ZAHİR və BATİN
İnsanın zahiri görünüşü, yəni bədəni, eləcə də daxili aləmi, yəni ruhu var. Bədənimizin bəzi ehtiyacları olduğu kimi, ruhumuzun da bəzi ehtiyacları var. Əgər bədənimizi təmizləyərək zahiri görkəmimizə fikir veririksə, daxili aləmimizi mənəvi çirkablardan təmizləməklə də ruhumuzun paklığına, təmizliyinə diqqət yetirməliyik.
Təsəvvür edin ki, günlərlə yuyunmayan, çirk içində olan, ətrafına pis qoxular yayan bir insan var. Aylarla, illərlə bərbərə getməyib, saç-saqqalı bir-birinə qarışıb. Alındığı gündən bir dəfə də olsun paltarı yuyulmayıb. Təxmin edirəm ki, bu sətirləri oxuyanda belə ikrah hissi keçirdiniz. Bu təsvirdə insanın zahiri görünüşünün nümunələri var. Eyni şəkildə daxili aləminə aid olan pis xislətlər də var ki, onların həqiqətini görsək, yəqin ki, dözə bilmərik. Məsələn, insanın daxili aləmini zəhərləyən qeybət, böhtan, yalan, lovğalıq, təkəbbür, paxıllıq, xəsislik, zülm, iffətsizlik, ikiüzlülük, kin, böhtan və qəzəb kimi pis xislətlər rentgen və ya mikroskop kimi bir alətlə görünsəydi, Allah bilir, yuxarıda təsvir edilən insandan daha betər bir mənzərə qarşımıza çıxardı.
İnsan saç-saqqalını səliqəyə salmaqla, bədəninin və paltarının təmizliyinə diqqət yetirməklə təmiz və səliqəli bir görünüşə sahib ola bildiyi kimi, daxili aləmini çirkləndirən pis xüsusiyyətlərdən uzaqlaşdıqca da daxili saflığa çatar və mənəvi dərəcəsi ucalar. Necə ki, Uca Allah buyurur: “Kim nəfsini (batinini) pisliklərdən (maddi və mənəvi kirlərdən) təmizləsə, şübhəsiz ki, nicat tapar; Onu pislik içinə qərq edən (günahlarla kirlədən) isə, şübhəsiz ki, xüsrandadır”. (əş-Şəms, 9-10)
Çox diqqət çəkən bir məsələdir ki, surənin bundan əvvəlki ayələrində Allah-Təala ardıcıl olaraq on bir dəfə and içir. Başqa heç bir məsələdə bunun bənzəri yoxdur. Bu fakt insanın nicatı üçün daxili aləmini günah və üsyan çirkindən təmizləməsinin (nəfs təzkiyəsinin) nə qədər vacib və zəruri olduğunu ifadə etmək üçün kifayət edir. Nəfsin mayasında harama meyil var. Buna aldanan insan özünü haramın cazibəsindən xilas edə bilməz. Çünki günahlarda və haramlarda imtahan səbəbi olaraq nəfsi cazibə vardır. İnsan ehtiraslara məğlub olarsa, pis əməllərinə müxtəlif bəhanələr tapar, hətta ən ağır günahlar da ona xoş gəlməyə başlayar. Bu insan ancaq özünü aldadar, ürəyini qaraldar. Beləcə, daxili aləmə, yəni batini məsələlərə əhəmiyyət verməyən insanların zahiri ibadətləri zəifləyər və sona çatar.
Rəbbimiz: “Günahın zahirini də, batinini də (aşkar olanını da, gizli olanını da) tərk edin!” (əl-Ənam, 120) - deyərək bizi xəbərdar edir. Bu şüurla görünən və görünməyən haramlardan, günahlardan eyni nifrətlə çəkinmək lazımdır.
Misal üçün;
- Spirtli içkilərdən və qumardan uzaqlaşdığımız kimi paxıllıq və riyadan da çəkinmək lazımdır.
- Faiz və rüşvətxorluğu qəbul etmədiyimiz kimi yalanı, xəsisliyi, qəddarlığı da heç vaxt həyatımıza bulaşdırmamalıyıq.
- Zinaya yaxınlaşmadığımız kimi gözləri, qulaqları və sözləri hədəf alan hər hansı gizli və ya açıq iffətsizliyə də qapı açmamalıyıq.
- Qətldən, yəni adam öldürməkdən uzaq durduğumuz kimi təkəbbürdən və lovğalıqdan da kənar olmaq lazımdır.
Haramların qarşılığı olan fərzlər də iki hissədən ibarətdir: zahiri və batini fərzlər. Namaz, oruc, zəkat və həcc kimi ibadətlər zahirən fərzdir və onları xüşu ilə yerinə yetirmək hər bir müsəlmanın borcudur. Bundan əlavə, batini fərzlər də var: gözəl əxlaq, mərhəmət, ədalət, təvazökarlıq, iffət, təqva və səbir kimi bir çox mənəvi xüsusiyyətləri bu qrupda nəzərdən keçirə bilərik. Rəbbimiz müsəlmanlardan bu xüsusiyyətləri də tələb edir. Məsələn, Rəbbimiz namaz əsnasında xüşu içində olmağı əmr edir. Zəkat, sədəqə və infaqı yoxsullara verərkən məzəmmət etmədən, qəlb incitmədən və nəzakətlə təqdim olunmasını şərt qoşur. Bütün ibadətlərdə ancaq ilahi rizanı hədəf almağı, yəni ixlas sirrinə əməl etməyi əmr edir. Bu əmrlər batini fərzlərin nümunələridir.
Bir də zahiri və batini elmlər vardır. Dinimizin əmrləri iki maddədə ümumiləşdirilir: “Təzim li-əmrillah” (yəni Allahın əmrlərini xüşu ilə, qəlb və bədən ahəngində, təzimlə tətbiq etmək) və “Şəfqət alə xalqillah” (yəni Allahın məxluqatına şəfqət göstərmək və Allahın rəhmətindən pay almaq).
Bu kamilliyə çatmaq üçün iki növ bilik lazımdır:
- Birincisi, müəllimlərdən və kitablardan öyrənilən zahiri elmdir.
- İkincisi batini elmdir. Yəni daxili aləmimizdə öyrənəcəyimiz bir elm. Bu, təqvadır, nəticəsi isə hikmət və irfandır. Mömin bunu kitabdan, müəllimdən ala bilməz. Yalnız ürəyini inkişaf etdirməklə bu səviyyəyə çata bilər. Bu inkişaf da ixlas və təqva nəticəsində baş verər.
Allah zahiri və batini haramlardan atəşdən qaçırmış kimi qaçmağı, zahiri və batini fərzləri sevgi ilə yerinə yetirməyi, zahiri və batini elmi də əldə etməyi nəsib etsin. Amin!..
ŞƏRHLƏR