Qurbanda fiqhi məsələlər

Qurbanda fiqhi məsələlər

“İbadət məqsədi ilə müəyyən bir vaxtda müəyyən şərtləri daşıyan heyvanı üsuluna uyğun kəsmək” deyə ifadə edilən qurban, dinimizdə vacib buyurulan ibadətlərdəndir. İnsanın Allaha yaxınlaşmasına vəsilə olan qurban Uca Allahın buyruqlarına könüldən itaət və onun nemətlərinə şükür borcudur.

Qurban kəsmək müsəlman, ağıllı və həddi-büluğa çatmış, səfərdə olmayan və nisab miqdarı mala sahib olan hər kəsə vacibdir. Qurbanın nisab miqdarı zəkat və fitrənin nisabı ilə eynidir. Yəni zəkat və fitrə verməklə mükəlləf olanlar eyni zamanda qurban kəsməklə də məsuldurlar. Qurban kəsənlər bu şərtlərə riayət etməlidirlər:

- Qurban bayramın birinci, ikinci və ya üçüncü günləri kəsilməlidir. Birinci gün kəsmək daha fəzilətlidir. Qurbanın kəsim vaxtı bayramın ilk günü bayram namazından sonra başlayıb, üçüncü günü günəş batana qədər davam edir. Qurbanların gündüz kəsilməsi tövsiyə edilmiş, gecələr qurban kəsimi məkruh görülmüşdür.

- Qurbanın ibadət niyyəti ilə kəsilməsi şərtdir. Qurani-Kərimdə kəsilən heyvanların ətlərinin və qanlarının deyil, qurbanı kəsən müsəlmanların niyyət və təqvalarının Allaha çatacağı bildirilmişdir. (əl-Həcc, 37) Şərikli kəsilən böyük baş heyvanın qurban olaraq məqbul sayılması üçün ortaqların hamısı qurban kəsmə niyyətində olmalıdır.

- Dinimizin qurban olaraq kəsilməsini uyğun saydığı heyvanlar qoyun, keçi, dəvə, inək və camışdır. Bu heyvanların erkəyi də, dişisi də qurban edilə bilər. Keçi, inək və dəvələrin erkəkləri ilə dişiləri qiymət baxımından eyni olsalar, bunların hər birinin dişisini qurban etmək erkəyini qurban etməkdən daha fəzilətlidir. Qoyun cinsində isə qoç kəsmək daha məqbuldur. Adı keçən heyvanların qurban edilə bilmələri üçün müəyyən yaş həddini keçmiş olmaları şərtdir. Dəvə 5, inək və camış 2, qoyun və keçi isə 1 yaşını doldurma şərti ilə qurban edilə bilər. Altı ayını keçib bir yaşındakı qoyun kimi iri olan quzular da qurban edilə bilər. Qoyun və keçini bir nəfər, dəvə, inək və camışı isə yeddi nəfər şərikli qurban kəsə bilər.

- Kəsiləcək heyvanda qurban edilməyə əngəl bir qüsur olmamalıdır.  Heyvanın sağlam, əzaları tam, iri və kök olması bu ibadətin qayə və mahiyyətinə daha uyğundur. Çox zəif, ayaq üstə dura bilməyəcək qədər xəstə, gəzə bilməyəcək dərəcədə topal heyvanlar qurban edilə bilməz. Habelə bir və ya iki gözü kor, dişlərinin çoxu tökülmüş, buynuzunun biri və ya hər ikisi kökündən qırıq, qulağının və ya quyruğunun yarısından çoxu kəsik, anadangəlmə qulaqsız və ya quyruqsuz heyvanlar qurban edilməz.  Qulağı dəlik, qulağının ucu kəsik, qulağı yarıq, dişlərinin azı tökülmüş və cinsi orqanı burulmuş heyvanlar isə qurban edilə bilər. Çəp, topal, anadangəlmə buynuzsuz, buynuzunun az qismi qırılmış heyvanlar da qurban edilə bilər.

- Heyvan kəsim yerinə əziyyət verilmədən aparılmalı, kəsim zamanı qibləyə qarşı və sol tərəfi üzərinə yatırılmalı, “Bismillahi Allahu əkbər” deyərək kəsilməlidir. Qurban kəsilən zaman “Bismillah” qəsdən tərk edilərsə, qurbanın əti yeyilməz. Hər kəsin qurbanını özünün kəsməsi daha uyğundur. Bu mümkün deyilsə, başqasına vəkalət verib kəsdirmək olar.

Kəsim zamanı aşağıdakı ayələrin oxunması münasibdir:

اِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ   

إنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ لاَ شَرِيكَ لَهُ وَبِذَٰلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ

Mən hənif olaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm! De: mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə əmr olunmuşdur və mən ilk müsəlmanam”. (əl-Ənam, 79, 162-163) Bu ayələri oxuduqdan sonra “Allahım! Dostun İbrahimdən (ə.s) və həbibin Muhamməddən (s.ə.s) qəbul buyurduğun kimi məndən də qəbul et!” şəklində dua edilər və təşrik təkbiri oxunar.

Qurban kəsən kimsə heyvana əziyyət verməməli, bıçağı heyvana göstərməməli və iti bıçaqdan istifadə etməlidir.

Qurban ətinin üç hissəyə bölünməsi müstəhəbdir. Bunlardan bir hissəsi qurban sahibi və baxmaqla məsul olduğu şəxslər tərəfindən istifadə edilər. İkinci hissəsi, imkanlı olsalar da, dost və qohum-əqrəbaya pay verilər. Üçüncü hissəsi isə qurban kəsə bilməyən yoxsullara paylanar. Əgər qurban kəsən orta vəziyyətdə biridirsə və baxmaqla məsul olduğu şəxslər çoxdursa, ətin hamısını evində istifadə edə bilər.

Qurban sırf Allahın razılığını əldə etmək məqsədi ilə kəsildiyi üçün ətinin və digər hissələrinin satılması və ya sahiblərinə gəlir gətirən işlərdə xərclənməsi caiz deyil. Qurban ətinin qurbanın kəsildiyi bölgədə paylanması daha məqsədəuyğundur. Ancaq ehtiyac olarsa, başqa bölgələrə göndərilməsi və ya qurbanın başqa bölgələrdə kəsilməsi də caizdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz