XEYİR BAZARI (KƏRMƏS)

XEYİR BAZARI (KƏRMƏS)

May və iyun tut aylarıdır. Almanın, şaftalının, qarpızın qabığı ilə müqayisə edəndə tut çılpaqdır. Tutun ömrü qablaşdırılacaq və uzaq məsafələrə daşınacaq qədər uzun deyil. Tut kasıbların çörəyidir. Tutun küləklə, yaxud küləksiz töküləni qarışqalar və həşəratlar üçündür. Nadir hallarda insan əlini uzadıb ağacdan tut dərər, o da bir-iki dənə. Tutu silkələyib yığırlar. Silkələnən tut ağacın altına sərilən örtüyə tökülür.

Patıltı ilə tökülən və örtüyün ortasına yığılan tutlar işıldayar, insanın gözünü oxşayar. Həmin an insan özünü böyük bir iş bacarmış kimi məxsusi hiss edər(di). İndi mindiyi maşın, oturduğu kreslo, geyindiyi bahalı paltar ilə özünü məxsusi zənn edən insan yağışı, gülü, şəlaləni və tutu görəndə yaşadığı bu duyğuları hiss etməyən hala gəldi.

Tut silkələməyi unudan insan “kəriz silkələmək – safı yolmaq” deyə bir ifadə icad etdi. Bununla aldadılaraq pulundan olan, var-dövləti soyulan imkanlılar nəzərdə tutulur. Tut silkələmək rəhmanidir, bölüşmək üçündür. Saf adamı soymaq isə şeytanidir. “Bizi aldadan bizdən deyil”sə, bəs kimdəndir?!

Örtüyə silkələnən tut bir nəfər üçün deyil. Tut yemək kollektiv işidir. Allah üçün qurulan kərməslər (xeyriyyə bazarları) tut silkələmək kimi kollektiv iş tələb edir. Burada örtüyə yığılan “tutlar” ikram etmək üçündür.

Əziz Mahmud Hüdayi türbəsinin yanında qurulan kərməs anadır, Bakıda Cəfərov Qardaşları küçəsi 16-da qurulan kərməs isə övlad. Ana ilə övladın arası uzaq ola bilər, bu, təəccüblü deyil. Bişkekdə Axunbeyova 200 ünvanında qurulan kərməsə isə nəvə deyə bilərik.

“Bala baldan şirindir, nəvə ondan da şirin” deyiblər. Əhməd Tecim abi! Bunu üstünlük və ya yarışmaq üçün demirəm; nəvənin baladan şirin olması sözü mənim sözüm deyil. Bala, yoxsa nəvə? Hansı daha şirindir deyə mübahisə etmək üçün vaxt itirməyə dəyməz. Allah hansını daha çox sevdiribsə, o şirindir.

28 aprel 2023 – kərməsdən bir gün əvvəl, gecə saat 22:30 radələri idi. Gördüm ki, axşam 19:00-da işdən çıxan növbətçi müəllim gəlib, sabahkı kərməs üçün çiyköftə yoğurmağa başlayıb. Aramızda illərin dostluğu da yoxdur. Bircə dəfə görüşmüşük, bundan əvvəl. Günün yorğunluğundan sonra bir də gəlib çiyköftə yoğurmaq qəlbdəki imanın, İslama hörmət və məhəbbətin təzahürüdür.

Kərməsdən əvvəlki gün yenə axşam saatlarında yaşlı bir qadın kursa gəldi, “kərməsə gələ bilməyəcəyəm” dedi və heç bir məhsulumuzdan satın almadan, “bu da məndən olsun” deyə bir miqdar pul verdi.

Yuxa satan bacıya nə demək olar?! Bişkekdə kirayə qaldığı evində yuxa açıb sataraq dolanışığını təmin edən bir bacımız kərməs günü erkəndən oxlovu ilə, sacı ilə gəlib səhərdən axşama kimi Allah rizası üçün işlədi. Kərməsə gələnlərin bəziləri aldıqları məhsulun qarşılığında verdikləri pulun qalığını götürmədən gedirdilər. Əvvəllər müsəlmanlar qurbanlıq heyvan alarkən qiymət üstündə uzun-uzadı mübahisə etməz, kilo-kilo hesablayaraq qəssabdan daha ucuz aldım, bir az baha oldu kimi hesablara yaxşı baxmazmış. Kərməsə gələnlərin də qiyməti diqqətlə incələməsi, bahalı-ucuz deməsi xoş  olmaz. Allah üçün yardım etmək məqsədilə alış-veriş edilirsə, qiyməti yox, niyyəti diqqətlə yoxlayıb təmiz tutmaq lazımdır. İsrafda xeyir olmadığı kimi, xeyirdə də israf olmaz.

Xeyriyyə bazarında piştaxta arxasındakı onlarla insana baxdım, heç birində bezginlik və yorğunluq görmədim. Maddi mənada heç bir qazancları olmadığı halda kərməsdə heç cib telefonu ilə də oynamırdılar. Hamısının üzündə təbəssüm və hüzur halı var idi. Məncə, həmin an mələklər orada idi, yoxsa belə bir ab-hava olmazdı. Bazarda öz malını satıb pul qazanan satıcıda bu cür xoş təəssürat, sevincli hüzur halı olmur. Sanki Allah axirətdə ikram edəcəyi nemətlərin bir qismini bu dünyada daddırır.

Kərməsdən bir gün əvvəl gecə yarısına qədər şirniyyatlar, börəklər bişirildi, xüsusi təmizlik və planlama aparıldı. Hər kəsin qatqısı oldu. Kimi əl əməyi, kimi pulu, kimi də fikri ilə bu işə qoşuldu. Kərməslərdə hədəf təkcə orada yığılan maddi vəsait deyil. Bu məhəbbət mühitinin və fədakarlıq duyğularının dəyəri maddiyyatla ölçülə bilməz. Kərməsdə alınanlar köhnələcək, yığılan pul xərclənəcək, amma mələklərin yazdığı və axirət mükafatı daim qalacaq. “Allah bir ox səbəbi ilə üç nəfəri cənnətə qoyar: 1) Oxu düzəldən – yetər ki, onu xeyir məqsədi ilə düzəltsin, 2) Oxu atan, 3) Oxu atacaq şəxsə çatdıran”. (Əbu Davud, Cihad, 24) İki-üç qarışlıq bir ox üç nəfərin cənnətə getməsinə səbəb olursa, oyuncaqdan qidaya, kitabdan xırdavata kimi onlarla məhsulun satıldığı kərməs sayəsində, inşallah, minlərlə insan cənnətə qovuşacaq.

Tarixi yaşayanla yazan fərqli olduğu kimi, kərməsi hazırlayan, bu işdə tər tökənlə kərməs haqqında yazan da eyni olmur. Dolu tənəkələr səssiz-səmirsiz dayanır, amma içi boş tənəkələr hər zaman səs-küy çıxartmağa davam edir...

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz