BİR AYƏ
بسم الله الرحمن الرحيم
وَمَا اَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ اَيْدِيكُمْ وَيَعْفُوا عَنْ كَثِيرٍ ﴿30﴾
﴿31﴾وَمَا اَنْتُمْ بِمُعْجِزِينَ فِي الْاَرْضِ وَمَا لَكُمْ مِنْ دُونِ اللّٰهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
“Başınıza gələn hər hansı bir müsibət öz əllərinizlə qazandıqlarınız (günahlar) səbəbilədir. Allah (günahların) çoxunu əfv edər. Siz yer üzündə (Allahın əzabına) mane ola bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız vardır”. (əş-Şura, 42/30-31)
Allah-Təala bu ayeyi-kərimədə insan oğlunun başına gələn hər bir fəlakətin və çətinliyin məhz onun etdiyi əməllər ucbatından meydana gəldiyini xəbər verir. Yəni insanın istər ətraf mühitə zərər verməsi, istər insanlara qarşı pis rəftar etməsi, istərsə də Allaha qarşı üsyan etməsi bu dünyada başına gələn müsibətlərin səbəbi ola bilər. Ayədəki “öz əllərinizlə qazandıqlarınız” ifadəsinə aydınlıq gətirən təfsirçilər insanın bir çox işi əlləri ilə gördüyü üçün burada əllərin xüsusilə vurğulandığını, lakin bunun hər cür əmələ şamil olduğunu bildirmişlər. Eyni zamanda, “Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı” (Fatir, 35/45) ayəsində də xəbər verildiyi kimi, insanlara bütün günahlarının cəzası bu dünyada verilsəydi, yer üzündə heç bir canlı sağ qalmazdı və dünyadakı nizam-intizam pozulardı. Buna görə də “Allah (günahların) çoxunu əfv edər” buyurularaq bir çox günahların Allah tərəfindən bağışlana biləcəyinə və əsl haqq-hesabın axirətdə olacağına işarə edilmişdir.
Digər tərəfdən, insanların səbrini sınağa çəkmək, onları mənəvi kamilliyə sövq etmək və günahlarının bağışlanmasına vəsilə olması üçün günahsız kimsələrin də müəyyən müsibət və fəlakətlərə məruz qala biləcəyi ayə və hədisi-şəriflərdə xəbər verilmişdir. Necə ki, Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində: “Alov qızılın və gümüşün pasını sildiyi kimi, bir müsəlmanın xəstəliyi də onun günahlarını silər”, (İbn Macə, Tibb, 18) buyuraraq bu həqiqətə işarə etmişdir. Buna görə də bir çox təfsirçi yuxarıdakı ayədə yalnız günahkarların nəzərdə tutulduğunu qeyd etmişdir.
Ayədəki “Siz yer üzündə (Allahın əzabına) mane ola bilməzsiniz” ifadəsi ilə Allah-Təala xəbər verir ki, insanlar nə qədər güclü olursa olsunlar, hansı metoda əl atırlarsa atsınlar, etdikləri pis əməllərə görə Allah tərəfindən onlara göndərilən müsibət və bəlaların qarşısını ala bilməzlər. Bu barədə Allahı aciz qoya və onun cəzalandırmasından qaça bilməzlər. Ayədə “yer üzündə” ifadəsi ilə vurğulanır ki, onlar dünyanın heç bir yanına qaçıb Allahın əzabından canlarını qurtara bilməzlər. Ayənin sonunda isə tək və yeganə himayədarın Allah olduğuna və həmçinin bu kimi müsibətlər zamanı yalnız Allaha sığınılması gərəkdiyinə işarə edilir.
ŞƏRHLƏR