QURBAN MƏKTƏBİ

QURBAN MƏKTƏBİ

Hz. İbrahimdən (ə.s) bizə miras qalan qurban ibadəti bir tərəfdən İbrahimin və oğlu İsmayılın təslimiyyətini və fədakarlığını xatırladır, digər tərəfdən də bir bəndə üçün Allaha olan sevginin, yaxınlığın heç bir varlıqla müqayisə olunmayacağını, lazım gəldikdə Onun yolunda var-dövlətdən, oğul-uşaqdan, hətta candan da vaz keçə bilməyin  önəmini öyrədir.

Uca Allahın Hz. İsmayılın (ə.s) qurban edilməsini vəhy etməsindən sonra Hz. İbrahimin (ə.s) bu ilahi istəyi yerinə yetirmək üçün tərəddüd etmədən əlinə bıçaq alıb, gözünün nuru övladını Onun yolunda “qurban etmək” üçün hərəkətə keçməsini Uca Yaradana olan sevgidən, təslimiyyətdən və şəksiz-şübhəsiz imandan başqa nə ilə izah etmək olar? Elə buna görə də deyilmişdir ki: “Qurban, Allahın razılığını qazanmaq üçün qəhrəmanlığın, fədakarlığın, təslimiyyətin və təqvanın ifadəsidir”. Bu təslimiyyət, fədakarlıq və səmimiyyət duyğusu Hz. İbrahim və Hz. İsmayılın timsalında zirvələşərək bir simvol halına gəlmişdir. Uca Rəbbimiz Qurani-Kərimdə bu hadisəni inananlara çatdırmaqla Onun əmrlərinə qarşı təqvalı olmağı, tam bir təslimiyyət göstərməyi və fədakarlıq etməyi model olaraq göstərməkdə, Allaha qürbiyyətin – həqiqi yaxınlığın yolunu təlim etməkdədir. Bununla da biz inananlar həqiqi qulluq şüurunu əldə edir, Uca Allaha təşəkkür vəzifəmizi tam olaraq icra etməyə çalışır və Allaha mənən yaxınlaşmaq üçün səy göstəririk. Qurban, insanın Allaha qürbiyyətinə vəsilə olan misilsiz bir fürsət, bənzərsiz bir məktəbdir.

Bütün ibadətlər onun hikmət və faydasından öncə sırf Allah üçün həyata keçirilməlidir. Bu səbəblə qurban ibadəti də fərdi və sosial faydaları ilə yanaşı, Allahın razılığını qazanmaq məqsədi güdən və sırf Allah əmr etdiyi üçün edilən bir ibadətdir. Uca Rəbbimiz Qurani-Kərimin qurban ibadəti ilə bağlı bir ayəsində belə buyurur: “Onların (Qurbanların) nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır…” (əl-Həcc, 37)

Qurban ibadətində əsas olan qan axıtmaq və ya ət əldə etmək deyildir. Əsl olan ixlas, təqva və səmimiyyətdir. Məqsəd Allah rizası üçün vəsilə olan bir əmri yerinə yetirməkdir.

Cüneyd Bağdadi həzrətləri belə deyir: “Mina dağında (və ya öz evində) qurban kəsən bir mömin əgər nəfsinin azğın arzularını da kəsmirsə, o, tam olaraq qurban kəsmiş sayılmaz”.

Həzrət Mövlana da öz növbəsində Qurban ibadətində vacib olan məsələnin səmimiyyət və məna dərinliyini əldə etmək olduğunu necə də gözəl ifadə etmişdir: “Sən keçinin kölgəsini qurban etməyə çalışma. Qurban ibadətinin həqiqətlərinə en, onu ət bayramı zənn etmə. Əsl olan ibadətlərin zahiri görkəmi deyil, onun dərin mənasını qavramaqdır”.

Qurban ibadəti batini və təsəvvüfi yöndən belə bir dərin mənaya sahibdir: qurban insanın nəfsi və malı ilə həyata keçirdiyi cihaddır. Nəfsinin onu uçuruma aparan əmr və arzularına qarşı xəncər çəkməkdir. Hz. Adəmin (ə.s) oğlu Qabili Allah qatında müflis hala düşürən səbəb məhz qarşı çıxa və kəsə bilmədiyi bu nəfsi olmuşdur.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki:

Qurban fədakarlıqdır.

Qurban səmimiyyətdir.

Qurban təslimiyyətdir.

Qurban Hz. İbrahim (ə.s) olmaqdır.

Qurban Hz. İsmayıl (ə.s) olmaqdır.

Qurban səbirli olmaqdır.

Qurban paylaşmaq, bölüşmək, yardımlaşmaq deməkdir.

Qurban ibadətinin sosial faydaları və hikmətləri də çoxdur. Belə ki, qurban cəmiyyət içində qardaşlıq, yardımlaşma, fədakarlıq və bir-birinə sıx birləşmə ruhunu da formalaşdırır. Cəmiyyətdə ədalətin artmasına yardım edir. İslam dini zəkat, sədəqə və qurban vasitəsi ilə varlı və kasıb arasında uçurumun meydana gəlməsinə imkan vermir, əksinə, bir-birini tanıyıb yardımlaşmalarına da ciddi mənada təşviq edir. Qurban ibadəti maddi baxımdan imkanlı insanlara Allahın razılığını qazanmaq üçün var-dövlətindən keçməyi, pulundan xərcləməyi öyrədir, onu xəsislikdən qoruyur ki, bunda da həm nəfsin tərbiyəsi, qəlbin təzkiyəsi (mənfi hallardan təmizlənməsi), həm də Allahın rizasını qazanmaq, kasıbların, möhtacların və yetim-yesirin duasını almaq kimi bir çox faydalar vardır.

Qurban ibadəti və ümumiyyətlə dinimiz insanları yardımlaşmağa sövq edir və yardımlaşmağın zövqünü insanın qəlbində hiss etdirir. Bununla da insan xudbinlikdən, təkcə öz mənfəətini güdən eqoist düşüncədən və dünya malına olan kor-koranə bağlılıqdan xilas olur, dünyanın müvəqqəti zövqlərinə, nəfsinin arzu və istəklərinə deyil, məhz Uca Allahın sevgisini və Onun mənən yaxınlığını əldə etməyə səy göstərir.

Qurban ibadəti ildə bir dəfə yerinə yetirilir, amma nəfsin bitməyən arzu və istəkləri il boyu davam edir. Odur ki, bu uzunmüddətli mübarizədən üzüağ çıxmaq üçün qurbanda əldə edilən əhvali-ruhiyyənin il boyu davam etdirilməsi lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz