Bir Ayə
بسم الله الرحمن الرحيم
فَمَنْ يُرِدِ اللهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ اللهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ
“Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. Allah iman gətirməyənləri bu şəkildə əzaba məruz qoyar”. (əl-Ənam, 6/125)
Bu ayənin işarə etdiyi hikmətlərdən biri odur ki, gündəlik həyatında Uca Allah ilə əlaqəsini qoparıb Onu anmayan və nəfsani arzularının əsiri olanlar qəlb rahatlığı deyil, sıxıntılı və stresli bir ruh halına məhkum olarlar. Belə insanlar bütün səylərinə baxmayaraq, xoşbəxtlik və qəlb rahatlığı tapa bilməzlər. İnsan bəzən qəlb rahatlığının izinə düşərək onu şeytanın vəsvəsə verdiyi pis əməllərdə tapa biləcəyini zənn edər və beləcə, nəfsinin və şeytanın əsiri olar. Möminin bəsirətinə sahib olmayanlar kainatdakı hər bir varlıq ilə Allah-Təala arasındakı əlaqəni idrak edə bilmədikləri üçün Uca Allahın mərhəmətindən və hidayətindən məhrum olarlar. Bu insanlar özlərini tənhalığın və sıxıntının əsiri edərək kədərli bir həyat yaşayarlar. Uca Rəbbimiz Onu tanımaq və anmaq istəməyənləri qəm-qüssəli bir həyatın gözlədiyini başqa bir ayeyi-kərimədə belə xəbər verir: “Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik”. (Taha, 20/124)
İman yolu insanı könül fərahlığına, imansızlıq yolu isə qüssə və kədərə aparan yoldur. Bu xüsusla əlaqəli digər bir ayeyi-kərimədə də Allah-Təala Peyğəmbərinə (s.ə.s) xitab edərək: “Sənin sinəni açıb genişlətmədikmi?!” (əl-İnşirah, 94/1) - buyurmaqla Muhamməd peyğəmbərə (s.ə.s) qəlbi və mənəvi fərahlıq bəxş etdiyini və beləcə, onun, asan şəkildə vəhyi tələqqi etdiyini, sıxıntılardan xilas olduğunu xəbər verir. Bu ayənin işarə etdiyi digər bir həqiqət də odur ki, Uca Allah bir kimsənin hidayətə gəlməsini diləyərsə, onun könlünü İslama açar, İslamı ona sevdirər və qəbul etdirər. Yox əgər bir kimsənin haqdan uzaq qalmasını istəsə, onun qəlbinə də onu İslamdan uzaqlaşdıracaq darlıq və sıxıntı verər.
Digər tərəfdən, ayədəki “kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar” ifadəsi ilə küfr içindəki insanın psixoloji halı yüksəyə qalxan insanın halına bənzədilmişdir. Bildiyimiz kimi, yer üzündən yüksəyə qalxdıqca atmosfer təzyiqi azalar və beləliklə, oksigen çatışmazlığı yarandığı üçün insanın qəlbi daralar, nəfəs darlığı çəkər və narahatlıq keçirər. Bu həqiqətin məlum olmadığı yeddinci əsrdə nazil olan Qurani-Kərimin buna işarə etməsi isə, bir qisim təfsirçilərə görə, Qurani-Kərimin elmi möcüzələrindən biri sayıla bilər.
ŞƏRHLƏR