HƏQİQİ BAYRAM ÜÇÜN

HƏQİQİ BAYRAM ÜÇÜN

İbadət insanın übudiyyət şüurunun, yəni qulluq anlayışının onun əməllərinə əks etməsidir. Allaha qulluq şüuru ilə edilən hər bir ibadət insanı Rəbbinə yaxınlaşdıran müstəsna vasitədir. Həzrət Peyğəmbər (s.ə.s) hədisi-şəriflərin birində Allah-Təalanın belə buyurduğunu bildirir: “…Bəndəm ona fərz qıldığım əməllərdən daha sevimli heç nə ilə Mənə yaxınlaşa bilməz. Bəndəm Mənə (fərzlərdən əlavə) nafilə ibadətlərlə durmadan yaxınlaşarsa, nəhayət, Mən onu sevərəm. Onu sevdiyim zaman Mən onun (sanki) eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı, anlayan qəlbi və danışan dili olaram…” (Buxari, Riqaq, 38; Əhməd, VI, 256; Heysəmi, II, 248) Bu hədisi-şərif ibadətin insanı Allaha nə qədər yaxınlaşdıracağını açıq-aydın xəbər verir.  

Allahın əmr etdiyi namaz və oruc insanın öz bədənini Allahın yoluna fəda etməkdirsə, zəkat da sahib olduğu var-dövləti Onun istədiyi kimi xərcləyərək lazım gəldikdə Rəbbinin rizasını qazanmaq üçün bütün maddi varlıqlardan könül xoşluğu ilə imtina edə biləcəyinin göstəricisidir. Bədən və mal ilə edilən həcc ibadəti isə mömin bəndənin maddi və mənəvi olaraq bütünlüklə Rəbbinə təslimiyyətinin bir başqa təzahürüdür. İnsanı Allaha yaxınlaşdırdığı üçün hər bir ibadət müsəlman qəlblərə bayram fərəhi bəxş edir. Heç bir maddi ləzzətlə müqayisə edilə bilməyəcək bu sonsuz həzzi yaşayan Mövlana həzrətləri əbəs yerə demirdi ki, “Hər kölə azad edildikdə sevinir. İlahi, mən isə Sənə qul-kölə olduğum üçün sevinirəm”.

Yəni mömin bir bəndə üçün ibadət bayramdırsa, deməli, bayram da özlüyündə bir ibadət şövqü yaşamaq üçün vəsilə olmalıdır. Məhz bu səbəbdən İslam mədəniyyətində bayramlar ibadət həyəcanı ilə keçirilir. Dini bayram olan Ramazan və Qurban bayramları özlüyündə bir ibadətdən doğan əlamətdar günlərdir. Təqva təlimi olan bir aylıq orucun ardından günahların bağışlanmasına olan ümidlə qeyd etdiyimiz Ramazan bayramı bir sıra hikmətlər ehtiva edir. Qurban bayramı isə İslamın beş şərtindən biri olan həcc ibadətinin mərkəzində dayanan bir gündür. Ehrama girərək dünyalıqdan sıyrılan hacıların Minada, Müzdəlifədə, Ərəfatda, yer üzünün ilk məscidi Kəbədə Allaha əl açıb dua etməsi qulluq şüurunun müstəsna təzahürləri və ilahi əfvi cəlb edən vəsilələrdir. Ərəfatda edilən dua və istiğfarla bir növ insan o günə qədər yaşadığı həyatın mühasibəsini edərək peşmanlıq duyğuları ilə işlədiyi günahlardan tövbə edər və Allahın mərhəməti ilə bağışlanar. Yəni keçmiş hesablar silinər, həyata yenidən başlanar. Bu başlanğıc ərəfəsində Mina dağında şeytan daşlanaraq göz, qulaq, zehin və qəlb onun vəsvəsəsinə qarşı qapanar. Anadan doğulan körpə kimi sanki həyata yenidən gələnlər bu tərtəmiz mərhələdə şeytana yer olmadığını iqrar edərlər. Ardından qurban kəsilər. “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür”[1] duası ilə kəsilən qurbanlar Allah ilə bağlanan əhdin bir nişanəsinə çevrilər.

Yenə bir Qurban bayramı ərəfəsindəyik. Allaha şükür, dua və saleh əməllərlə bu günləri qeyd etməli, Rəbbimizə yaxınlıq vəsiləsinə çevirməliyik. Unutmamalıyıq ki, islami düşüncədə bayram əsla tətil və əyləncə günləri deyil. Əksinə, ictimai bütünləşmə, qohum-əqrəba ziyarətləri, yoxsul və imkansızlara dəstək olaraq onların da sevincinə şərik olma fürsətidir. Ramazan bayramında ehtiyac sahiblərinə verilən fitrə sədəqəsi və Qurban bayramında Allah üçün kəsilən qurban ətindən yoxsullara pay ayrılması da məhz bu düşüncənin əmələ sirayət edən təzahürlərindəndir. Bəhlul Danəndənin dediyi kimi:

“Bayram yeni paltarlar geyənlər üçün deyil. Bayram yalnız əzabdan əmin olanlar üçündür. Bayram zər-zibalı miniyə minənlər üçün deyil, bayram yalnız xəta və günahları tərk edənlər üçündür. Bayram bahalı xalı döşəyənlər üçün deyil, yalnız Siratı keçənlər üçündür…”

 

 

   

  

 

[1] əl-Ənam, 162

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz