ÖMRÜN ZƏKATI
İslamın beş təməl əsaslarından biri də həcdir. Həcc mömin, zəngin, ağıllı, azad, sağlam və həddi-büluğ yaşına çatan hər bir müsəlmana fərzdir. Həcci inkar etmək küfrdür. Həcc ibadətinin əsas mərkəzi Məkkə şəhərində yerləşən, müsəlmanların qibləsi olan mübarək Kəbədir. Kəbə tövhid inancını əsas alan İslamın yeganə mərkəzidir. Kəbə, Quran diliylə desək, Yer üzündə inşa edilən ilk mübarək Allah evidir. Necə ki, Uca Allah Qurani-Kərimdə belə buyurur: “Şübhəsiz, insanlar üçün bərəkət və doğru yol rəhbəri kimi tikilən ilk ev (məbəd), Məkkədəki (Kəbə)dir. Orada açıq-aydın nişanələr və İbrahimin məqamı vardır. Kim ora daxil olarsa, əmin-amanlıqda olar. Ora getməyə gücü çatanların o evə həcc ziyarəti etməsi insanların Allah qarşısındakı borcudur. Kim (bu borcu) inkar edərsə, (bilsin ki,) həqiqətən, Allah aləmlərə (insanlara) möhtac deyildir”. (Ali-İmran, 96-97) Bu ayə həmçinin gücü çatan müsəlmanlara həcc ibadətinin fərz olduğunu bildirir.
Kəbə Allahın ilahi əmrinə tabe olaraq, dünyanın hər yerindən gələn, dilləri, irqləri, rəngləri ayrı olan yüz minlərlə müsəlmanın ağzından eyni iman, eyni şüur altında, ağappaq ehramlar içərisində Allah-Allah nidalarının yüksəldiyi mübarək bir məkandır. Kəbə Hz. Rəsulullahın (s.ə.s): “Allaha and olsun ki, (ey Məkkə) sən Allahın ən xeyirli yerisən. Əgər səndən (zorla) çıxarılmış olmasaydım, qətiyyən (bu yerdən) çıxmazdım”, (Heysəmi, Məcməüz-zəvaid, 3/283) - buyurduğu bərəkətli bir torpaqda yerləşən müqəddəs məkanın adıdır.
Həcc insan ömrünün zəkatıdır. Malın zəkatı pul ilə, bədənin zəkatı namaz və orucla verildiyi kimi, ömrün də zəkatı həcc etməklə verilmiş olar. Ağappaq kəfəni xatırladan ehrama bürünən möminlər bu ibadət əsnasında dünyanın fani olduğunu, özlərinin isə əbədi bir həyatın yolçuları olduqlarını daha yaxından hiss edərlər. Həcc insanın günahlardan təmizlənməsinə ən gözəl bir vasitədir. Həcci bütün şərtlərinə riayət edərək yerinə yetirənlərə Allah Rəsulu (s.ə.s) bu müjdəni vermişdir: “Kim həcc edər, həcci əsnasında ağzından pis bir söz çıxarmaz, günahlara girməzsə, o kimsə anasından yeni doğulmuş kimi günahlardan təmizlənmiş olaraq qayıdar”. (Buxari, Müslim, ət-Tac, c. 2, səh. 120)
Həccə gedən bir müsəlmanın Kəbədə yerləşən həcərül-əsvədi (qara daşı) öpməsi sünnə bir əməldir. Ancaq insanları necəgəldi itələməklə, başqalarına əziyyət etmək surəti ilə bu sünnəni yerinə yetirmək istəyən kimsə sünnə deyil, əksinə, ən azından məkruh bir iş görmüş olar. Necə ki, bu barədə Hz. Peyğəmbər (s.ə.s) Hz. Ömərə belə buyurmuşdur: “Ey Ömər! Sən qüvvətli bir insansan; həcərül-əsvədə yaxınlaşmaq üçün çiyninlə insanları itələmə, zəifləri kənara sıxışdırma! Nə narahat ol, nə də başqalarını narahat et! Qələbəlik olduğuna görə həcərül-əsvədə yaxınlaşa bilməsən, aralıdan “əl sürtüb öpmək” işarəsi et, kəlmeyi-tövhid oxuyaraq və təkbir gətirərək keç!” (Heysəmi, III, 241; İbn Hənbəl, I, 28)
Namaz əsnasında çiyin-çiyinə səf tutan möminlər həcdə daha cəm halda və daha geniş bir çərçivədə yan-yana gəlirlər. Qəlblər eyni duyğu ilə döyünür, dillər eyni şeyləri təkrarlayır. Fərqli rəng və millətlərdən olan möminlər həqiqi qardaşlığın necə olduğunu həcc əsnasında bir daha göstərirlər. Bu baxımdan bir məşvərət, fikir mübadiləsi demək olan həcdə müsəlmanlar bir-birilərinin dərdlərinə şərik çıxmağa çalışaraq kədər və sevinclərini birlikdə paylaşırlar.
Bunun üçün üzərinə həcc fərz olan kimsələrin zəruri bir səbəb olmadığı müddətcə gecikdirmədən bu fərzi yerinə yetirmələri lazımdır. Həccə getməyə hər cür imkanı olduğu halda getməyən kimsələr haqqında Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Hər kim azuqəsi və onu Allahın evi Kəbəyə aparacaq bir miniyi olduğu halda həcc ziyarətinə getməzsə, istər yəhudi, istərsə də xristian kimi ölsün, heç bir fərqi yoxdur”. (Tirmizi, Həcc, 3)
Yazımı Pakistanın mənəvi memarı sayılan Muhamməd İqbalın həcdən qayıdan hacılara xitabən söylədiyi bu məşhur sözləri ilə yekunlaşdırıram:
“Ey hacılar! Məscidi-Haramı, Mədineyi-Münəvvərəni ziyarət etdiniz. Oradan nə kimi hədiyyələr gətirdiniz?! Gətirdiyiniz təkkələr, təsbehlər, səccadələr bir müddət sonra solacaq və köhnələcəkdir. Solmayan, köhnəlməyən, müsəlmanların könüllərinə həyat və hüzur verən hədiyyələr gətirdinizmi? Gətirdiyiniz hədiyyələr arasında Hz. Əbu Bəkrin təslimiyyəti varmı? Hz. Ömərin ədaləti varmı? Hz. Osmanın comərdliyi varmı? Hz. Əlinin cəsarəti varmı?”
Bəli, bu gün biz müsəlmanların Məkkədən, Mədinədən gətirilən təkkələrdən, təsbehlərdən, səccadələrdən daha çox həqiqi təslimiyyətə, hər kəsin haqqını təmin edəcək ədalətə, bütün göz yaşlarını siləcək comərdliyə, məzlumları zülmün məngənəsindən müdafiə edəcək cəsarətə ehtiyacı var. Peyğəmbərimizin (s.ə.s) təlqin etdiyi ümmət şüuru məhz bu xüsusları əsas götürərək bütünləşməyi tələb edir.
Uca Allah bu şüurla həcc ibadətini yerinə yetirməyi bütün müsəlmanlara nəsib etsin!
ŞƏRHLƏR