Rəsulullah sevgisi

Rəsulullah sevgisi

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “İman edib saleh əməllər işləyənlərə gəlincə, onlar üçün çox mərhəmətli olan Allah (könüllərdə) bir sevgi yaradacaqdır!” (Məryəm, 96)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Müasir Türkiyəmizin istiqlal marşını yazan Məhməd Akif Ərsoy əfəndi həyatının son zamanlarını İslam ölkələrini gəzməklə keçirirdi. Varlığını bürüyən kədəri və qəm nişanələrini dağıtmaq və Rəsulullaha (s.ə.s) duyduğu sevgi və məhəbbət hisslərini diri tutmaq naminə o mübarək ərazilərdə, xüsusən də Məkkə və Mədinədə dolaşaraq ümmətin dərdi ilə dərdlənməkdə, onlara yardım eşqi ilə alışıb yanmaqda idi. Burada müşahidə etdiyi olduqca maraqlı hadisələrə də şahid olmuşdu. Bunlardan birini sevənləri ilə bu şəkildə bölüşmüşdü: “Mədinədə Rövzeyi-Tahirənin  yanında durmuşdum. Birdən-birə könüllərə lərzə salacaq bir səs yüksəldi: “Ya Nəbi! Eşqinlə qovrulan bu hüznlü halıma bax mənim!” Sağıma döndüyüm zaman Rəsulullahın (s.ə.s) məqamında barmaqlıqlara sarılmış sudanlı bir nəfəri gördüm. Varlığı dünyadan kəsilmiş bu adam Rəsulullah (s.ə.s) əfəndimizə bunları söyləyirdi: “Necə ki Günəş səhraya şüalarını əks etdirdiyi zaman onun bağrı yanar, mən də Sənin hicranınla illərlə yandıqca yandım, ya Rəsulallah (s.ə.s)! İllərlə arzu etdiyim halda pak olan Hərəminə gəlib başımı o mübarək ayaqlarının ucuna qoymağı düşündüyüm halda məmləkətimdəki işlərim, ailə problemlərim qarşıma çıxdı və bu ziyarətimi gecikdirdi. Nəhayət, hamısından sıyrıldım, çevrəmi tərk etdim və Sudandan ayrıldım. Tihamə çölü kimi (Tihamə ovalığı Ərəbistan yarımadasının Qırmızı dənizin suları ilə yuyulan sahil xətlərində qərar tutan, Yəməndə Bab-əl-Məndəb körfəzindən başlayaraq şimala doğru, Əqəbə körfəzinə kimi təxminən 1600 km uzanan coğrafi məkandır) daha üç çölü Sənin eşqinlə qət elədim. Məni Sənə yaxınlaşdıran o çöllərdə irəliləyərkən Sənin mübarək ətrini hiss elədim. Əgər sənin o ətrin imdadıma yetişməsəydi, mən bu yolu qət edə bilməzdim, ya Rəsulallah (s.ə.s)!” Sudanlı aşiq dəmir barmaqlıqlara söykənərək könül həyəcanını Rəsulullah (s.ə.s) əfəndimizə ərz etməyə davam edirdi: “Əlli üç yaşına qədər Sənin hicranının əzabını sinəmdə daşıdım. İndi yanına gəldiyim zaman məni Səndən ayıran bu dəmir qəfəs də nədir, ya Rəsulallah (s.ə.s)?! Səninlə vüsalımız (qovuşmamız) nə zaman olacaq, ya Rəsulallah (s.ə.s)?! Tihamə çölünü əziyyətinə rəğmən qət etdim, Sənin eşqindən gözlərimə yuxu getmədi! Əgər arzu edərsənsə ulduzlardan soruş, Ya Rəsulallah (s.ə.s)! Ulduzlardan soruş ki, bu üç aylıq səfər müddətində bu acizin gözləri heç bir dəfə qapandımı? Qapanmadı, yatmadı, deyəcəklər, ya Rəsulallah (s.ə.s)! Dağlarla, daşlarla bütün məxluqat ilə münasibət və məhəbbət etdim, ya Rəsulallah (s.ə.s)! Dərdimi gecələrə ərz etdim, gecələrə eşqimi anlatdım, dağları cuşə gətirərək eşqimin rənginə boyadım, ya Rəsulallah (s.ə.s)! Nəhayət, hüzuruna gəldim, ya Rəsulallah (s.ə.s)!..”

Sudanlının fəryadı Məhməd Akifi olduqca təsirləndirmişdi. Rəsulullahın (s.ə.s) hüzuruna yaxınlaşaraq Ona olan dolğun bir eşqin necə yaşandığını müşahidə etməyə başlamışdı. Rəsulullah (s.ə.s) əfəndimizin qəbrinin barmaqlıqlarına tutunan aşiq son sözlərini söyləməyə başlayarkən səsi qısılmışdı. Qısa bir fasilədən sonra belə buyurdu: “Bu qədər məsafəni qət edib (ən aşağı hesablamalara görə sudanlı gənc piyada olaraq ağır səhra şəraitində 3000 km qədər yol qət etmişdir) hüzuruna gəldim. Eşqindən dəli-divanə olan bu xəstə könlümü bir daha yaxınlığından ayırma, ya Rəsulallah (s.ə.s)! Dözümüm qalmadı artıq!” Sonra bir “ah” fəryadı duyuldu. Hüzuri-şərifin barmaqlıqlarının dibinə yıxılıb qaldı. Sudanlının göz qapaqları sevgili Rəsulunun (s.ə.s) məscidində yavaş-yavaş qapanırdı. Bir az sonra iki yuyucu və iki daşıyıcı gəldi. Aşiqi yuyaraq Cənnətül-Baqiyə doğru yönəldilər. Götürülən fani bədəni idi, lakin ruhu böyük ehtimalla o mübarək qəbri-şərifin barmaqlıqlarına taxılıb qalmışdı. Rəsulullaha (s.ə.s) ürəkdən aşiq olan bu gənc: “Bu dərdindən yanan könlümü hüzuri-pakından ayırma, ya Rəsulallah (s.ə.s)!” - deyirdi! Məhməd Akifin könül aləmi bu məhəbbət sevdasının hərarətindən Rəsulullahın (s.ə.s) feyzi ilə qaynamağa başladı və sinəsində fışqıran hicran təcəlliləri dilindən yanıq eşq tərənnümləri olaraq  yağmağa başladı:

Necə ki, bağrı yanar gün qızınca səhranın,

Mənim də ruhumu yaxdıqca yaxdı hicranın.

Kəmiklərim belə yanmışdı, bəlkə, səhrada,

Yetişməsəydin əgər, ya Muhamməd imdada!

Əsərdi qumda üzərkən sərin-sərin nəfəsin,

Axar sular kimi çağlardı hər tərəfdə səsin.

İradəm olduğu gündür, Sənin iradənə ram,

Bir an üçün mənə yollarda durmaq oldu haram.

Əzabi-hicrinə qatlandım əlli üç sənədir,

Sonunda alnıma çarpan bu zalım örtü nədir?!

Dəmir niqabını qaldır, məzari-pakindən,

Bu xəstə ruhumu artıq ayırma xakindən.

Nədir o məşələ? Nurunmu, Ya Rəsulallah!!!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz