SƏBƏBLƏR PRİZMASI

SƏBƏBLƏR PRİZMASI

Dünyada olanları daha yaxşı başa düşmək üçün ilahi-bəşəri-təbii səbəblər üçbucağından baxmaq lazımdır. Lut əleyhissalamın qövmünə əzab üz verdiyi zaman onun arvadı həlak olanlar ilə birlikdə əzaba düçar oldu (əl-Əraf, 83). Lut əleyhissalam arvadının həlak olmasının ilahi səbəbdən qaynaqlandığını öyrənəndə bunu sükunətlə qəbul etdi. Nuh əleyhissalam öz oğlunun həlak olmasının səbəbinin ilahi bir təmələ söykəndiyini bildikdən sonra tam yəqinliklə Allahın əmrinə müti oldu. Bu barədə Quranda belə buyurulur: “Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Şübhəsiz, Sənin vədin də haqdır. Sən hakimlərin hakimisən (ən ədalətli hakimsən)!” Allah buyurdu: “Ey Nuh! O sənin ailəndən deyil...”. (Hud, 46). İlk öncə Nuh, oğlunun niyə həlak olduğunu bilmirdi, onun həlak səbəbini Allah ona xəbər verdikdən sonra isə Nuh: “Ey Rəbbim! Şübhəsiz, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamaz və mənə rəhm etməzsən, ziyana uğrayanlardan olaram!” (Hud, 47) - deyərək Allahdan bağışlanma dilədi.

İlahi səbəblərə söykənən hadisələrə başqa bir misal kimi Xızır əleyhissalamı göstərə bilərik. O, icra etdiyi qeyri-adi əməllərin Allahdan gələn əmrlərə söykəndiyini söyləyirdi. Quranda bununla bağlı ayədə: “Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında onlara aid bir xəzinə vardı. Ataları da yaxşı insan idi. Rəbbin istədi ki, onlar həddi-büluğa çatıb Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini çıxartsınlar. Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır”, (əl-Kəhf, 82) - buyurulur. Bu ayədə keçən “Rəbbin istədi ki” və “Mən bunu öz ixtiyarımla etmədim” ifadələri bu əməllərin tamamilə Allahın mütləq iradəsi səbəbi ilə baş verdiyinin dəlilidir.

Bəşəri səbəblərə əsaslanan hadisələrə nümunə olaraq hər gün icra etdiyimiz sərbəst işləri - yemək-içmək, yatmaq-durmaq, oturmaq-qalxmaq kimi məsələləri  misal gətirə bilərik. Bu tərzdəki əməllər ilahi iradəyə təsir etməyəcək şəkildə icra edilirsə, deməli, bunlar bəşəri səbəblərə əsaslanır. Bəşər iradəsi və ilahi iradə nə deməkdir? Ümumiyyətlə, iradə nə mənaya gəlir?

“İradə” sözü ərəb dilindən dilimizə tərcümədə istəmək, arzu etmək mənasına gəlir. Dilimizdə iradə kəlməsi bir işin görülməsi üçün qüdrətə, gücə, iqtidara, hökmə sahib olmaq mənasına gəlir. Allahın insanlara bəxş etdiyi iradə cüzi iradə adlanır. İnsanın cüzi iradəsi onun həyatdakı səlahiyyət sahəsidir. İnsan öz səlahiyyət sahəsində sərbəst seçimə sahibdir, yəni sərbəst iradəsi ilə qarşılaşdığı variantları seçmə haqqına sahibdir. Həmçinin iradəsi ilə seçdiyi variantların məsuliyyətini də daşımaq məcburiyyətindədir. Axirətdə insanın məsul tutulacağı məsələlər elə məhz onun sərbəst iradə sahəsinə aid məsələlər olacaqdır. İradəmizin hüdudlarına daxil olmayan məsələlərin, başqa sözlə, ilahi səbəblərə söykənən məsələlərin məsuliyyətini daşımırıq və axirətdə bunlardan məsuliyyətə cəlb edilməyəcəyik. Bu xüsusda Bəqərə surəsinin 286-cı ayəsində Rəbbimiz belə buyurur: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər”. İnsanın qüvvəsi daxilində olan hər bir məsələ və bu məsələyə qarşı davranışımız axirətdə soruşulacaqdır.

İnsan öz iradəsini tam şəkildə istifadə etsə belə, bəzən ilahi iradə ön plana çıxır və insan iradəsini kölgədə saxlayır. Məsələn, Quranda Üzeyir əleyhissalamın yüz illik yuxuya getdiyi açıqlanır: “Beləcə, Allah onu yüz illiyinə öldürdü. Sonra onu diriltdi və: “Nə qədər (yatıb) qaldın?” - dedi. O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım”. (Allah ona) dedi: “Əksinə, yüz il qalmısan”.  (əl-Bəqərə, 259) Ayədən aşkar olduğu kimi, Üzeyir əleyhissalamın yüz il yatması onun iradəsi xaricində baş vermişdir.

Təbii səbəblərə əsaslanan hadisələrə misal olaraq təbiət hadisələrini verə bilərik. Yağışın yağması, çayların axması, buzların əriməsi və s. Bu təbii hadisələrin baş verməsi xüsusi ilahi əmr tərəfindən baş vermədiyi təqdirdə, biz bu cür hadisələrin təməlində təbii səbəblər axtarmalıyıq. Bəzən təbii səbəblərin yaranması ilahi bir səbəbə söykənir. Məsələn, bəzi qövmlərin həlak edilməsi bu cür təbii səbəblərə həvalə edilmişdir. Ad qövmünü cəzalandırmaq üçün Allah onların üstünə soyuq bir qasırğa gödərmişdi. (Fussilət, 16) Buna oxşar, ilahi iradədən qaynaqlanan təbii səbəb kimi görünən bir çox misal Quranda öz yerini tapır. Nuh əleyhissalamın qövmünün həlakı (Hud, 40-48), Lut əleyhissalamın qövmünün həlakı (Ənkəbut, 34) buna misal təşkil edir.

Ətrafımızdakı hadisələrə doğru qiymət verə bilmək üçün səbəblər prizmasından baxmağımız gərəklidir. Hadisələrin hansı təməldə - ilahi, bəşəri, yoxsa təbii olaraq baş verdiyini bilmədən ədalətli hökm çıxarmaq çətindir. Bəzən eyni mənzərəni fərqli səbəblər ortaya çıxarda bilər. Qərarlar mənzərəyə görə deyil, mənzərəni ortaya çıxardan səbəblərə görə verilməlidir.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz