Sınıq pəncərə nəzəriyyəsi
Bir evin yanından keçdiyinizi düşünün. Həmin evin bir pəncərəsi qırıqdır. Bir müddət sonra o evin yanından yenidən keçirsiniz və görürsünüz ki, evin bütün pəncərələri qırılıb. Özünüzə bir sual verin, nə üçün əvvəl evin bir pəncərəsi qırıldığı halda bu gün bütün pəncərələr qırıqdır? Mövzunu anlamaq üçün ilk öncə bu nəzəriyyənin tarixinə nəzər salaq. Bu təcrübə ilk dəfə 1982-ci ildə amerikalı sosioloqlar Ceyms Vilson və Corc Vilson tərəfindən formalaşdırılıb. Nəzəriyyə göstərir ki, cəmiyyətdə pis, xoşagəlməz bir şey, xırda və ya böyük qayda pozuntuları nəzarətə alınmazsa, o şey cəmiyyətdə parazit kimi yayılar. Və insanların çoxu onu təkrar edər. Yəni pis bir şey ilk andaca, cəmiyyətə yayılmadan onun qarşısı alınmalıdır.
Sosioloqlar bu nəzəriyyəni yoxlamaq üçün bir çox təcrübələr həyata keçirdilər. İlk təcrübə bir çox mağazalar olan küçədə keçirildi. Həmin yer insanların çox olduğu və alış-veriş etdiyi yer idi. Təcrübəyə başlamadan öncə zibil qablarını həmin yerdən uzaqlaşdırdılar və bir müddət sonra aralarından biri yerə zibil atmağa başladı. Təcrübəçilər bundan sonra həmin yeri müşahidə etməyə başladılar və təcrübə çox qəribə bir nəticə verdi: ilk zibil atılan yer zibil ilə dolub daşdı.
Daha bir təcrübə başqa şəhərdə aparıldı. İnsanların çox olduğu yerdə nömrəsiz və kapotu açıq bir maşın saxlandı. Bir müddət sonra təcrübəçilərdən bir neçəsi maşına yaxınlaşaraq ona zərər verdilər və oradan uzaqlaşdılar. Sonrakı günlərdə həmin maşın bir çox insanlar tərəfindən zərərə məruz qalır, aynaları daxil əksər hissəsi yararsız hala düşür. Qaydanı yadımıza salaq, bir yer qırıldısa, digərləri də ardınca qırılır. Sınıq bir yer təmir edilməzsə, bir müddət sonra onun zərəri daha da pis nəticələrə gətirib çıxarır. Məsələ aydındır: sınıq pəncərə dərhal təmir olunmalıdır.
Həyatımızın bəzi sahələrində bizim bir çoxumuzun sınıq pəncərəsi olur. Növbəti pəncərələrin qırılmasına yol verməməliyik. Bir dəfədən bir şey olmaz deməyək, çox şey olar. Məsələn:
Zərərli vərdişlər. Zərərli vərdişlərimizin bir çoxu “bir dəfədən bir şey olmaz” deyəndən sonra başlayır. Buna siqaret, içki və s. misallar verə bilərik. İlk pəncərə qırılır, ardınca davamı gəlir. Əgər ilk pəncərə təmir olunsaydı, o zərərli vərdiş davam etməzdi.
Öyrənmək. Fərz edək ki, biz hər hansı bir dili öyrənmək istəyirik. Dil öyrənmək üçün günlük plan tutmuşuq. Hər gün bunu etməyi qarşımıza hədəf qoymuşuq. Araya bir gün tənbəllik girir və yaxud başqa bir faydasız məşğuliyyət bizi cənginə alır. Zəncir qırıldı. İlk halqa qırıldısa, zəncir qırılmaları, demək olar ki, hər gün davam edir. Bir də baxırıq ki, bir həftədir biz dil öyrənməyi buraxmışıq.
Təmizlik. Yolda gəzərkən banan yediyinizi düşünün. Bananı soymağa başladınız. Qabığını harasa atmalısınız. Zibil qutusunun çox uzaqda olduğunu gördünüz, gözləriniz yerə baxdı, əgər yerdə başqa zibil gördünüzsə, əlinizdəki zibili, böyük ehtimal ki, onun yanına atarsınız. Yerdə zibil yoxdusa, əlinizdəkini atmazsınız.
Dəyərlərimiz. Get-gedə milli və mənəvi dəyərlərimizi itiririk. Bizə yad olan dəyərlər, təəssüf ki, bizi sevməyən qüvvələr tərəfindən təlqin edilir. Buna nümunə olaraq dini həyatımızı da misal verə bilərik. Peyğəmbərimizin (s.ə.s) bir hədisini xatırlayaq: “Dinin yox olub getməsinin başlanğıcı sünnənin tərk edilməsi ilə olacaqdır. İplərin bir-bir çözülüb qopması kimi, din də sünnələrin bir-bir tərk edilməsiylə, nəhayət, əldən gedər”. Bəli, sünnələrə əhəmiyyət verilmədikcə, bir müddət sonra fərzlərdə də axsaqlıqlar yaranmağa başlayacaq və pəncərələr qırıla-qırıla davam edəcək. Çünki ilk pəncərə olan sünnə artıq əldən çıxmışdır.
Əgər biz özümüzə aid olanı qoruya bilməsək və özümüzə aid olana biz zərər verməyə başlasaq, başqaları bizdən daha çox zərər verər. Buna nümunə olaraq uşaq tərbiyəsini göstərə bilərik. Başqasından öncə biz uşağımızı tənqid etsək, başqalarının yanında onu utandırsaq, alçaltsaq, ətrafımızdakı insanlar daha çoxunu edər. Yəni sahibsiz olan sınıq bir şeyi başqaları daha çox qırarlar.
“Sınıq pəncərə” nəzəriyyəsinə misallar saysız-hesabsızdır. Bir az düşünsək, həyatımızın hər nöqtəsində bu nəzəriyyəni tətbiq edə bilərik. İlk öncə öz iç dünyamızdan başlamalıyıq. Ciddi qəbul etmədiyimiz nöqsanlarımız, eyiblərimiz get-gedə böyüməyə davam edir. “Belə gəlib, belə də gedər” deyə özümüzü aldatmağa davam etməkdənsə, bu problemlərimizi həll etməyə çalışmalıyıq. Kiçik problemləri kiçik ikən həll etməsək, problemlər böyüyər.
Nəticə olaraq, bir pəncərə qırıldısa, dərhal tədbir görməliyik. Yoxsa digər pəncərələr qırıla-qırıla gedər. İndi bundan sonrakı həyatınızda “bir dəfədən heç nə olmaz” deyə başlayacağınız davranışların sizi hansı sınıq pəncərəli binaya götürəcəyini özünüz təxmin edin.
ŞƏRHLƏR