lazım deyil. Onları yemək, içmək, əylənmək, qısa müddətli zövqlər maraqlandırır. O kəslərə elmdən, kitabdan danışanda sənə geridəqalmış kimi baxırlar. Çünki onlara 300 səhifəlik bir kitabdansa 3 dəqiqəlik süni sevgi mahnıları bəs edir ki, özünü xoşbəxt hesab etsin. Həmin şəxslərə filmlərdəki yalançı obrazlar daha çox təsir edir. Çox az qismi təhsilli, intellektual insanları dəstəkləyir, onların dediklərini mənimsəyir. Joseph Stiglitzin “mən kapitalizməm” yazısında dediyi kimi... Mən kapitalizməm... Ortalama bir insanın 6 saat televiziya verilişlərini izlədiyi, kitab oxumadığı, teatr və kinoya çox az getdiyi bir toplumda nüfuzdan düşmək kimi bir qorxum yoxdur...
Sürü psixologosiyası ilə hərəkət edən insanlar üçün bu hekayə bu düşüncədən qurtulmaq üçün bir stimul ola bilər. Ümumiyyətlə, insanlar alışqanlıqlarına bağlı varlıqlardır. Doğulduqları məkandan, ətrafındakı insanlardan, doğru olsun-olmasın, bir çox məlumatları əldə edirlər. Bir sözlə, onları təqlid edirlər. Bu düşüncədən qurtulmaq üçün komfort dairəmizdən çıxmalıyıq. Bizə təqdim olunan hər bir şeyi sorğulamaqdan çəkinməməliyik. Kor-koranə heç bir şeyi qəbul etməməliyik. Bunun üçün bizə təhsil, oxumaq, oxuduqlarımızı araşdırmaq və sorğulamaq gərəkdir. Özümüzə inanmaq, dəyişməyə inanmaq, inkişafa inanmaq, toplumdakı əyrilikləri düzəltməyə inanmaq lazımdır. “Camaat belə edir, qoy mən də eynisini edim” demək bizi geriyə - cəhalətə sürükləməkdən başqa heç nəyə yaramaz. Mağaradan çıxmaq lazımıdır - içimizdəki mağaradan. Yoxsa ömür boyu biz də o zəncirə bağlı qalmağa məhkum olarıq. Hekayəni simvolik olaraq ifadə etsək, mağara bizim dünyamızdır. Mağaranın çölü, Platonun dili ilə desək, ideyalar dünyası, yəni gerçək dünyadır. Zəncirlərə bağlanmış insanlar həyatı sorğulamadan yaşayan insanlar; kölgələr o insanlara anladılan yalanlar; zəncirlərdən qurtulan insan isə həyatı sorğulayan, ona verilən hər şeyi araşdırıb ondan sonra qəbul edəndir. Mağaraya geri dönmək bizim toplumdakı məsuliyyətimizi göstərir. Biz qurtulduqsa, başqası da qurtulsun düşüncəsində olmaq lazımdır.
Toplumda mağaradan qurtarılacaq insanlar çoxdur. Bu isə ancaq təhsil, maariflənmək, həyatı sorğulamaq, cahil adətlərdən uzaqlaşmaq və öz dəyərlərimizə sahib olmaqla mümkündür.
ŞƏRHLƏR