Bir Anadolu dərvişinin könül dünyası

Bir Anadolu dərvişinin könül dünyası

Bir Anadolu dərvişinin könül dünyası

Mövlud Çınar: “Əsas məsələ yaxşı insanlarla bərabər olmaqdır”.

 İrfan: Mevlud baba, zəhmət olmasa özünüz haqda qısa məlumat verərdiniz.

Mevlud Çınar:

1932-ci ildə Akşehirin Tekkeköy kəndində anadan olmuşam. Atam kəndin imamı idi. Kəndin uşaqlarını oxudardı, məni də oxutdu. Sonra dərzilik sənətini öyrənib dərziliyə başladım. Konya Akşehirdə dərzi dükanı açdım. Hər gün kəndimizlə Akşehir mərkəzi arasında 3-4 kilometrlik yolu piyada gedib-gəlirdim. Kəndimizdə məktəb olmadığı üçün məktəb illərimdə də qarda-qışda bu yolu piyada qət etmişik. O illər kasıblıqla keçdi. Əsgərlikdən qayıdandan sonra ustamın qızı ilə ailə həyatı qurdum. Ustamdan da məmnun idim, qızından da məmnunam. Allah hər ikisindən razı olsun.

- İrfan yolu olan təsəvvüfə necə girdiniz?

- Bir vaxt dərzilik peşəsinə ara verib baqqal dükanı açmışdım. Şakir adlı dükan qonşum vardı. Namaz vaxtlarında onunla birlikdə məscidə gedərdik. Dini savadı yox idi, amma islami yaşantısı çox yaxşı idi. Bəzən elə olurdu ki, günlərlə görünmürdü. Haralardasan deyə soruşanda İstanbula, əfəndini ziyarətə getdiyini deyərdi. Mənim ağlıma “əfəndi” deyəndə Hz. Peyğəmbər gəlirdi. Ona görə bu işə təəccüb edirdim, əfəndi kimdir? Bu adam hara gedir?.. Amma baxıram ki, davranışı, mənəvi halı məndən daha yaxşıdır. Nə isə, bir gün bunu sıxışdırdım ki, sən hara gedirsən? O arada Konyada da bir xoca vardı, Dişçi Hacı Mehmed əfəndi, ara-sıra onu da ziyarətə gedirdi. Sami əfəndinin bölgədəki söhbət xocalarından idi. Bir gün dedim ki, məni də Dişçi Hacı Mehmed əfəndinin yanına apar. Uzun sözün qısası, bərabər yanına getdik. Tanışlıqdan sonra dükan qonşum dedi ki: “Əfəndim, bu qardaş dərs almaq istəyir”. Çox sevindi, əlhəmdülillah dedi. Dərsi tərif edəndən sonra həyat yoldaşımın da dərs almaq istədiyini söylədim. Bayaqkı sevinci birə on artdı. “Çox gözəl olar, - dedi. - İkiniz birlikdə səhər vaxtları qalxarsınız, bir-birinizə dəstək olarsınız, evinizə bərəkət gələr”. Orda bir şey söylədi. Dedi ki, “Əgər bir adam bütün yaxşı əməlləri işləyərsə, lakin ətrafında pis yoldaşları varsa, işi çətindir. Lakin yaxşılarla bərabər olarsa, hər işi məqbuldur”. Həmin ərəfədə, yəni dərs almadan əvvəl mənim bir yoldaşım vardı, muxtar olmaq üçün namizədlik vermişdi. Mənsub olduğu partiya İslama zidd icraatlarla məşhur idi. Mən də onun elanlarını paylamağa kömək etmişdim. Xocanın bu sözü mənim üçün birinci xəbərdarlıq oldu. 

- Söhbətlərə necə başladınız?

- Bu vəzifəni Konya bölgəsinin mənəviyyat insanı Ahmet Rasih Uslu əfəndi verdi. Ramazan ayında yanına getmişdik. Orucluyduq və söhbəti gözləyirdik. Axşam azanı oxundu, fikirləşdim ki, yəqin indi iftar edəcəyik. Şakirə dedim ki, azan da oxundu, biz iftar edəcəyik, amma süfrə filan açılmadı. Bir stəkan su içib gözlədik. Birlikdə namazımızı da qıldıq, mən yenə süfrənin açılmasını gözləyirəm. Şakir dedi ki, otur, gözlə, əfəndi gələcək. Əlimə də bir təsbeh verdilər, dedilər tövhid zikri edəcəyik. Yüz dəfə “lə iləhə illəllah” deyib sonra bir dəfə “Muhammədun Rəsulullah” deyəcəksən. Nə qədər dediyini say. Bir gözüm də qapıdadır. Hər gələnə baxıram ki, görəsən budurmu? Nəhayət, Ahmet Rasih xoca göründü. Çox möhtərəm zat idi, üzünə baxanda Allahı xatırladırdı. Əsl təsəvvüf əhli idi. Nə isə, o da gəlib oturdu, bizimlə birlikdə tövhid zikri eləməyə başladı. Ağlım bir yandan da süfrədədir. Yatsı azanı oxundu, səccadələr sərildi, namaza durduq. Dedim, yəqin yatsıdan sonra yeyərik. Namazdan sonra söhbət elədi. Yenə yemək yoxdur. Söhbətə başlamadan əvvəl dünəndən bəri ac olduğunu söylədi. Öz-özümə dedim ki, bu da ikinci xəbərdarlıq... Əskiməz yazı ilə yazılmış (əski əlifbanı qəsd edir) “Ədəb” kitabı vardı, ondan oxumağa başladı. Artıq süfrəni, yeməyi unutdum, özümü söhbətə verdim. Oxuduqca çox xoşuma gəldi. Söhbətdən sonra yemək yedik. Məni yanına çağırdı, adımı soruşdu, yarım stəkan çayı vardı, onu da mənə içirtdi. Çaydan sonra artıq tamamilə təslim oldum. Akşehirdə mənəvi söhbət etməyi burada mənə həvalə etdi.              

- Bu yeni həyat tərziniz ailədə necə qarşılandı?

- Ailəmizdə hər kəs bu yolu sevdi. Xoş qarşıladı, ehtiramla yanaşıldı. Evimiz də söhbət üçün münasib idi, geniş salonumuz olduğu üçün Ahmet Rasih əfəndi tez-tez gələr, burada söhbət edərdi, onunla uzun illər görüşdük. Mərhum Musa Topbaş Əfəndi də evimizi az şərəfləndirməyib.  

- Bəs Sami əfəndi ilə tanışlığınız oldumu?

- Bu yola girməyimlə Sami əfəndiyə qarşı qəlbimdə məhəbbət toxumları cücərdi. Akşehirdən bir neçə nəfərlə ziyarətinə getmişdik. İlk görüşümüz, yanlış xatırlamıramsa, Ramazan ayında olmuşdu. Təravihdən sonra söhbət etdi. O ilk görüşlə qəlbimdə bir sevgi bağı yarandı. Tez-tez Konyadan qatarla İstanbula ziyarətinə gedərdim. Erenköydə bağçalı köşkü vardı. Qatar stansiyasına da yaxın idi. Qatardan düşüb birbaşa evinə yollanardıq.

- Sami əfəndi ilə yaşadığınız yaddaqalan hansısa bir xatirənizi bizimlə böləşərsinizmi?

- Bir gün Konyadaydım, Doğanhisardan üç nəfər tanışım gəlib dedi ki, Sami əfəndini ziyarətə gedirik. Bir anda məni həyəcan bürüdü, dedim ki, mən də gedirəm. Avtobusa bilet alıb yollandıq İstanbula. Səhər tezdən evlərinə çatdıq. Yanımdakılardan biri oralara yaxşı bələd idi. Bağçanın qapısını açıb içəri girdik. Bağçanı təmizləməyə başladıq. Bir azdan kürəkəni Ömər Kirazoğlu abi gəldi. Bizə xoşgəldin etdikdən sonra dedi ki, Sami əfəndi Musa əfəndi ilə ümrədən yeni gəlib, 3-4 gün olar, istirahət edir. Günorta sizi görüşdürərəm, inşallah. Mən də gələndə ürəyimdən keçirirdim ki, Sami əfəndi mənə bir üzük bağışlasa, barmağıma taxıb ondan xatirə kimi saxlayardım. Həyətdə işlədiyimiz əsnada 8-9 yaşlı bir qız uşağı bizə yaxınlaşıb, yanımıza hədiyyə qoyub getdi. Baxdıq ki, hədiyyənin içində təsbeh, xurma kimi şeylər var, amma üzük yoxdur. Bundan çox təsirləndim, nəfsim bir tərəfdən, şeytan bir tərəfdən fikrimi bulandırmağa başladı. Yerimdə donub qalmışdım. Təxminən 15-20 dəqiqə sonra həmin qız bir boşqabın içində 4 dənə üzüklə yanımıza gəldi. Çox təsirləndim, bu səhnə qarşısında göz yaşlarıma hakim ola bilmədim. Əlimə beli alıb düşdüm bağın canına.

- Bu yolda bir çox böyük simalar gördünüz. Onlardan tərbiyə aldınız, ədəb öyrəndiniz. Böyüklərə qarşı rəftarımızda nəyə diqqət etməliyik?

- Məhəbbət... Onları sevmək lazımdır. Verdikləri vəzifəni layiqincə yerinə yetirməliyik. Onlardan istifadə etdiyim hər şey sevgi vasitəsilə oldu. Ailəm, uşaqlarım, hamısı bu sevginin faydasını gördü. Bu yola girəndən sonra ailəmizdə çox şey dəyişdi, uşaqların haləti-ruhiyyəsi, mənəvi atmosfer bambaşqa oldu. Düzdür, əvvəldən də namazlarını qılardılar, amma demək ki, təkcə namazla olmurmuş. Təsəvvüfi yaşayış başqa bir şeydir. Allah dostlarının nəzəri və nəfəsi insanı abad edər.

- Azərbaycanda illərlə xidmət edən və burada vəfat edən oğlunuz Əli Çınar da Ahmet Rasih əfəndidən çox istifadə etdi, hər halda.

- Bəli, hamısı Rasih əfəndidən faydalandı, amma ən çox istifadə edən Əlim oldu.

- Övladdan söz düşmüşkən, uşaqların tərbiyəsində nəyə diqqət etdiniz ki, Əli Çınar kimi bir oğul yetişdi?

- Əlhəmdülillah. Atam imam idi. Halal-harama diqqət edərdi. Heç bir pis vərdişim olmadı, siqaret nədir bilmədim. Yediyimiz, içdiyimiz halal oldu, atam bizə haram yedirmədiyi kimi, biz də övladlarımıza haram yedirmədik. Bir də ən əsası, söhbətlərin bərəkətini gördüm. Evimizdəki söhbətlər, Allah dostları ilə münasibətimiz uşaqlara da təsir etdi. Dörd övladım var, dördündən də razıyam.

- Əli abinin Azərbaycana ilk gəlişini xatırlayırsınızmı? Övladın ayrılıb uzağa getməsi bir az ağır gəlir adama. Hansı hisslərlə göndərmişdiniz onu?

- Bu məsələdə, şükürlər olsun, ilk gündən təslimiyyətimizi pozmadıq. Əli bu yola bağlı idi, ustadımız da xidmətə göndərdiyi üçün mən könül xoşluğu ilə uğurladım. Heç bir zaman  tərəddüd etmədim.

- Tətildə sizin yanınıza gələndə nə danışardı? Söhbətlərindən bura olan sevgisini hiss edərdinizmi?

- O, xidməti çox sevərdi. Özünü xidmətə həsr etmişdi. Buralara da ayrı bir sevgisi vardı. Konyaya gələndə həmişə buralar üçün darıxardı. Burdan çox danışardı. Azərbaycandan danışanda gözlərinin içi parıldardı. Hər zaman təzimlə bəhs edərdi.

- Bəlkə bu sualla dərdinizi təzələyəcəyik, üzrlü sayın, amma soruşmasaq olmaz. Bu gün Əli abi burdadır, siz ordasınız. Bir tərəfdən övlad acısı, digər tərəfdən məzarından belə ayrı qalmağın acısı var. Bu ayrılığa necə səbir edirsiniz? 

- Nə deyim?! Allahdan gəldi, biz də boyun əydik. Bilirsiniz, Əlidən altı ay sonra kiçik oğlum Əbu Bəkr də vəfat etdi eyni xəstəlikdən. İkisi də ən çox sevdiklərimdi. Özlərini İslama xidmətə vermişdilər. Digər oğlum da, Allah uzun ömür versin, dini həssasiyyət sahibidir, amma o ikisi tam din xadimi idi, alim idi, xoca idi, söhbətlərə çox əhəmiyyət verirdilər. Əbu Bəkr tutan əlim, yeriyən ayağımdı. Hər gün yanıma gələrdi, əskiklərimi tamamlayardı, Əli isə pul göndərərdi, könlümü alardı, uzaqda da olsa, qayğısını hiss edərdim. İnanın, vəfat xəbərlərini aldığımda fəryad, fəğan etmədim. Təkcə mən yox, anası da xəbəri vüqarla qarşıladı. O verdi, O aldı. Varmı bundan başqa gerçək? Yox! O zaman qədərə razı olub səbir etmək gərəkdir. Hər zaman içimdən ağladım. Ard-arda ikisini itirmək ağır oldu, təbii ki. Amma imtahan asan deyil ki. Burada olduğundan da razıyam. Hər zaman deyirəm, o buranı sevdi, siz də onu sevdiniz. Burda qalmaq istədi, qaldı da. Ona göstərdiyiniz qayğıya, həssas rəftara görə azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Ahmet Tecim bəyə də deyirəm, siz burada mənim edə bilməyəcəyim şəkildə dəfn etdiniz onu, əlinizdən gələni əsirgəmədiniz.

Biz Azərbaycandan razıyıq. Allah sizi bütün bəlalardan qorusun, pisliklərdən uzaq etsin. Hamımızı cənnətində görüşdürsün.

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz