AZƏRBAYCAN-TÜRKİYƏ: BİR ANANIN İKİ OĞLU
Müasir dövrümüzdə dünya xəritəsinə baxdıqda, onlarca ölkənin dünya xəritəsində yer aldığını, hər bir ölkənin özünəməxsus coğrafi məkan və müəyyən sərhədlərə malik olduğunu görürük. Lakin gördüyümüz bu dünya xəritəsi heç də bütün həqiqətləri ifadə etmir. Çünki dünyada neçə-neçə bir-birindən ayrı ölkələr mövcuddur ki, onlar əslində vahid bir mədəniyyət, dil, irq və dəyərlərin daşıyıcısıdır. Əslində mövcud xəritələr son zamanlar dünyada baş alıb gedən siyasi-ictimai proseslər və "məsləhətlər" əsasında cızılaraq hazırlanmışdır.
Dünya xəritəsində bir-birindən ayrı göstərilən, amma əsl həqiqətdə biri-biri ilə soykökü, irq, dil, din, milli-mənəvi dəyərlər və s. baxımından sıx bağlı olan ölkələrin ən bariz nümunəsi Azərbaycan və Türkiyədir. Azərbaycan və Türkiyə tarix boyu bir-birinin yanında olmuş, bir-birinə qardaş dəstəyi vermiş, sevincinə sevinmiş, kədərinə kədərlənmişdir. Dünya ölkələri arasında buna bənzər ikinci nümunəni tapmaq çox çətindir. Bunu keçmiş və müasir tariximiz də təsdiq edir. Buna aid bir neçə nümunəni burada qeyd etmək istəyirəm:
- I Dünya müharibəsi zamanı, 1915-1916-ci illər ərzində Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Rusiya və s.) arasında baş vermiş Çanaqqala döyüşünü görürük. Deyilənlərə görə, bu döyüşdə ən azı 3 min nəfər azərbaycanlı könüllü Osmanlı dövlətinin lehinə iştirak etmişdir.
- 1914-cü ilin dekabrından başlayaraq həyata keçmiş Sarıqamış hərəkatında Qafqaz cəbhəsində Rusiya ilə döyüşən türk ordusunun əsgər və zabitlərinin əsir alınaraq Nargin adasında (indiki Böyük Zirə) olduqca dözülməz və çətin bir şəraitdə əsir saxlanılan zaman azərbaycanlıların onlara maddi-mənəvi dəstək göstərməsi, xüsusilə də Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Nargində saxlanılan türk əsgər və zabitlərin qaçırılmasında yaxından iştirak etməsi.
- 1918-ci il sentyabrın 15-də böyük Türk qəhrəmanı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək Bakı və digər şəhərləri erməni-bolşevik işğalından azad etməsi və beləliklə də, ölkəmizin müstəqilliyinə qarşı ciddi təhlükənin aradan qaldırılması.
- Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış Qars müqaviləsi ilə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və onun muxtariyyət statusunun təsbit olunması, Türkiyənin Naxçıvanın qarantı funksiyasını öz üzərinə götürməsi.
- Uzun illər boyu Sovet İttifaqının əsarətində yaşamış Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra qardaş Türkiyə Cümhuriyyətinin 09 noyabr 1991-ci il tarixində ölkəmizin müstəqilliyini rəsmən tanımış ilk ölkə kimi tarixə düşməsi.
- 2020-ci ilin 27 sentyabr tarixindən 10 noyabr 2020-ci il tarixinə qədər davam etmiş II Qarabağ Savaşında Azərbaycanın öz əzəli və tarixi torpaqlarını erməni işğalından azad etməsində qardaş Türkiyənin ölkəmizə hərtərəfli dəstək olması.
- 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə ilə iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyəyə çatdırılması.
- 2021-ci ilin iyul-avqust aylarında qardaş Türkiyənin cənub regionlarındakı meşələrdə baş vermiş böyük yanğınlar zamanı Azərbaycanın dərhal qardaş yardımına başlaması, yanğınların söndürülməsi üçün amfibiya təyyarə, 53 yanğınsöndürən maşın, həmçinin bir neçə təcili yardım maşını və 1000 yanğınsöndürən göndərməsi.
- 2023-cü ilin fevral ayında qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən dərhal sonra Türkiyəyə ilk yardımların məhz Azərbaycandan getməsi və azərbaycanlı xilasedicilərin zəlzələ bölgələrində əsl qardaşlıq nümunəsini nümayiş etdirməsi...
Keçmiş və müasir tariximiz bu kimi nümunələrlə doludur. Bütün bunlar sarsılmaz qarşlığın göstəricisi kimi dəyərləndirilir. Çünki biz bir millət, iki dövlət və bir yumruq sayılırıq.
Bu gün qardaş Türkiyə Cümhuriyyəti böyük Türk, eyni zamanda Türk-İslam dünyasının lideri olduğu kimi, həm də Odlar Yurdu Azərbaycanın tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış əsl və həqiqi qardaşı, ən etibarlı və yaxın müttəfiqidir. Bu baxımdan Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Qardaş Türkiyənin istənilən sahədə, xüsusilə də, hərbi sahədə əldə etdiyi hər bir uğuru əslində bütün Türk dünyasının və o cümlədən doğma Azərbaycanın uğuru və gücü sayılır.
Elə bunun təbii təzahürlərindən biri kimi bu gün hər kəs Odlar Yurdu Azərbaycanın istənilən bölgəsi, rayon və kəndlərində Azərbaycan bayrağı ilə yanaşı qardaş Türkiyə bayrağının da böyük hörmətə layiq görüldüyünü müşahidə edir. Bu, heç şübhəsiz, ürəkdən gələn duyğular, əcdadlarımızdan qalan miras və vəsiyyət, həm də zəmanəmizin tələbidir.
Dahi Azərbaycan şairi mərhum Bəxtiyar Vahabzadə (1925-2009) həmin sarsılmaz qardaşlığı "Azərbaycan-Türkiyə..." adlı şerində belə vəsf etmişdir:
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.
ŞƏRHLƏR