HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 21
Hüdayi həzrətləri buyurur:
Nədir bu əllərlə ayaq?
Nədir bu dillərlə dodaq?
Aç gözün ibrət ilə bax!
Aləm tamaşagah imiş…
Kainatdakı hər varlıq Allah-Təalanın isim və sifətlərinin təzahürü, ilahi qüdrət, əzəmət və sənətin möhtəşəm təcəllisidir.
Ayeyi-kərimədə buyurulur:
“Biz (varlığımızı və qüdrətimizi göstərən) dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində göstərəcəyik ki, onun (Quranın) haqq olduğu onlara aydın olsun…” (əl-Fussilət, 53)
Qurani-Kərim Haqq-Təalanın qövli ayələri olduğu kimi, kainat kitabında sərgilənən hər bir varlıq da Yaradıcısını xatırladan və ilahi mesajlar daşıyan kövni ayələrdir.
Əsas məsələ Qurana, kainata, həyata və hadisələrə bu şüur və idrakla baxa bilmək, verilən ilahi mesajların təfəkküründə dərinləşə bilməkdir.
Rəsulullah r belə buyurmuşdur:
“Rəbbim mənə sükutumun təfəkkür olmasını əmr etdi”. (Cəzəri, Camiul-Üsul, XI, 687/9317; Qudai, Şihab, № 1159)
Haqq dostlarından Əhməd ər-Rüfai həzrətləri də:
“Təfəkkür Rəsulullah r -in ilk əməlidir. Çünki Onun ibadəti bütün fərzlərdən əvvəl Allahın məxluqatını və nemətlərini düşünməkdən ibarət idi. Elə isə siz də təfəkkürdən möhkəm yapışın və onu ibrət vəsiləsi edin”, - buyurmuşdur.
Əbu Rəzin əl-Uqayli t Rəsulullah r -in kainat kitabındakı kövni ayələrdən verdiyi bir misalı belə nəql edir:
“Bir gün “Ey Allahın Rəsulu! Allah-Təala məxluqatı yenidən necə dirildəcək? Bunun dünyadakı misalı nədir?” – deyə soruşdum.
Peyğəmbərimiz r belə bir sual verdi: “Sən heç quraq mövsümdə qövmünün yaşadığı vadidən keçmədinmi? Daha sonra başqa bir vaxt hər tərəfin yamyaşıl olduğu bahar mövsümündə orada olmadınmı?”.
Mən: “Əlbəttə!” – deyə cavab verdikdə Allah Rəsulu r belə buyurdu:
“Bax, elə bu, Allahın yenidən yaratmasına dəlildir. Allah ölüləri də belə dirildəcəkdir!”. (Əhməd, IV, 11)
Səhabeyi-kiram da həyata və kainata təfəkkür nəzəri ilə baxıb lazımi ibrətləri almağı dizinin dibində yetişdikləri Peyğəmbərimizdən öyrənmişdi. Əbu Zər t belə buyurur:
“Vallahi, Allah Rəsulu r axirətə köçərkən bizi elə halda qoyub getmişdi ki, göydə bir quş qanad çırpsa, bizə Rəsulullahın bir hədisini xatırladırdı…” (Əhməd, V, 153, 162; Heysəmi, VIII, 263)
Tabeun nəslinin böyük şəxsiyyətlərindən Əbu Vail g-in nəql etdiyi bu hadisə də çox ibrətlidir:
“Abdullah bin Məsud t ilə yola çıxmışdıq. Rəbi bin Heysəm də yanımızda idi. Bir dəmirçinin yanından keçərkən Abdullah t ayaq saxlayıb alovun içindəki dəmirə baxmağa başladı. Rəbi də alova baxdı və bir anda səndələyib yıxılacaq kimi oldu. Sonra Abdullah oradan ayrıldı. Fərat çayının sahilində bir kürənin yanına gəlib çıxdıq. Abdullah t kürədə alov tutub yanan atəşi gördükdə:
“(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (kafirlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər. Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar” (əl-Furqan, 12-13) ayeyi-kəriməsini oxudu.
Bu zaman Rəbi g özündən getdi. Onu evinə apardıq. Abdullah t günortaya qədər baş ucunda gözlədi, lakin Rəbi ayılmadı. Axşama qədər gözlədi, nəhayət, ayılıb özünə gəldi…” (Əbu Ubeyd, Fəzailul-Quran, s. 23)
Allah-Təala bir çox ayeyi-kərimələrdə biz bəndələrini qəbir, qiyamət, diriliş, hesab, sirat, cənnət və cəhənnəmi təfəkkürə dəvət edir. Əsla axirəti unutmamağı əmr edir. İlahi təlimatda belə buyurulur:
“Bəs onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlblərində qıfıllarmı var?!” (Muhamməd, 24)
Qurani-Kərimin xüsusilə son üç cüzündə əsasən qiyamət və axirət xəbərləri verilir. Yer üzünün necə olacağı, göylərin nə hala düşəcəyi, dağların pambıq kimi sovrulub dənizlərin qaynayacağı, səmavatın kağız kimi büküləcəyi, insanların o günün dəhşətindən nə vəziyyətə düşəcəyi bildirilir.
Məhz bu kimi həqiqətlərin təfəkküründə dərinləşərək səviyyə qazanan könüllər həyatı əbədiyyət üfüqündən seyr etmə fərasəti ilə yaşayarlar.
Bu hadisə necə də mənalıdır:
Xəlifə Harun Rəşid bir gün hamama getmişdi. Hamamın qulluqçusu bilmədən qaynar su töküb Harunu yandırdı. Harun ər-Rəşid yanan bədəninin acısı ilə hamamdan çıxıb minlərlə sədəqə payladı və belə dedi:
“Bu gün hamamın suyuna dözə bilmirəm. Qiyamət günü cəhənnəm oduna atılsam, halım necə olar!.”.
Hüdayi həzrətləri buyurur:
Həqiqət üzrə əşyayı görüb bilmək nəsib ola,
Məcazi mövcə baxmayıb bulalım əsli-dəryayı…
“Haqq-Təala hər birimizə əşyanın / varlıqların həqiqi üzünü görməyi, əsl mənasını anlamağı nəsib etsin ki, məcazi dalğalara aldanıb əsl dəryadan qafil qalmayaq”.
Hadisələrin sırf maddi və zahiri səbəblərini görüb mənəvi amillərini görməzdən gəlmək, verilən ilahi mesajları könül gözü ilə oxuya bilməmək böyük bir qəflətdir.
Təəssüf ki, bu gün dinimizə, mədəniyyətimizə, xüsusilə Anadolu irfanına yad olan düşüncə və zehniyyətlə təməlləri atılan təhsil sistemi həyat və kainatı yalnız səbəblər dairəsində və maddi planda dəyərləndirmə naqisliyini də özü ilə gətirdi. Hadisələrin mənəvi tərəfini, hikmət və ibrət dərslərini oxuyacaq könül gözlərinə pərdə çəkildi. Hər şeyi məhdud ağıl tərəzisi ilə ölçüb dünyəvi qaydalarla izah etmə səyləri insanı ruh və mənadan uzaqlaşdırdı, könüllərdəki hikmət idrakını zərərə düçar etdi. Bunun nəticəsində yaşanan böyük hadisələr belə yalnız maddi və fiziki səbəblərlə izah edilməyə başlandı.
Kainatdakı bir yarpaq belə Allahın izni və xəbəri olmadan düşmədiyi halda[1] bütün bunların səbəbsiz, hikmətsiz və özbaşına var olan “təbiət hadisələri” olduğunu düşünmək iman şüuru ilə uzlaşmır.
Bu etibarla son illər ərzində tez-tez yaşanan zəlzələ, sel, quraqlıq, yanğın, epidemiya və bu kimi hadisələri elm çərçivəsində təhlil edib maddi tədbirlərə əl atdığımız kimi, bütün bunları iman və irfan pəncərəsindən də seyr edib lazımi hikmət və ibrət dərsi almalı, mənəvi tədbirlərə də riayət edib halımızı və istiqamətimizi düzəltməliyik.
Unutmayaq ki, Allah-Təala Qurani-Kərimdəki qövli ayələri ilə biz qullarına xəbərdarlıq etdiyi kimi, zaman-zaman kainat kitabındakı kövni ayələrlə də bu gerçəyi bizə xatırladır. Ona görə də Quran ayələri kimi kainat kitabındakı kövni ayələri də ibrət və hikmət nəzəri ilə oxumağı unutmamalıyıq.
Biz də həyata və kainata arif nəzərlə baxan əshabi-kiram və Haqq dostları kimi könüllərimizi Quran və Sünnə iqlimində yoğurmalıyıq ki, gördüyümüz hər mənzərədən ilahi və nəbəvi dərslər alıb halımızı gözəlləşdirməyə çalışaq.
Bildiyimiz kimi, 6 fevral tarixində 11 bölgəmizdə güclü zəlzələ oldu. Sanki kiçik qiyamət yaşandı. Halbuki bu, qiyamətdə yaşanacaq dəhşətin heç milyonda biri də deyil. Zəlzələnin əhatə dairəsi və şiddəti o qədər böyük oldu ki, “əsrin fəlakəti” adlandırıldı. Dünyanın faniliyini, bir anda həyat şərtlərinin dəyişməsinin mümkünlüyünü, əslində ölümə nə qədər yaxın olduğumuzu bir daha dərindən hiss etdik. Bir çox din qardaşımız dağıntılar altında can verdi və mənəvi səviyyəsinə görə bir dərəcə aldı. Ümid edirik ki, Allah onlara şəhidlik məqamı lütf edər. Bir çox qardaşlarımız da günlər sonra uçqun altından yaralı halda xilas edildilər. Rəbbim onlara da tez zamanda şəfa versin.
Dağıntılar altında qalan qardaşlarımız bizə “Əshabi-Rəqim”i xatırlatdı. Gəlin bir daha Əshabi-Rəqimin ibrətlərlə dolu qissəsini təfəkkür edək.
Qurani-Kərimdə zikr edilən Əshabi-Rəqim İsrail oğulları zamanında yaşamış üç gəncdir.[2] Rəsulullah r onların qissəsini belə nəql etmişdir:
“Sizdən əvvəlki ümmətlərdən üç nəfər səfərə çıxmışdı. Onlar yolda ikən yağış yağmağa başladı. Daldalanmaq üçün dağdakı bir mağaraya sığındılar. Bu zaman dağdan bir daş yuvarlanıb mağaranın ağzını tamamən kəsdi. Bir-birilərinə:
- Vallahi, sədaqətdən başqa heç nə bizi buradan xilas edə bilməz. Ona görə də hər biriniz sədaqətlə işlədiyi bir əməlini vəsilə edərək Allaha dua etsin! - dedilər.
Aralarından biri belə dua etdi:
“Allahım! Ata-anam çox yaşlı idi. Onlar yemədən ailəmə heç nə yedirib-içirməzdim. Bir gün heyvanları otarmaq üçün uzaqdakı bir meşəyə getmişdim. Evə qayıdanda atamla anam artıq yatmışdı. Onlardan əvvəl ailəmə süd içirməyi rəva görmədim. Ata-anamı da oyatmaq istəmirdim. Əlimdəki süd çanağıyla oyanmalarını gözlədim. Nəhayət, gün çıxarkən ata-anam oyanıb südlərini içdilər.
Allahım! Əgər bu işi Sənin rizan üçün etmişəmsə, bizi bu bəladan qurtar!”
Bu zaman daş bir az aralandı, lakin çıxmaq mümkün deyildi. İkinci adam belə yalvardı:
“İlahi! Əmimin bir qızı vardı. Bir kişi bir qadını nə qədər çox sevə bilərsə, mən də onu elə sevirdim. Onunla olmaq istədim. Lakin təklifimi qəbul etmədi. Bir neçə il keçdikdən sonra bir qıtlığa düçar olub yanıma gəldi. Dediyimi edərsə, yüz dirhəm verəcəyimi söylədim. Çarəsiz qalıb qəbul etdi. Tam əlimi uzadacağım an:
“Allahdan qorx, haqsız olaraq mənə toxunma!” - dedi.
Əlimdə imkan olduğu halda Allahdan qorxaraq bu işdən əl çəkdim. Verdiyim pulları da ona bağışladım.
Allahım! Əgər bu işi sırf Sənin rizanı qazanmaq üçün etmişəmsə, bu bəlanı bizdən uzaqlaşdır!”
Mağaranın qapısı bir az da aralandı, amma çıxmaq üçün yenə əlverişli deyildi. Üçüncü yoldaşları da belə dua etdi:
“Allahım! Muzdlu işçilərim vardı, hamısının haqqını verdim. Lakin aralarından biri pulunu almadan çıxıb getdi. Ona verəcəyim pulu bir işə yatırdım və gəlir əldə etdim. Bir müddət sonra həmin adam yanıma gəlib pulunu istədi. Mən də:
- Bu gördüyün dəvə, öküz və qoyun sürüləri sənin pulunla artıb. Hamısını götür, sənin olsun! – dedim. O:
- Ey Allahın bəndəsi! Məni məsxərəyə qoyma! - dedi.
- Səni məsxərəyə qoymuram, həqiqəti söyləyirəm, - dedim. O da bütün mal-qaranı qabağına qatıb getdi.
İlahi! Əgər bunu Sənin rizan üçün etmişəmsə, bu bəlanı dəf et!”
Nəhayət, daş mağaranın ağzından çəkildi, onlar da içəridən çıxaraq yollarına davam etdilər”. (Bax. Buxari, Ədəb 5, Ənbiya 53; Müslim, Zikr, 100; Əhməd, IV, 274)
Biz də o gənclər kimi sədaqətlə, xalis niyyətlə, sırf Allahın rizasını umaraq çox saleh əməl işləməliyik ki, dünyada və axirətdə qarşılaşacağımız çətin anlarda o saleh əməllər vəsiləsi ilə Allah-Təalanın əfvini diləyib rəhmətinə sığına bilək.
Unutmayaq ki, əbədiyyət yolçuluğumuzun ən çətin keçidi olan son nəfəs, qəbir, qiyamət, mizan və siratda Rəbbimizin imdadımıza çatmasını istəyiriksə, bu gün ilahi əmr və qadağalara həssaslıqla riayət etməli, ilahi rəhməti üzərimizə cəlb edəcək saleh əməllərə can atmalıyıq.
Xüsusilə rahatlıq zamanımızda Rəbbimizi daha çox zikr edib qulluq vəzifələrimizi layiqincə yerinə yetirməliyik ki, dara düşəndə də Rəbbimiz bizi ümidsiz və yardımsız qoymasın, qəlbimizə mətanət və hüzur bəxş etsin.
Hüdayi həzrətləri buyurur:
Ey Hüdayi, dideyi-Haqq ilə bax;
Şərh edər tövhidi-Haqqı hər varaq…
Məktəbi-irfandan aldınsa səbaq,
Qo sivayı, mətləbi-əlanı gör!..
Hüdayi həzrətləri öz şəxsinə xitab edərək bizə belə səslənir:
“Ey Hüdayi! Haqq nəzəri ilə bax və gör ki, hər yarpaq Allah-Təalanın varlıq və birliyini şərh etməkdədir. İrfan məktəbindən (Qəlbən Allahı tanıma təhsilindən) dərs aldınsa, masivanı, yəni səni Haqdan qafil qılan fani arzuları qəlbindən çıxar ki, tələb edilməyə ən layiq varlığın Allah olduğunu görəsən!”
Yaradılmış olan hər şey Allah-Təalanın varlıq, birlik və əzəmətinin ayəsi/dəlilidir. Necə ki, mərifətullahda məsafə qət etmiş olan Haqq dostları çiçəyə, quşa, daşa, kəpənəyə, bir sözlə, nəyə baxsalar, onu yaradan Allahı xatırlayar, həmd ilə onu təsbeh edərək daimi zikr halı yaşayarlar.
Ayeyi-kərimədə buyurulur:
“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır. Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!”. (Ali-İmran, 190-191)
Bu ayələr nazil olanda Həzrət Peyğəmbər r “Vallahi, mənə elə ayələr nazil oldu ki, onları oxuduğu halda təfəkkür etməyənin vay halına!” - buyurmuşdur. (İbn Hibban, II, 386; Alusi, Ruhul-Məani, IV, 157)
Bununla kainatdakı ilahi nizamın da könül gözü ilə oxunub təfəkkür ediləcək kövni ayələr olduğuna işarə etmişdir.
Həqiqətən, gecə və gündüzün bir-birini təqib etməsi, iki səmavi təqvim olan Ay və Günəşin hər gün sanki növbə dəyişərək dəqiqliklə, gecikmədən və tələsmədən milyard illərdən bəri vəzifəsinə davam etməsi onları yaradıb qədər proqramlarını təyin edən Allah-Təalanın sonsuz qüdrət və əzəmətinin dəlillərindən biridir. Üstəlik sadəcə Günəş və Ay deyil, mikrodan makroya, atomdan qalaktikalara qədər bütün varlıqlarda ilahi qüdrət və əzəməti xatırladan saysız-hesabsız təcəllilər mövcuddur.
Yəni kainatdakı hər bir varlıq və hadisə “Yaradan Rəbbinin adı ilə oxu!” (əl-Aləq, 1) əmrinə xidmət edərək könül gözü ilə oxunmalı olan hikmətlər sərgisidir. Bu oxumanı həyata keçirə bilən insan, əvvəla, Rəbbinin sonsuz sirr və hikmət təcəllilərini layiqincə qavraya bilməkdən aciz olduğunu dərk edər.
Çünki insan təfəkkürdə dərinləşdikcə ilahi qüdrət və əzəmət qarşısında nəhəng gördüyümüz bu dünyanın belə toz zərrəsi qədər olmadığını anlayar. İnsanın acizliyini dərk etməsi qəlbində bambaşqa üfüqlər açar, bununla da Allah-Təalaya dua və sığınma halının artmasına vəsilə olar. Mömin içdiyi bir stəkan suyun, asanlıqla alıb-verdiyi nəfəsin belə nə qədər böyük bir ilahi ehsan olduğunu anladıqca həmd və şükür duyğuları inkişaf edər.
Məsələn, tənəffüs etdiyimiz “hava”nı düşünək.
Texnologiyanın son nailiyyətləri əsasında düzəldilən bir təyyarəyə mindiyimiz zaman:
“Müəyyən yüksəklikdə təzyiq aşağı düşərsə, avtomatik qaydada açılaraq başınızın üstündən sallanan oksigen maskalarını taxın” deyə anons verərlər.
Halbuki heç kim “Görəsən, sabah havadakı oksigenin miqdarı 21-dən 25-ə çıxarmı, yaxud yüzdə 18-ə düşərmi, ehtiyatdan özüm üçün oksigen balonu alsam necə olar”, - deyə narahatlıq keçirməz.
Çünki inanan-inanmayan hər kəs ilahi nizama tabe olaraq arxayın şəkildə ömür sürür. Əks halda, insan qarşı-qarşıya olduğu hər cür həyati risk və təhlükənin fərqində olsa, həyat çəkilməz olar.
“Hava” kimi bütün canlıların həyat mənbəyi olan “su” da Allah-Təalanın qüdrət və əzəmətini xatırladan başqa bir möcüzəvi nemətdir. Suyun xüsusiyyətləri kəşf edildikcə insanı heyrətə salan bir çox həqiqətlə qarşılaşırıq. Məsələn:
“Su maye halından qaz halına keçərkən, yəni buxarlanarkən başda duz olmaqla daxilindəki maddələrdən təmizlənər. Suyun belə bir xassəsi olmasaydı, yağış duzlu yağardı.
(Haqq-Təala buyurur):
“Onu buluddan siz endirirsiniz, yoxsa Biz? Əgər Biz istəsəydik, onu duzlu edərdik. Bunun üçün şükür etməli deyilsinizmi?!” (əl-Vaqiə, 69-70)
Yağış yer üzünə damla-damla yağar. Əgər vedrədən tökülən kimi yağsaydı, böyük fəlakətlər yaşanardı.
(Yənə Haqq-Təala belə buyurur:)
“O, göydən lazımi qədər su endirdi. Beləcə, onunla ölü bir məmləkəti diriltdik. Siz də (qəbirlərinizdən) belə çıxardılacaqsınız”. (əz-Zuxruf, 11)
Su ilə necə rəftar etsəniz, o da eyni şəkildə cavab verər. Təşəkkür edildikdə molekul quruluşu düzgün olar, pis söz söyləndikdə isə bu quruluşu pozular…
Yapon alimi apardığı tədqiqatlar nəticəsində suyun yaxşı və pis məlumatları, musiqi və sözləri, hiss və düşüncələri öz yaddaşına aldığını və buna görə reaksiya verdiyini isbat etmişdir…
“Şeytan” kimi pis adlarla çağırıldıqda və ya pis sözlər söyləndikdə su kristallarının tərkibi dəyişir. Gözəl sözlər söylənən və ya dua edilən qabdakı su kristalları isə bərraqlaşaraq estetik quruluş alır və altıguşəli mükəmməl formada qarşımıza çıxır.
İnsan vücudunun 60 %-i, beynimizin 70 %-i, qanımızın da 80 %-i sudur...”[3]
Elə bu səbəbdən möminlər üçün şəfa və rəhmət olaraq nazil edilən Qurani-Kərimin[4] şəfa niyyəti ilə suya oxunaraq xəstələrə içirdilməsi İslam dünyasında əsrlərdən bəri həyata keçirilən tətbiqatlardandır.
Həmçinin su iki hidrogen və bir oksigen atomundan ibarətdir. Hidrogenin yanma, oksigenin isə yandırma xassəsi var. Allah-Təalanın bir-birinin ziddi olan bu iki maddədən odu söndürən möcüzəvi həyat qaynağı yaratması da Onun ağılları heyrətə düşürən, könülləri heyran qoyan sonsuz qüdrətinin bir təcəllisidir.
Demək ki, havaya, suya, torpağa, heyvanata, nəbatata, xülasə, kainatda nəyə baxsaq, hər şeydə ilahi sənət xariqələri ilə əhatə edildiyimizi görərik.
Məhz bu kimi həqiqətləri layiqincə təfəkkür edə bilən bir insan dünya üzərindəki bütün canlıların həyatı mümkün qılan son dərəcə həssas ölçülərlə yaradıldığını görər, ilahi həqiqətlər aləmində möcüzə əsəri olaraq yaşadığını anlayar. Bu idrakı yaxalayan heç bir ağıl, məntiq və vicdan aləmləri yoxdan var edib mükəmməl dəqiqliklə davam etdirən Allah-Təalaya üsyan etmə nadanlığına düşməz.
Necə ki, Bişri Xafi həzrətləri belə deyir:
“Əgər insanlar Allah-Təalanın əzəməti haqqında (layiqincə) təfəkkür etsələr, nə Ona baş qaldırar, nə də günah işləyə bilərdilər”. (İbn Kəsir, I, 448)
Həzrət Əbu Bəkr t-ın nəvəsi Qasım bin Muhamməd həzrətləri də bir nəfərin:
“Filankəs Allaha qarşı necə də cürətlidir!” dediyini eşitmişdi. Ona belə dedi:
“Allaha qarşı cürətkar olmaq Adəm oğlunun həddinə deyil! Onun haqqında sadəcə:
“Allahı nə qədər az tanıyır!” – deyə bilərsən”.[5]
Hüdayi həzrətləri buyurur:
Necə bir qəflətdən oyanmayasan,
Dərgahi-Haqqa varam sanmayasan,
Bir iş et kim, sonra utanmayasan,
Nə işlərsən, varıb görsən gərəkdir…
Dünya bir tarladır. Axirətsə dünyada əkdiyimizi biçəcəyimiz bir yerdir.
Rəbbimiz qəflətdən oyanmamız üçün bir çox ayələrində biz qullarına belə xəbərdarlıq edir:
“Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın!..” (əl-Həşr, 18)
“Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək, Kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir”. (əz-Zilzal, 7-8)
“Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir…” (əl-Bəqərə, 286)
“Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!”. (ər-Rahmən, 60)
Bu qədər ilahi xəbərdarlığa baxmayaraq bir çox qafil insan heç bir zəhmətə qatlanmadan rəhmətə nail olmaq təmənnası ilə, yəni əkmədiyini biçmək kimi bihudə xəyallarla özünü aldadır. Qeyd edəcəyimiz qissədə bu həqiqət necə də gözəl ifadə olunur:
“Kobud davranışları ilə ətrafındakıları incidən, amma buna baxmayaraq özündən başqa heç kimi cənnətə layiq görməyən ağası bir gün Loğmana:
“Bu gün şəhərə gedirəm, sən də tarlanı şumlayıb küncüt əkərsən!” – deyə əmr edir.
Axşamtərəfi geri qayıdan ağa tarlaya baş çəkəndə Loğmanın tarlaya tikan əkməklə məşğul olduğunu görür. Qəzəblə qışqırır:
- Sən nə edirsən? Mən sənə küncüt əkməyi tapşırmadım?
Loğman sükunətini pozmadan cavab verir:
- Təlaşlanma, ağa! Mən tikan əksəm də, yerində küncüt bitəcəyini ümid edirəm.
Bu cavab qarşısında ağası bir az da qəzəblənərək:
- Ay ağılsız, sən nə vaxtsa tikan kolunun küncüt verdiyini görmüsənmi? - deyir. Bu zaman Loğman:
- Düz deyirsən. Amma sən də illərdən bəri dünyada tikan əkdiyin halda cənnətə gedəcəyini ümid edirsən! - cavabını verir.[6]
Ona görə axirətdə hansı ünvana getmək istəyiriksə, bu gün ona görə tədarük görməyə çalışmalıyıq. Allah-Təalanın rəhmətinə qovuşmağı arzu ediriksə, bu gün rəhmət insanı olmalıyıq. İlahi əfvə nail olmağı arzulayırıqsa, əfvedici, şəfqətli və mərhəmətli olmalıyıq.
Atalar sözündə deyildiyi kimi:
“Nə tökərsən aşına, o çıxar qaşığına…”
“Nə verərsən əlinlə, o da gələr səninlə…”
Mövlana həzrətləri də:
“Sən heç buğda əkdiyin halda arpa bitdiyini gördünmü?” - buyuraraq eyni həqiqətə işarə edir.
Xülasə, dünya tarlasına günah toxumları əkən axirətdə əzab tikanları, savab toxumları əkən isə səadət çiçəkləri dərəcək.
Allah-Təala hər birimizə həyat və kainata hikmət nəzərləri ilə baxa bilməyi, rizasını qazandıracaq saleh əməllər işləməyi nəsib etsin.
Amin!..
[1] Bax. əl-Ənam, 59.
[2] Bax. əl-Kəhf, 9.
[3] Bax. Veysel Eroğlu, Suya Atılan İmza, Hatıralarım 1, sf, 94-96, İnkılab Yay. İstanbul 2022.
[4] Bax. ən-Nisa, 82.
[5] İbn Asakir, Tarixu Diməşq, c. 49, s. 180.
[6] Bax. Prof. Dr. Selahattin Yıldırım, Hayat-Ölüm ve Hüsni-Hatime, sf. 31, Ravza Yay. İstanbul 2022.
ŞƏRHLƏR