Köhnə bayramlar
Bayramlar insanlar arasındakı sevgi, məhəbbət əlaqələrinin möhkəmləndiyi, küsülülərin barışdığı, qohumluq və qardaşlıq ruhunun canlandığı, yaşlıların, xəstələrin, kasıbların, yetim və kimsəsizlərin yad və şad edildiyi, hədiyyələşmə, birlikdə yeyib-içmə, deyib-gülmə, sevinib-əylənmə kimi sosial həmrəyliyin çoxaldığı və nemətlərin bol olduğu xoşbəxt və nəşəli günlərdir.
Qurban və Ramazan bayramları, ildə iki dəfə də olsa, insanların bir-birilərini yada saldığı, öz yaxınlarını və əzizlərini aradığı, onları ziyarət etdiyi, ailə, qohumluq, qonşuluq və dostluq kimi ən ali keyfiyyətlərin yaşandığı xüsusi və əhəmiyyətli günlərdir.
Uşaqlığımızda günlər öncəsindən bayram hazırlıqları başlayardı. Bayramqabağı həyət-baca, ev-eşik, hər tərəf tərtəmiz süpürülər, səliqə-sahmana salınar, bayram paltarları alınar, bayram şirniyyatları bişirilər, gələcək qonaqlar üçün yeməklər hazırlanardı. Uzaqdan gələcək olan ailə yaxınlarını isə həsrətlə gözləməyə başlayardılar. Bayram günlərində vacib işlər xaricində başqa işlər görülməz, sadəcə bayramlaşma olardı.
Hər kəs bir öncəki gündən təmizliyini görər və bayram səhəri erkən qalxmağa diqqət edərdi. Bayram günü isə ən yaxşı paltarlarını geyinər, gözəlcə ətirlənər və ilk andan etibarən bayramın sevincini və gözəlliyini hiss etməyə çalışardı.
O zamanlar dini bayramların dövlət tərəfindən qeyd olunması qadağan edilmişdi. Lakin buna baxmayaraq, həmin ərəfədə xalq arasında, gizli də olsa, ciddi hərəkətlilik müşahidə olunar və bayram təlaşı yaşanardı. Hətta rejimin təsiri ilə dini ibadət və ayinlərdən uzaq olanların bir çoxu da bayram günlərinə xüsusi əhəmiyyət verər və o günləri öz yaxın ətrafı ilə qeyd edərdilər.
Məscidlərin qapalı və ibadətlərin qadağan olduğu bir dövrdə, təbii ki, bayramları bayram kimi qeyd edə bilmək olduqca çətin və məsuliyyət tələb edən bir iş idi. İnsanlar nəzarət altında yaşasalar da, ələlxüsus ağsaqqallar, yaşlılar bayram günü bir yerə cəm olmağa can atar, evlərin zirzəmilərində, bağ-bağçalardakı sıx meşəlik kimi ağacların arasında, qəbiristanlıq kimi gözdən uzaq yerlərdə gizlicə bayram namazlarını qılmağa səy göstərərdilər. Uşaqlıq illərimdə bir neçə dəfə babamla, əmilərimlə bu şəkildə bayram namazını qıldığımızı xatırlayıram.
Bayram günləri qəbir ziyarətinə çox böyük əhəmiyyət verilərdi. Bunun üçün bir neçə gün əvvəldən qəbiristanlıqlar təmizlənər, məzarların üstü və ətrafı səliqəyə salınardı. Xalq isə bayram günü səhər tezdən qəbiristanlığa öz yaxınlarını və əzizlərini ziyarət etmək üçün axın edərdi. Qəbiristanlıqda hamı bir yerə toplaşar, böyük, ağsaqqal bilinən kişilər tərəfindən Yasini-şərif və dualar oxunar, axirətə köçənlər yad edilərdi. Adətən, qadağalardan qorxan və çəkinən camaat da daha çox qəbiristanlıqlarda bayramlaşardı.
Bir çox hallarda uşaqlar dini bayramlardan uzaq tutulardı. Bəzi ailələrdə böyüklər öz aralarında qeyd etsələr də, uşaqların bundan heç xəbəri də olmazdı. Ona görə ki, bu barədə məktəblərdə, təhsil müəssisələrində, dövlət qurumlarında çox ciddi əks-təbliğat aparılırdı. Yaxşı xatirimdədir, Qurban bayramı günü məktəbə getməyən bir uşaq, ertəsi gün divar qəzetində ifşa edilərək təhqir olunar, sinif yoldaşları arasında alçaldılar və ya karikaturası çəkilərək lağ edilərdi.
Lakin məhrumiyyətlərə, qadağalara və çətinliklərə baxmayaraq hər bayramın öz gözəlliyi var idi. Bayramlar birlik və bərabərliyin, böyük və kiçiyin, sevgi və sayğının, hörmət və məhəbbətin, həvəs və həyəcanın, coşqu və təntənənin günləri idi.
Böyüklərimizin öz milli-mənəvi dəyərlərini qoruyub yaşatdığı, böyük həvəs və həyəcanla, sevərək qeyd etdiyi o köhnə bayramlar yaddaşlarda dərin izlər buraxmışdır. Anamla bərabər Ramazan ayında kimsə görməsin deyə gecənin gec saatlarında oruc tutub, təraveh qılanlara ehsan olaraq götürdüyümüz halva-çörək təknəsini, yenə Qurban bayramı günü kimsə görməsin deyə gizlində kəsdiyimiz qurban ətlərini payladığımız o günləri heç unutmuram.
Şükürlər olsun! İndi azad, açıq bir şəkildə, dövlət səviyyəsində bayramlarımızı qeyd edirik. Bayramı bayram kimi qeyd etdikdə isə dəyərlərimizi yaşatmış və gələcək nəsillərə xeyirli bir ənənə buraxmış olarıq. Bayramlar vəsiləsiylə ailə üzvləri arasında sevgi, məhəbbət və yaxınlıq əlaqələri möhkəmlənər, analar, atalar, yaxın qohum-əqrəbalar, dostlar və tanışlar ziyarət olunaraq ailə münasibətləri qüvvətlənər, uşaqlar öz yaxınlarını görər, tanıyar və onlar ilə olan əlaqələri güclənər.
Şübhəsiz ki, bayramlar yaxşılıqları və gözəllikləri bölüşmək üçün bir fürsətdir. Bayramları bayram kimi keçirə bilmək arzusu və diləyi ilə, xeyirli bayramlar!..
ŞƏRHLƏR