Dostun Allah dostu olarsa

Dostun Allah dostu olarsa

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Tövbə edib üzünü və özünü (zahirini və daxili aləmini) Mənə (Rəbbinə) doğru çevirənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız!” (Loğman, 15)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

“Dostun Allah dostu olarsa” ifadəsi insan övladına çox şey söyləyir. Dünya imtahanının və məşəqqətli axirət hesablaşmasının öhdəsindən gəlməyə, bizləri hər iki aləmdə Allah (c.c) nəzdində etibarlı, sağlam bir əqidəyə və onun təsdiqi olan əmələ sövq edən və hər birimizin mükəmməl bir qul olaraq yetişməmizə vəsilə olan kamil bir Haqq dostuna ciddi ehtiyacımız vardır. Bu istiqamətdə dost seçiminə olduqca böyük önəm verən Rəsulullahın (s.ə.s): “Kişi sevdiyi ilə bərabərdir!” (Buxari, Ədəb, 96) hədisi insanları dost seçimində onlara faydalı olacaq birisinə könül verməyə dəvət edərək bu taleyüklü məsələyə həssaslıqla yanaşmamızı bildirməkdədir. Məsələni incəliklə ələ alan Rəsulullahın (s.ə.s): “Kişi dostunun dini üzrədir. Buna görə də hər biriniz kiminlə dostluq etdiyinə diqqət yetirsin” (Tirmizi, Zühd, 45)- şəklində buyurması dost seçiminin müsəlman üçün nə qədər önəmli olduğunu vurğulamaqdadır. Könülləri hidayət və mərhəmət eşqi ilə yanan Allah dostlarının mənəvi zənginliklə dolub daşan könül iqlimindən, hər sözü bir hikmət, diriliş və qurtuluş vəsiləsi olan irfan çeşməsindən istifadə imkanlarını böyük bir fürsət bilməliyik. İmam Əhməd bin Hənbəl həzrətləri oğluna bunları tövsiyə edərdi:

“Övladım! Sənə qəlbi Allahın məhəbbəti və mərifəti ilə döyünən ariflərin söhbətini tövsiyə edirəm. Onlar elmləri ilə, Haqqı müraqibə (dərindən-dərinə təfəkkür) etmələri sayəsində əldə etdikləri feyzləri, Allah (c.c) qorxusunu haqqı ilə tanımaları, başqalarının əhəmiyyətsiz məşğuliyyətlərindən uzaq durmaları və Haqq qatında himmətlərinin (dualarının, dərəcələrinin) ali olmaları ilə bizi keçmişlər!”

Cüneyd Bağdadi həzrətlərinin başqa bir şəhərdə yaşayan və onu sevən dostlarından biri belə anladır: “Bir gün bazarda gəzərkən çox gözəl bir qadın gördüm və dönüb təkrar-təkrar ona baxdım. Sonra peşman olub tövbə etdim. Axşam evə gəldiyimdə zövcəm məni qarşıladı və dedi ki: “Əfəndim, bu gün üzünüzü qara görürəm! Nə baş verib?” Tez gedib güzgüyə baxdım. Həqiqətən də, üzüm qapqara qaralmışdı. Məsələni anladım; qadına baxdığım üçün bu hala gəlmişdim. Bir mağaraya çəkilib günlərlə göz yaşı tökdüm, lakin hüzur halına qovuşa bilmədim. Sonra xatirimə Bağdadi həzrətlərini ziyarət etmək fikri gəldi. Bağdada gedib şeyximin qapısını döydüyümdə mənə: “Gəl, Abdullah, gəl! Sən bazarda günah işlə, biz də Bağdadda istiğfar edək!” - dedi. İçəri girib mübarək əlini öpdüm və oturdum. Məni utanc və çaşqınlıq halı bürümüşdü. Davam edərək buyurdu ki: “Peşmanlıq və tövbə böyük nemətdir. Lakin qəlbin yardımı olmadan bədən üzvlərinin (xüsusən də gözlərin) dinimizin əmrinə uyması çox çətindir. Böyüklərin sevgisi, dostluğu olmayınca qəlbin yardımı da olmaz. Bunları etmək ancaq Allah (c.c) adamlarının işidir. Böyükləri sevən, onlarla dost olan yardımdan məhrum qalmaz!”.

Hadisədən çıxardığımız nəticə budur ki, dostu “Allah dostu” olanın və bu Haqq dostunu da içdən qələn səmimi bir məhəbbətlə sevən kəsin, imtahan aləminin  qorxunc təhlükələrini dostunun yardımı ilə idrak edərək ona qarşı qabaqlayıcı tədbir alması qulluq məsuliyyəti ilə vəzifələndirilmiş insan övladı üçün əvəzedilməz bir qorunma bərəkətidir. Bu səbəbdən də Hz. Əli (r.a) buyururdu ki: “(Sizi Haqq naminə sevən həqiqi) dostlarınızın sayını artırın. Çünki onlar sizin üçün həm dünya, həm də axirət sərmayəsidir”.

Dost seçimində Davud əleyhissalama önəmli nəsihətlər edən Rəbbimiz qüdsi hədisində belə buyurmuşdur:

“Məni sevməyənlərlə dostluq etmə! Bunlar sənin də düşmənlərindir. Onlar sənin qəlbini qaraldaraq səni Məndən uzaqlaşdırarlar!”

Qurani-Kərimdə bu həqiqəti Rəbbimiz belə bildirməkdədir: “Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar. Bunu edənlərin Allah nəzdində heç bir dəyəri yoxdur”. (Ali-İmran, 28)

Dostluq nemətinə dəyər verilməməsi nəinki insanlar arasındakı münasibətlərin, hətta dövlətlərin belə çöküşünə rəvac verən bəlaya çevrilə bilər. Əməvi dövlətini yıxaraq yerinə Abbasi dövlətinin qurulmasında mühüm rol oynamış Əbu Müslim Xorasaniyə Əməvi dövlətinin yıxılma səbəbi soruşulduğunda bu cavabı vermişdi:

“Onlar işləmiş olduqları zərərli əməllərinin qarşılıq görməyəcəyindən əmin olduqları üçün hər an yardımlarına gələ biləcək səmimi dostlarını özlərindən uzaq tutmuşdular. Əksinə, şəxslərinə daha çox bağlanmaq və etibarlarını qazanmaq üçün düşmənlərinə həddindən ziyadə yaxınlaşmışdılar. Lakin yaxınlaşdırılan düşmən əsla dost olmadı. Ən acınacaqlısı bu oldu ki, uzaqlaşdırılan o dostlar da düşmən oldu. Onlara qarşı hamısı düşmən səflərində birləşincə yıxılmalarına heç bir əngəl qalmadı”.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz