Dini və dünyəvi baxımdan QURBAN

Dini və dünyəvi baxımdan QURBAN

Allah tərəfindən vacib qılınan ibadətlərin hər birinin insanın fiziki cəhətinə müsbət təsirləri olduğu kimi, mənəvi-ruhi tərəqqiyə də müsbət təsirlər göstərdiyi danılmaz bir həqiqətdir. Məhz buna görə ibadətlərdə niyyət, ixlas, səmimiyyət ən əsas amillər kimi qəbul edilmişdir. Bunlardan məhrum olan hər hansı bir ibadətə riyakarlıq, göstəriş, təkəbbür qarışdığı üçün Allahın dərgahında heç bir dəyər ifadə etmir.

Müsəlmanların hər birinin əsas məqsədi Allaha yaxınlaşmaq, ona layiq bir bəndə olmaq, onun nəzərindən kənarlaşmaqdan çəkinmək və asi olmamağa çalışmaqdan ibarətdir. Allaha yaxınlaşmaq mənasını ifadə edən “Qurban” ibadətinin də əsas meyarlarından biri məhz ona yaxın olmaq, təslimiyətini aşkar etməkdir.  

Qurban kəsməyin insanın mənəvi tərəfinə müsbət təsirləri olduğu kimi, ictimai nöqteyi-nəzərdən də bir çox yaxınlaşdırıcı və yaxşılaşdırıcı yönləri vardır.

Fərdi baxımdan qurban insandakı təqvanı, Allaha yaxınlaşma istəyini gücləndirir. Qurban ibadəti təkcə heyvan boğazlamaq və ət yeməkdən ibarət deyil. Qurani-Kərimin ifadəsi ilə desək, qurbanların nə əti, nə də qanı Allaha çatır. Allaha ancaq qubanı kəsənlərin təqva və səmimiyyəti çatır. (əl-Həcc, 37) Təqva bütün ibadətlərin özəyidir. İbadətlər də təqvanı gücləndirir və formalaşdırır. Hz. Adəmin övladlarından Qabil Allaha təqdim etdiyi qurbanında səmimiyyəti yox göstərişi əsas aldığına görə qurbanı qəbul edilməmiş və pərişan olanlardan olmuşdur.

İnsanlarda şiddətə meyillilik fitri olaraq mövcuddur. Psixoloqların tədqiqatlarına görə, Qurban boğazlayaraq qan axıdan şəxslər şiddət duyğularına daha rahat nəzarət edə bilirlər. Odur ki, Qurban boğazlayan şəxslər yersiz yerə qan axıtmaz, qətlə müraciət etməzlər. Bu ibadət şiddət duyğumuzu formalaşdıraraq daxili aram verir. Hz. Peyğəmbərin (s.ə.s) Qurban kəsənlərə imkan nisbətində hər kəsin öz heyvanını özünün boğazlamasını tövsiyə etməsinin bir hikmətinin də bu olduğunu deyə bilərik.

Mütəxəssislərin qeydlərinə görə, Qurban kəsənlərin imkan nisbətində özünün kəsməsi və övladlarına izlətməsi qurbanın ət, yaxud pul bağışlamağın fövqündə Allaha yaxınlaşma anlayışını yeniləmə baxımından önəm kəsb edir. Qurban kəsimini izləyən uşaqlarda heyvanlara qarşı mərhəmət duyğusu inkişaf etməklə yanaşı, Allahın əmrlərinin yerinə yetirilməsi məsələsinin bütün duyğulardan daha əhəmiyyətli olduğu anlayışı formalaşır.

Qurban ictimai birlik şüurunu təmin və tənzim edir. Bu baxımdan Qurban maddi fədakarlıq və hədiyyələşmə təlimidir. Paxıllıq və mal-mülk sevgisindən insanı xilas edərək Allahın bəxş etdiyi nemətlərdən səmimi-qəlbdən verə bilməyi, paylaşmağı öyrədir. Məhz buna görə də kəsiləcək qurbanların xəstə və yararsız olmaması şərt kimi qəbul edilməklə yanaşı, əldə edilən ətin də ən azı 1/3 qisminin imkansızlara paylanması tövsiyə edilmişdir. Beləliklə, comərdlik, paylaşma, empatiya qurma xislətlərimiz inkişaf edir və insanlara qarşı olan məhəbbət, mərhəmət duyğularımız güclənir. Paylaşaraq müsəlmanlar arasında mənəvi qardaşlıq bağları güclənir. Unutmayaq ki, Allahın razılığı kasıbların, yoxsulların razılıq və dualarından keçir. Onlara edilən ikramlar Allaha edilmiş ikramlar kimi dəyər qazanır.

Qurban təqdirə razılıqdır. Allah tərəfindən əta edilən nemətlərə şükrün təzahürüdür. Hər nemətin şükrü öz cinsindəndir, deyilmişdir. Biz də Allahın bizə verdiyi mal-mülk imkanları nisbətində qazancımızdan onun yolunda bir qismini xərcləyir, qurban edirik. Hər kəs imkanları ölçüsündə məsuliyyət daşıyır. Bu baxımdan qurban kəsmə imkanı olanların onu yerinə yetirməməsi günah əməllərdən sayılmış, məsuliyyətdən boyun qaçırma kimi qəbul edilmişdir.

Qurbanın mənəvi qazanclarından başqa, dünyəvi-sosial baxımdan qazancları da gözardı edilməməlidir. Bunlardan biri də heyvandarlıqla məşğul olan, zəhmətkeş insanların maddi qazanc əldə etməsidir. Bu ibadəti yerinə yetirmək istəyənlərin qurduğu bazar həm kənd təsərrüfatına maliyyə dəstəyi təmin edir, həm də bazar iqtisadiyyatını canlandırır. Bu canlılıq uşaqların hədiyyələrə görə sevinməsinə, insanların qurduqları ikramlıq süfrələrdə təbəssüm etməsinə də müsbət töhfə verir.

Xülasə, qurban ibadəti Allaha yaxınlıq olduğu kimi, insanlar arasında da yaxınlıq amilidir. Səmimiyyətimiz nisbətində Allaha yaxınlaşdığımız kimi, paylaşma nisbətində də insanlara yaxınlaşarıq. Qurban mənəvi tərəqqi təmin etdiyi kimi, ictimai, ticari tərəqqini də bərpa edən ibadətdir.

 

 

 

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz