İman və İnanmaq insana nə qazandırır?
İnanma ehtiyacı insanın dünyaya göz açdığı gündən başlayır. Ana bətnində tam təhlükəsizliyinə əmin olan körpə dünyaya göz açdığı andan etibarən ciyərlərinə dolan oksigenin ilk sancıları ilə təşviş içərisində ağlamağa başlayır. İlk anlardan ağrılı təcrübələrin yaşandığı dünyada bu ağrı və acını azaldacaq birilərinə ehtiyac duyur. Qarnı acdığı zaman qarnını doyuracaq, onun qayğısına qalacaq və onu ətrafdakı bütün təhlükələrdən qoruyacaq birinə inanmağa başlayır. İlk inandığı insan da anası, atası və ya ona qayğı göstərən insanlar olur. İnanma ehtiyacı insanı həyata bağlayan ilk duyğu olaraq qarşımıza çıxır. İnandığı insanların əhatəsində olan fərd üzləşəcəyi təhlükələrdən qorxmur və onda özgüvən hissi daha yaxşı formalaşır. İnsan inandığı insana daha tez bağlanır, ona dəyər verir, onun varlığı ilə özündə əlavə güc tapır. Bu xüsusiyyətlərə sahib olan insanların dini inancları da möhkəm və sarsılmaz olur. Müsbət ailədaxili tərbiyə ilə təlqin edilən dini inanc müsbət xarakterli və inandığı insanların fonunda daha müsbət mənəvi inkişafa səbəb olur.
Bütün bunlarla birlikdə inanc geni beyində xoşbəxtlik hormonunu hərəkətə gətirir. Endorfin, dopamin və oksitosin hormonları kimi insan həyatında vacib hormonlar inanclı insanlarda daha çox ifraz olunur. Aparılan elmi tədqiqatlar da bunu deməyə əsas verir ki, inanclı insanlar inancsız insanlardan daha xoşbəxt olduqlarını ifadə edirlər. Belə ki, inancsız insanlar sadəcə anlıq zövqlərin ardınca düşərək xoşbəxtliyi əldə etməyə çalışdıqları halda, inanclı insanlar inanclarının onlara qazandırdığı mənəvi hüzur və dincliklə daha uzunmüddətli xoşbəxtliyi hiss edə bilirlər. Anlıq zövqlər qısa müddətli həzz vasitəsi ilə illuziyalı xoşbəxtlik hiss etdirsə belə, insana mənəvi hüzuru qazandıra bilmir. Xoşbəxtlik anlıq, hüzur isə insanın özünü təbiətlə birlikdə hiss etdiyi zaman baş verən bir duyğudur. Bunu da insan sadəcə dini inancları vasitəsilə əldə edə bilir.
İman etmək yalnızlıq duyğusunu azaldır.
İman edib inanan insan heç bir zaman özünü tənha hiss etmir. Ən çətin anlarında belə yanında olan Rəbbinə güvənir və qarşılaşdığı problemlərin öhdəsindən rahatlıqla gələ bilir. İnanc duyğusuna sahib olmayan fərdlərdə isə depressiya halları daha çox müşahidə edilir. İnsan inanmadığı zaman yalnızlaşır, yalnızlaşdığı zaman da fərqli mənəvi xüsranlara mübtəla olur. Materialist düşüncənin Hedonizim (həzçilik), Eqosentrizm (öz maraqlarını düşünmək) kimi cərəyanların əxlaqi porblemləri insanları xoşbəxt edə bilmir. Sadəcə həzz üzərində qurulan həyat fəlsəfəsi yalnızlığa, yalnızlıq da bədbəxtliyə səbəb olur. Materializm daha çox sürətli zövqləri ortaya çıxardır, səmavi dinlər isə daha çox mənəvi zövqləri insanlara təlqin edir. Bu baxımdan insanların zövq anlayışı da fərqlidir. Ailəsi olmayan bir fərdin zövqü gecə klublarında axtarması mümkündür. Və ya uşaq dünya gətirməyi özü üçün uyğun görməyən biri itlərlə vaxt keçirməyi daha çox sevə bilər. İnsan zövqləri qısa müddətlik deyil, orta və uzun müddətli düşünməlidir. Konkret şeylərdən çox mücərrəd şeylərdən xoşbəxt olmaq və eyni zamanda kiçik şeylərdən xoşbəxt olmağı bacarmaq iman duyğusunun insana qazandırdığı keyfiyyətlərdir.
İman yaşama hissini gücləndirir.
İnanan insan konkret bir məqsədə sahib olur. Hardan gəldiyini, harada olduğunu və hara gedəcəyini bilir. Bu məqsədli yaşam tərzi onun yaşadığı həyat boyunca faydalılıq əmsalını yüksəldir. Dininin onun qarşısına qoyduğu fərdi və sosial məsuliyyətlər onun yaşama hissini gücləndirir və həyatını nizama salır.
İman başqalarına qarşı şəfqət və mərhəmət hissini artırır.
İnanan insan yaradılanı Yaradan üçün sevmək şüuruna sahib olur. Bu müsbət xarakter onun bütün canlılara qarşı şəfqət və mərhəmətli davranmasına səbəb olur. Onu da qeyd etməliyik ki, insanda yaradılış etibarı ilə bir bağlanma arzusu var. Kiçik yaşlarında anasına, daha sonra dostlarına, ailəsinə, pula, vətənə, məqsədə və Yaradana və s. bağlanma. Məhz ona görə də insan sosial varlıq qəbul edilir. Tək yaşaması mümkün olmadığı üçün davamlı olaraq başqalarının varlığına ehtiyac duyur.
İman həyata məna qatır.
Yaradana inanaraq yaşamaq həyatı mənalandırır. İnanan insan bu dünyaya təsadüfi gəlmədiyini anlayır və öz məsuliyyətlərini dərk edir. İnsan olaraq yaradılmağın aliliyi ona əlavə vəzifələr yükləyir. O insan olaraq üzərinə düşən hər bir vəzifəsini layiqincə yerinə yetirdiyi zaman ölümlü dünyanın qorxularından sıyrılaraq ölümsüz dünyanın sevincinə fokuslanır. Modern psixologiya da insanı spiritual (mənəvi) varlıq olaraq qiymətləndirir. Çünki imanın insana qazandırdığı sonsuzluq hissi insan psixologiyasına daha uyğundur.
ŞƏRHLƏR