İslam insan deyir

İslam insan deyir

İslam dini gəldiyi zamandan etibarən çoxdandır unudulmuş, tapdanmış, diqqətə alınmayan bir çox insan haqlarını yenidən bərpa edərək, dirçəldərək bəşəriyyətin ədalətlə yaşadığı bir cəmiyyət qurmağı hədəf güdmüşdür.

İslam dininin yenidən həyata keçirdiyi/dirçəltdiyi ən mühüm haqlardan biri də qadınların o dövrdə yox sayılan insan haqlarıdır. İslamın gəldiyi dövrdə qadın haqlarından danışmaq bir tərəfə, qadının insan olub-olmadığı müzakirə edilirdi. Heç bir maddi haqqının, hətta bəzi bölgələrdə yaşama haqqının belə olmadığı bilinməkdədir. Və bəzi bölgələrdə qadın olması səbəbilə qız uşaqları mərhəmətsizcə diri-diri torpağa basdırılırdı. Qurani-Kərim bu acı və dəhşət dolu səhnəni son dərəcə çirkin görərək Təkvir surəsinin 8-9-cu ayələrində bu günahın axirətdəki acı qarşılığını xatırladır və belə qınayır: “Diri-diri torpağa basdırılan qız uşağı hansı günaha görə öldürüldü deyə soruşulacağı zaman!..”. Bu və bu kimi bəzi ayələrdə, həmçinin hədisi-şəriflərdə qız uşaqlarının xor görülməsi qətiyyətlə qadağan edilmiş, qız övladı ilə oğlan övladı arasında heç bir dəyər fərqinin olmadığı ifadə edilmişdir.

Qadın fizioloji cəhətdən kişidən zəif olsa da, bu, onun üçün xor görülmə səbəbi sayılmayıb, əksinə, bu vəsilə ilə kişiyə qadını himayə etmə, sevgi və şəfqət göstərmə, ehtiyaclarını təmin etmə kimi vəzifələr yüklənmiş, bunlarla birlikdə qadına ana olması səbəbilə də heç bir mədəniyyətdə bənzəri görülməyən bir ucalıq və dəyər verilmişdir: “Cənnət anaların ayaqları altındadır". (Münavi, Feyzul-qadir, III, 361)

İslamda insan haqlarından söhbət gedəndə mütləq qeyd olunacaq xüsuslardan biri, dinimizin həyata keçirdiyi ən böyük inqilablardan biri olduğu halda, bu gün guya dırnaqarası qadın haqlarını müdafiə edən bəzi qüvvələr (feminist zehniyyət) tərəfindən tənqidə məruz qaldığımız “qadınlara/xanımlara tanınan insani haqlar” mövzusudur. On dörd əsr əvvəlki insanlığın qadına mübasibətinə baxanda İslamın qadınlara verdiyi dəyərin və haqların nə qədər əhəmiyyətli olduğu daha yaxşı anlaşılır. İnsaflı və vicdanlı şəkildə  istər Quran ayələri, istər Peyğəmbərin (s.ə.s) söz və tətbiqləri araşdırılanda, bu, çox bariz bir şəkildə görülməkdədir.

Qadın yaradılış etibarilə kişiyə görə ikinci dərəcədə bir dəyərə sahib deyildir. Qayda olaraq insanların ən dəyərlisi "təqvada ən üstün olandır" (əl-Hucurat, 13). Qurani-Kərimdə və dolayısı ilə dinimiz İslamda fərqli fizioloji və psixoloji quruluşa sahib olan qadın və kişidən biri digərindən daha üstün və ya ikisi bir-birinə tay/bərabər tutulmaq yerinə, bir-birinin tamamlayıcısı qəbul edilmişdir (əl-Bəqərə, 187). İslam inancına görə, Hz. Adəm bütün insanlığın atası olduğu kimi, Hz. Həvva da bütün insanlığın anasıdır (əl-Hucurat, 13). Ancaq, təəssüf ki, digər səmavi dinlərdə (təhrif etdikləri kitablarında) Hz. Adəmi cənnətdə günah işləməyə həyat yoldaşının, yəni qadının təşviq etdiyi deyilir. Bu isə Qurani-Kərimdəki məlumatlarla uyğun gəlmir. Bəqərə surəsinin 36-cı ayəsində: “Şeytan onları çaşdırdı..” buyurularaq, hər ikisini də şeytanın aldatdığı ifadə edilir.

Hz. Peyğəmbər (s.ə.s) hər daim haqları tapdanan qadınları əzilməkdən qoruyacaq tədbirlər qoymuş, bu xüsusda lazımi xəbərdarlıqlar etmiş və qadına zərər görməyəcək bir rəftar göstərilməsini əmr etmişdir. Bu kimi səbəblərlədir ki, qadınlar Məkkə dövründən etibarən insan kimi rəftar gördükləri bu dinə sahib çıxaraq, şəxsən təbliğ və dəvət işlərində iştirak etmişdilər. Mədinə dövründə də rahat girib-çıxmaları üçün Məscidi-Nəbəvinin bir qapısı xanımlara ayrılmışdır. Onlar rahatlıqla məscidə gedərək Allah Rəsulunu dinləmiş, qadınlara aid elmi məlumatları öyrənmiş, anlaya bilmədikləri mövzuları da təkrar-təkrar soruşmuşdular.

İslamın qadınlara tanıdığı haqlarla xanımlar həmçinin evlənərkən evlənib-evlənməmə xüsusunda məcbur edilməmiş, nikahlarında istədikləri mehir miqdarı təyin olunmuş və haqqı olan bu mehirə nə atasının, nə də ərinin müdaxilə etməsinə icazə verilmişdir. 

İslamın qadına bu qədər dəyər verməsinə baxmayaraq, təəssüf ki, bu gün, feminist zehniyyət İslamın qadınlara verdiyi bu uca dəyəri bəyənməyərək, Allahın qadınlara tanıdığı qiymətli haqların əksinə dəvət və təbliğ edərək, onun yerinə qoyulan bəzi imtiyazlarla guya qadınları müdafiə etməyə çalışır. Bununla da, qadınlar onlara lazım olan həqiqi insani haqlar yerinə, kimlərinsə şəhvani arzularının reallaşmasında bir əşya/vasitə vəziyyətinə gətirilir, bər-bəzəkli və yalan bir dünyada yaşadılırlar. Bu da, əlbəttə ki, fizioloji olaraq zəif yaradılışı olan qadının əzilməsinə - reklam vasitəsi kimi istifadə edilərək, yaxud fiziologiyasına və ailə səadətinə zərər verəcək dərəcədə ağır iş rejiminə tabe tutularaq haqlarının tapdanmasına səbəb olur. Haqq kimi görünən bu xüsuslar onlar üçün məşəqqətə, zülmə çevrilmiş olur.

Bunu unutmamalıyıq ki, İslam dini o gün də, müasir zamanımızda da qadınlar üçün ehtiyacları olan haqları, kişilərə də zərər vermədən, onların da haqlarını yox saymadan, yaradılışlarına və ilahi rizaya müvafiq olaraq tam təmin etmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz