Uşaqlar və bayram

Uşaqlar və bayram

Bayram dedikdə ağıla ilk olaraq ailə, xoşbəxtlik, sevinc, şükür və xoş duyğuları paylaşmaq gəlir. Bayramların mənəvi, psixoloji və sosial bir çox cəhətləri vardır. Yaşadığımız bu dünyanın gətirdiyi stress və qayğıları unudaraq pozitiv bir gün keçirmək hər insanın arzu etdiyi bir şeydir. Bu mənada bayramlar bir çox faydası ilə bizi özünə bağlayır.

Dinimizdə iki böyük bayram vardır. Bunlar Ramazan və ərəfəsində olduğumuz Qurban bayramlarıdır. Hər iki bayram bir çox ortaq xüsusiyyətləri ilə seçilməkdə, mahiyyət olaraq həm sevinməyə, həm də digərlərini sevindirməyə vəsilə olmaqdadır. Bayram dedikdə hər birimizdə mütləq olaraq uşaqlıqdakı bayram xatirələrimiz canlanmaqda, bir film kimi o xatirələr gözümüzün qabağından gəlib keçməkdədir. Demək ki, uşaqlığın bayram sevinci heç vaxt unudulmur, illər ötsə də, daim xatirələrdə canlı qalır.

Ən əhəmiyyətli bayram ənənələrindən biri ailə üzvlərinin, qohum-əqrəbanın bir yerə yığışması, bir-birini ziyarət etməsidir. Bunu xüsusi ilə vurğulamalıyam ki, bayram və tətil kəlməsi fərqli kəlmələrdir. Təəssüf ki, bayram dedikdə tətil, tətil dedikdə isə hansısa istirahətə yollanmaq kimi anlaşılır. Bu yanlışı düzəltməyimiz lazımdır. Bayramlar tətil etmək üçün deyil, ailə üzvlərimizi, qohum-əqrəbamızı, dost-tanışlarımızı görmək, ziyarət etmək, hal-xətir soruşmaq kimi sileyi-rəhim dediyimiz borcu yerinə yetirmək fürsəti olmalıdır. Bayramlarda biz bunu etməsək, yeni nəsil də biz yaşlandıqda və ya artıq özlərinə müstəqil həyat qurduqda bizə eynisini edəcəkdir. Odur ki, bayram qohum-əqrəba ziyarəti üçün bir fürsət kimi dəyərləndirilməli, uşaqlar da bana-nənə, əmi, dayı, xala, bibi və s. qohumların ziyarətinə aparılmalıdır.

Hədiyyə alınması, xoşladıqları şeylər alaraq sürpriz edilməsi, yeni paltar geyindirilməsi bayram xatirələrində xoş iz buraxacaq və uşaqları sevindirəcək işlərdəndir.

Bayramda uşaqlara bayram xərcliyinin verilməsi də onları sevindirəcək davranışlardandır. Əlbəttə, bayram xərcliyi sadəcə pul demək deyildir. Bununla uşağa bayramlarda paylaşmağın əhəmiyyəti öyrədilməkdədir. Digər tərəfdən, uşaqlar verilən xərcliyi azad, istədiyi kimi (halal və faydalı şeylərə xərcləmək şərti ilə) xərcləməyin sevinci ilə xoş anlar yaşayacaqlar.

Bayram həyəcanını daha yaxşı yaşamaları və bunu əla fürsətə çevirə bilmələri üçün onlarla müxtəlif oyunlar, yarışmalar və s. təşkil oluna bilər. Bu, uşaqların daha çox diqqətini çəkəcək işlərdir. Eyni zamanda bununla uşaqlara müəyyən tapşırıq və məsuliyyətlər verilərək onların şəxsiyyətinin formalaşmasına dəstək olunacaqdır.

İstər Ramazan, istərsə də Qurban bayramında uşaqlara bayram, oruc, sahur, ibadət, paylaşmaq və s. kimi bayramın ümumi məram və məqsədlərini qavraya biləcəkləri üslubda izah etmək lazımdır. Çünki yaşanan bayram həyəcanı onlarda bayramın mahiyyətini anlamağa və mənimsəməyə zəmin hazırlayacaqdır.

Uşaqların əlindən tutaraq bayram namazına aparılması da onlarda xoş xatirələrin qalmasına səbəb olacaqdır. Burada həm sosiallaşmaq var, həm də bu namaz camaat, bayram və duanın bərəkətindən istifadə edilməsi  üçün bir fürsətdir.

Bayram süfrəsini hazırlayarkən uşaqların da dəstəyindən istifadə etmək, onlara da iş tapşırmaq bayram həyəcanını daha da artıracaqdır.

Bütün bunları sadalayarkən bir məsələyə də toxunmaqda fayda vardır. Bəzi mövzuları uşaqlara açıqlayarkən onların yaş psixologiyasının nəzərə alınmasını yuxarıda qeyd etmişdik. Quran bayramı ərəfəsində ünvanlanan suallardan biri də budur ki, Qurban mövzusunu uşaqlara necə izah edək? Hansı metodu tətbiq edək və hansı yaşda bunu edək? Bununla bağlı uşaqların travma yaşamamaları üçün onu qeyd edə bilərik ki, uşaqların yaşına görə Qurban bayramının mənası izah oluna bilər. Qurban bayramı barədə danışarkən qurban kəsimi mövzusunun uşağın yanında təfərrüatla danışılmasına gərək yoxdur. Mümkün mərtəbə Qurban bayramından əvvəl qurbanlıq alınmalı və ev heyvanı kimi həyətdə bəslənməlidir.

Yaş kateqoriyalarına görə:

  • 0-3 yaş qrupu uşaqlara Qurbanın səbəbi yox, onun sosial tərəfi, insanlara əl tutmaq, köməklik göstərmək və s. yönü izah oluna bilər.
  • 3-6 yaş qrupuna Qurbanın sosial tərəfi ilə yanaşı, qısa və sadələşdirilmiş dini hekayələr üzərindən misallarla müəyyən izahlar verilə bilər.
  • 6-11 yaş qrupunda olan uşaqlara isə qurban mövzusunun müəyyən təfərrüatları izah oluna bilər.

Bəzi psixoloqlar 9 yaş üstü uşaqların qurban kəsimini kənardan izləməsinin onlarda hər hansı travmatik izlər meydana gətirməyəcəyini deyir. Yenə də, burada uşağın istəyi, əhvali-ruhiyyəsi nəzərə alınmalıdır.

Prof. Dr. Nevzat Tahran, “bayram sosial sərmayəni artırmaqdır”, - deyir. Sosial sərmayə insanların bir-biri ilə ünsiyyət içində olması, yardımlaşma və həmrəyliyin artmasıdır. Bayramların təkcə yaşca böyüklərin deyil, uşaqların da bayramı olduğu göz önündə tutularaq istər acı, istərsə də xoş xatirələrin onların zehnində qalacağı unudulmamalı, bu xoş günlərin onlarda müsbət keyfiyyət və səxsiyyətin formalaşmasına təkan verən amilə çevrilməsinə çalışılmalıdır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz