YÜKSÜZ NAMAZ
Muminun surəsi: “Həqiqətən, möminlər nicat tapmışlar”, ayəsi ilə başlayır və surənin ilk on ayəsi qurtuluşa çatacaq möminlərin xüsusiyyətlərindən bəhs edir. Bunlardan “O kəslər ki, namazlarını xüşu ilə qılarlar”[1], və “Namazlarına riayət edərlər”[2] ayələri namazla əlaqəlidir.
Burada qurtuluşa çatan möminin iki xüsusiyyətindən bəhs olunur: namazı xüşu ilə qılması və namaza riayət etməsi.
“Xüşu” sözü İslam alimlərinin bəzilərinə görə, namazda sükunət və sağa-sola baxmamaq kimi əməlləri ehtiva edir. Yəni xüşu Allahın hüzurunda olmağın şövqünə dalıb zehindəki bütün fikirlərin silinməsidir. Namaz əsnasında möminlər Allahdan başqası ilə məşğul olmazlar.
Bu mənada baxdığımız zaman bunu anlayırıq: qıldığımız namazı ağır bir yük kimi, candərdi, ərinərək deyil, sevərək, can-könüldən, xüşu ilə, yüksüz olaraq qılmağa çalışmalıyıq ki, ayədə buyurulan nicat tapmışlardan ola bilək.
Yüksüz demişkən, bu xüsusda maraqlı bir hekayəni sizinlə bölüşmək istəyirəm:
“Bir məczub[3] namaz qılmaq üçün məscidə girir. Ancaq oturmadan əvvəl maraqlı və təəccüblü baxışla ətrafı seyr edir, diqqətlə hər tərəfi süzür. Sonra da sürətlə çölə çıxır.
Bir azdan belinə bağlanmış odun şələsi ilə təkrar məscidə qayıdır və namaza başlamaq üzrə olan camaatla birlikdə namaz cərgəsinə durur.
Məczub belindəki odunlarla birlikdə namazını çox çətinliklə qılıb qurtarır. Və əlbəttə, bu arada hər əyilib qalxdıqca yerə düşən odun səslərindən narahat olan camaat deyinməyə və məczubu məzəmmət etməyə başlayır. Səsləri imama qədər gedib çatır.
İmam eyni məhəllədən tanıdığı bu qərib məczubun halını az-çox bildiyi üçün şəfqətlə yaxınlaşır və ona deyir:
- Oğlum, heç belə namaz olarmı, belində odunlarla gəlmisən, sən nə etdin?! Həm özünü, həm də ətrafındakıları narahat elədin. Bax, bir daha namaz qılmağa gələndə yüksüz gəl, olarmı?
Bunu eşidən məczub məhzun və mənalı bir üz ifadəsi ilə soruşur:
- Adətiniz belə deyilmi?
- Nə adəti?! - deyə imam təəccüblənir. Bu arada camaat da imamla məczubun ətrafına yığışır və maraqla söhbəti dinləyirlər. Məczub:
- Əfəndim, mən namaz qılmaq üçün məscidə gəldim. Özümə uyğun bir yer axtararkən içəridəkilərə baxdım, gördüm ki, hərənin belində bir yük var. Zənn etdim ki, adət belədir. Mən də heç nə tapmadım, bu odunları yükləyib gəldim. Niyə mənə hirslənirsən?! Hirslənəcəksənsə, hər kəsə hirslən, yalnız mənə deyil! - deyə cavab verir. İmam bir az da təəccüblənir və:
- Mənim də belimdə nəsə vardı? - deyə soruşur. Məczub:
- Bəli, hamınızın beli yüklü idi! - deyir. Camaat “onsuz da dəlidir” mənasında yüngüldən gülüşməyə başlayır. Məczub bu dəfə saf uşaq kimi camaatı bir-bir işarə edərək:
- Bax, bunun belində mavi gözlü bir uşaq, bunda böyük bir alma ağacı vardı. Onun belində sınıq bir qapı, bunda da bir qazan yemək vardı. Bunun belində qızarmış toyuq, onda isə yaşıl gözlü əsmər bir qadın, bunda da yaşlı anası vardı! - deyir. Sonra iki əlini də yanlarına salaraq başını yelləyir və:
- Boş yox idi, boş yox idi, hamının beli yüklü idi! - deyə təkrarlayır.
Bu sözlərdən sonra hər kəs dəhşət və heyrət içində bir-birinin üzünə baxır. Çünki dedikləri eynilə doğru idi.
Biri doğulacaq uşağını, biri bağçasındakı meyvə ağaclarını, biri təmir edəcəyi sınıq qapısını, digəri isə restoranında bişirəcəyi yeməyi düşünürdü. Başqa biri acdır, ağlından toyuq yemək keçir, birinin kürəyində sevdiyi qadın, digərində isə baxıma möhtac anası vardı.
- Yaxşı, de görüm, məndə nə vardı? - deyə, imam soruşur. Məczub belə cavab verir:
- Elə ən çox sənə təəccüb etdim, əfəndim! Sənin belində böyük bir inək vardı!
Məgərsə, imamın da inəyi xəstəymiş, “öldümü, öləcəkmi?” - deyə namazda onu düşünürmüş”.
Onun üçün əhlullah buyurur ki:
Xarabat əhlini xor görmə zakir,
Dəfinəyə malik viranələr var.
Bildirən bildirincə, ürəyi olan görər, əlbət!
Namazlarına riayət edərlər ifadəsi namazları doğru-düzgün, fərz və sünnələrinə əməl edərək vaxtında qılmağı ifadə edir. Namaz ibadətin və Allaha dönməyin ən üstün və ən mükəmməl şəklidir. Möminin həyatı namazla başladığı kimi, namazla da bitər. Çünki namaz bəndə ilə Allah arasında bir əlaqə, yaxud görüş vasitəsidir. Ona görə də hər mömin qıldığı namazın Allah ilə görüş ola bilməsi üçün yüksüz olmasına diqqət etməlidir.
ŞƏRHLƏR