Bir Ayə

Bir Ayə

بسم الله الرحمن الرحيم

وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَن ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا ﴿٢٨

“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et!  Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!” (Kəhf, 18/28)

Təfsir mənbələrində qeyd olunduğuna görə, bu ayə Qüreyş qəbiləsinin başçıları haqqında nazil olmuşdur. Belə ki, onlar Həzrət Peyğəmbərdən (s.ə.s) kasıb və aciz səhabələri ilə deyil, yalnız özləri ilə oturmasını tələb etmişdilər. Allah-Təala Öz Peyğəmbərinə (s.ə.s) bunu qadağan etmiş və: “Səhər-axşam Rəbbinə, Onun rizasını diləyərək dua edənlərlə birlikdə (çətinliklərə qarşı) özünü səbirli apar!” - buyurmuşdur.

Səd ibn Əbu Vəqqasdan nəql edilən bir rəvayətə görə, o, belə demişdir: “Biz altı nəfər Rəsulullah (s.ə.s) ilə bərabər oturmuşduq. Müşriklər Həzrət Peyğəmbərə (s.ə.s): “Onları yanından qov! Onlar bizimlə birlikdə oturmağa cürət edə bilməzlər”, - dedilər”. Orada mən, İbn Məsud, Hüzeyl qəbiləsindən olan bir nəfər, Bilal və adını unutduğum iki nəfər var idi. Rəsulullahın (s.ə.s) ürəyindən Allahın dilədikləri keçirdi. Buna görə də Həzrət Peyğəmbər (s.ə.s) təkbaşına qaldığı zaman Allah-Təala “Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma!” (Ənam, 6/52) ayəsini nazil etdi” (Müslim, “Fəzail”, 5).

Ənəs ibn Malikdən nəql edilən rəvayət görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Yalnız Uca Allahın rizasını istəyərək Onu zikr etmək üçün bir yerə yığışan elə bir topluluq yoxdur ki, göydən onlara belə bir nida gəlməsin: “Bağışlanmış olaraq qalxın! Həqiqətən, sizin pis əməlləriniz yaxşı əməllərinizlə dəyişdirilmişdir”.( Əhməd ibn Hənbəl, “Müsnəd”, XIX, 437) Təbərani isə Əbdürrəhmən ibn Səhl ibn Hənifdən belə dediyini nəql etmişdir: “Rəsulullah (s.ə.s) evində ikən “Səhər-axşam Rəbbinə, Onun rizasını diləyərək dua edənlərlə birlikdə (çətinliklərə qarşı) özünü səbirli apar!” ayəsi nazil oldu. Buna görə də çölə çıxıb onları axtarmağa başladı. Bu zaman  Allahı zikr edən bir topluluqla qarşılaşdı. Onlardan bəzisinin üst-başı açıq, bəzisinin dərisi qurumuş, bəzisinin də üzərində  bir tək paltarı vardı. Onları görəndə dərhal yanlarına oturdu və belə dedi: “Ümmətimdən, özləri ilə birlikdə oturub səbirli olmağımı əmr etdiyi kimsələr var edən Uca Allaha həmd olsun!” (Əbu Davud, “Elm”, 13)

Bu ayə Rəsulullaha (s.ə.s) xitab edərək bu kimi davranışları mənimsəyən kimsələrə xəbərdarlıq verir ki, üstünlük və şərəf dünya malında deyil, qəlb cövhərində, iman və gözəl əxlaqdadır. Zəngin və yüksək vəzifə sahiblərinə əhəmiyyət verib kasıb insanlara qarşı ehmalkar yanaşmaq doğru deyildir. Ona görə də mal-mülkü ilə təkəbbürlənən kafirlərin xətri üçün yoxsul müsəlmanlara laqeyd yanaşmaq olmaz. Çünki Uca Allahın ayələrindən kimin daha çox istifadə edəcəyini bilmirik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz