ŞƏRDƏ XEYİR AXTARMAQ

ŞƏRDƏ XEYİR AXTARMAQ

Bu günlərdə tarixə iri hərflərlə düşəcək bir zaman kəsiyini yaşayırıq. Əksəriyyətimiz evimizdə dustaq kimidir sanki. İstər yaxınlarımız, istərsə də dost-tanışlarımız olsun, bizlərin və ya onların virus daşıyıcısı olma ehtimalını göz önünə gətirərək bir-birimizlə görüşməkdən ehtiyat edirik. Bütün bunlar hər bir şəxsin hal-hazırda həm vətəndaşlıq, həm də insanlıq borcudur. Bu barədə deyəcəyimiz heç nə yoxdur. Ancaq bu hadisə bizləri eyni zamanda qədrini bilmədiyimiz bir çox nemətlərlə qarşılaşdırdı. Evdən kənarda istədiyimiz qədər qala bilmək sən demə böyük nemət imiş. Ya da istədiyimiz yerə sərbəst bir şəkildə gedə bilmək azadlığı. İstədiyimiz nəyisə əldə etmə imkanımız olduqda o şeyin bizə aid olduğunu düşünürdük. Amma indi gördük ki, əslində, bizə aid olduğunu düşündüyümüz heç bir şey bizə aid deyilmiş. Sadəcə sahib olduğumuzu düşündüyümüz hər şey bizə ilahi bir əmanət olaraq verilibmiş. Bu karantin dövrü bizə o nemətlərin hər an əlimizdən gedə biləcəyini göstərdi. Ən əsası da, onların qədrini bilməyi…

Tarix şər kimi görünən bir çox hadisələrin əslində özündə bir çox xeyri gizlətdiyinə şahidlik etmişdir. Kim bilə bilər ki, bəlkə də, hazırda ölkəmizdə yayılmaqda olan və hamımızı məyus edən bu epidemiyada bizim üçün xeyirlər də var? Allah-Təala Bəqərə surəsinin 216-cı ayəsində: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz”, – buyurmurmu?

Məsələ burasındadır ki, bu xeyri biz necə görə bilərik? Üstəlik bu virus göründüyü qədəriylə xeyir yox, əksinə, xəstəlik, yaşama məhdudiyyəti, bahalıq, qıtlıq, təhsildən geri qalmaq, bəzən də ölümə səbəb olaraq şər görünümünə sahib ikən. Bu da öz növbəsində insanlarda təşviş, qorxu, panika yaratmaqdadır. Belə olan halda hansı xeyirdən söhbət aça bilərik? Ya da bu qədər bədgüman hadisələrin verdiyi stress halı ilə insan necə nikbin ola bilər?

Əsl məharət də elə burasındadır ki, ən çətin anları öz lehinə çevirməyi bacarasan, düşüncə tərzini dəyişərək daxili sakitliyini təmin edə biləsən. Daha əvvəl fərqində olmadığımız bir çox nemətə sahib olduğumuzu dərk etməyə başlamışıqsa, bu bizim düşüncə tərzimizin dəyişdiyindən xəbər verir. Epidemiyanın bizə dərk etdirdiyi nemətlərdən biri, bəlkə də, ən önəmlisi qohumlarımız olmadımı? Yemə-içmə, geyim-kecim, ev-maşın və s. əldə etmə arzularımızın çoxluğu içərisində doğmalarımıza nə qədər yer ayırırdıq? Aylarla görmədiyimiz qohumlarımız oldu. Bunun səbəbini də işlərin çoxluğu və zamanın sürətli keçdiyində gördük. Bu arada zaman maşınına sürət verən amilin arzularımızın çoxluğu olduğunu da fərq etdik. Üstəlik o arzularımızın çoxunun mənasız olduğunu anladıq bu günlərdə. Amma təəssüf ki, qohumlara qarşı vəzifələrimizdən olan gülər üz, şirin söz, əhvallarını soruşmaq, onları ziyarət etmək, fiziki baxımdan köməyimizə ehtiyacı olanlara kömək etmək və ya imkanımız ölçüsündə maddi yöndən köməklik göstərməyə arzu yığınağı olan zamanımızda yer ayırmadıq. Halbuki Hz. Peyğəmbər (s.ə.s):  “Allaha ibadət etmək, ona şərik qoşmamaq, namaz qılmaq, zəkat vermək, sileyi-rəhim (qohum-əqrəbanın haqlarına riayət etmək)” (Buxari, Zəkat 1), - buyuraraq cənnətə girməyə səbəb olduğunu və dinin vacibləri arasında yer aldığını bildirmədimi? Yenə: “Cümə axşamı insanların əməlləri Allaha ərz olunar, ancaq sileyi-rəhimə diqqət etməyənlərin əməlləri qəbul olunmaz” (Əhməd b. Hənbəl, Müsnəd, II, 484), -  deyərək bizləri tənbehləmədimi? Bir çoxumuz özünün qohum-əqrəbayla münasibətlərində yaxşı olduğunu düşünə bilər. Əlbəttə, belələri də az deyil. Ancaq, görəsən, Hz. Peyğəmbərin: “Yaxşılığa qarşı yaxşılıq edən tam mənasıyla qohumuna qarşı olan vəzifəsini yerinə yetirmiş sayılmaz. Həqiqi qohumluq əlaqəni kəsdiyi halda onu müdafiə edib ehtiyacını qarşılamaqdır” (Buxari, Ədəb 15), - buyruğuna nə qədər bağlı qalmışıq?

Bir çoxumuz həftələrlə, aylarla getmədiyimiz əmi, dayı, bibi, xala və onların uşaqlarını indi daha çox xatırlayır, ancaq bu səfər onları görə bilmirik. İndi arzularımızın bizi kölə kimi ora-bura sovurduğu günləri düşünmə fürsətimiz oldu. Bu dövrdə mütləq həyatımızda önəmli olan, az önəmli olan və heç önəmi olmayan şeylərin yer dəyişəcəyinə inanıram. Qohumluq əlaqələrimizin həyatımızdakı əhəmiyyətini ən önəmli işlərimiz arasına qoyacağımız anda düşüncə tərzimiz müsbətə doğru dəyişmiş olacaqdır. Hətta indidən gec olmayaraq qohumlarımıza zəng edib onların hal-xətrini soruşmaq, ehtiyacları varsa, gücümüz nisbətində köməklik göstərmək lazımdır. Hər şeyin normallaşdığı, həmişəki kimi istədiyimiz yerə sərbəst şəkildə gedib-gələcəyimiz dövrə qayıtdığımız zaman ilk ziyarət edəcəklərimiz qohumlarımız olmalıdır. Beləliklə, Allah-Təalanın: “Allahdan qorxun və qohumluq bağlarını kəsməkdən uzaq durun!” (ən-Nisa, 1) əmrini də yerinə yetirmiş olacağıq.

Xülasə, bizim üçün şər kimi görünən bu epidemiyanın  bizə qohumlarımızı bəxş edəcəyini düşünürəm.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz