FİTRƏT
Allah-Təala hər uşağı İslamiyyəti qəbul edə biləcək bir özəllikdə yaratmışdır. Bu özəlliyə dini terminologiyada “fitrət” deyilir. Bu səbəblə İslam dininin vəsflərindən biri də fitrət dini olmasıdır. Qurani-Kərimdə belə buyurulur: “Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir”. (ər-Rum, 30) “Hənif” tək olan Allaha inanan kimsəyə deyilir. Dini ədəbiyyatda bu termin əsasən Həzrət İbrahim peyğəmbərin tövhid dini mənasında işlədilir.
Bu ayənin təfsiri mahiyyətində olan hədisi-şəriflərdən biri belədir: Peyğəmbərimiz (s.ə.s) buyurdu: “Hər doğulan uşaq fitrət üzrə (İslamiyyəti qəbul edəcək yaradılışla) dünyaya gələr. Ata-anası isə onu yəhudi və ya xristian edər. Bu hal dəvənin hər üzvü sağlam olaraq balalamasına bənzər. Siz heç kəsmədən öncə qulağı kəsik doğulmuş heyvan gördünüzmü?!” Səhabələr: “Ya Rəsulallah! Kiçik yaşda vəfat edən uşaqların aqibəti haqqında nə buyurursunuz?” - deyə soruşdular. Allah Rəsulu (s.ə.s) belə buyurdu: “Allah onları yaradarkən gələcəkdə nə edəcəklərini çox yaxşı bilir”. (Buxari, Cənaiz, 79, 92, Qədər, 3; Müslim, Qədər, 22-25)
Rəsulullah (s.ə.s) peyğəmbər olmadan əvvəl ərəblər əsasən bütpərəst idilər. Qüreyş qəbiləsindən isə bəziləri bütə sitayiş etməz, özlərini Hz. İbrahimin (ə.s) övladlarından qəbul edər və onun dinindən qalan bəzi əsaslara görə həyat tərzi sürərdilər. Bunlara batil dinlərdən uzaq, Allaha təslim olmuş kəslər mənasında “hənif” deyilirdi. Həniflərin düzgün inancda olduğunu göstərən ayələrdən biri belədir:
“İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (Allahın birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi”. (Ali-İmran, 67)
Peyğəmbərimizin (s.ə.s) ata və anası da “hənif” inancına mənsub idi. Atası Abdullahın alnında başqa kimsədə görülməyən bir parlaqlıq, aydınlıq bir nur var idi. Allah-Təala onları çevrələrindəki günah kirlərindən qorudu və çox gənc yaşda vəfat etdilər.
Uca Allah (c.c) bütün insanları müsəlman olaraq, təmiz bir xilqət üzrə yaratdı. Amma şeytan onlara əyrini doğru, səhv olanı düzgün kimi göstərdi və haqq olan yoldan döndərdi. Bunun nəticəsi olaraq da ata-analar uşaqlarını yəhudi, xristian və ya məcusi, müşrik etdilər. Bəs bu uşaqların aqibəti necə olacaq? Bunu da bizə yenə Rəsulullah (s.ə.s) xəbər verir. Hz. Aişə (r.anhə) bir gün Allah Rəsuluna (s.ə.s) bu sualı verdi:
- Ya Rəsulallah! Möminlərin həddi-büluğ yaşına çatmadan ölən uşaqlarının axirətdəki aqibəti nədir?
- Onlar atalarına tabedir.
- Ya Rəsulallah! Onlar heç bir əməl işləmədən cənnətə gedəcəklər?
- Allah onların gələcəkdə nə edəcəklərini çox yaxşı bilir.
- Ya Rəsulallah! Bəs müşriklərin həddi-büluğ yaşına çatmadan ölən uşaqlarının axirətdəki aqibəti nədir?
- Onlar atalarına tabedir.
- Heç bir əməl işləmədənmi?
- Allah onları yaradarkən gələcəkdə nə edəcəklərini çox yaxşı bilir. (Əbu Davud, Sünən)
Bu hədis bizə Peyğəmbərimizin (s.ə.s) müsəlman və qeyri-müsəlman olan uşaqların həddi-büluğ çağından sonra yaşayıb mükəlləf olsalardı, o zaman onların hansı əməl işləyəcəyini Allahın bildiyini və edəcəklərinə görə gedəcəkləri yerin də bəlli olduğunu bildirir. Müsəlmanların mükəlləf olmadan ölən uşaqları cənnətlikdir. Qeyri-müsəlmanlara gəlincə, onlar haqqında bəzi alimlər atalarına tabe olduğunu desə də, bəziləri bir görüş bildirməkdən çəkinmişdir.
Bu mövzunu geniş araşdıran, ayə və hədislərdən də yola çıxan alimlərin ümumi görüşü budur ki, həm müsəlman, həm də qeyri-müsəlman olaraq vəfat edən uşaqlar əzaba düçar olmayacaqdır. Bu qənaətə əsas verən hədislərdən birində belə buyurulur: “Peyğəmbərimiz (s.ə.s) yuxuda ikən mələklər ona cənnət və cəhənnəmi göstərdi. Cənnətdə Hz. İbrahimin (ə.s) yanında həm müsəlman, həm də qeyri-müsəlman uşaqları var idi”. (Buxari, Təbir, 48) Günah işləmədən heç kəsə əzab verilməyəcəyini bildirən ayeyi-kərimələrdən birində belə buyurulur: “Biz peyğəmbər göndərmədən heç kimə əzab etmərik”. (əl-İsra, 15) Bu ayədə əzaba düçar olması üçün insanın peyğəmbər vasitəsilə edilən xəbərdarlığı eşitməsi və ona asi olması şərti qoşulmuşdur.
Nəticə olaraq, təmiz bir fitrətlə dünyaya gələn uşaqların bu saflığını qoruyaraq, yanlış düşüncələrə sapmaqdan qorunması və sağlam inanca sahib olması xüsusunda valideynlər böyük məsuliyyət daşıyırlar. Onların bu dünyadakı gələcəklərində valideynin böyük rolu olduğu kimi, axirətdəki gələcəkləri də böyük ölçüdə valideynlərindən aldıqları tərbiyə və biliklərlə yaxşıya və ya pisə doğru istiqamətlənə bilər.
ŞƏRHLƏR