AKASİYA ÇİÇƏYİ
Havalar isinməyə başlasa da, gecənin ayazı və qaranlığı hələ də şəhərdən çəkilməmişdi. Əlində məktəb çantası, Hələbin dar küçələrində yarıyıxılmış evlərin arası ilə addımlayırdı, Ayşə. Hər zamankı kimi evdən çıxarkən anası ona dualar etmiş, öpüb-qoxlamış və ona göy üzündə təyyarə uğultusu eşitdiyində gizlənməsini söyləmişdi. Alatoran səkidə addımlayarkən qorxaq baxışlarını bir yandan dumanlı səmaya dikir, bir yandan da gizlincə ağlayırdı. Sanki ağlamaq ona bəxş edilmiş və hər zaman əlində qalacaq bir şey kimi gəlirdi ona.
Yol boyu dərin düçüncələrə dalmışdı; hər şey rəngli film səhnələri kimi gözünün önündən keçirdi. 3 il əvvələ qədər hər şey necə də gözəl idi. Hər səhər atası ilə əl-ələ evin önündəki akasiya ağacının önündən keçərək məktəbə yollanardı. Yolda balaca qardaşının dəcəlliklərindən danışıb-gülərdilər. Atası onu uşaq səsləri ilə dolub-daşan məktəbin önündə öpərək yola salar, özü poliklinikaya işinə yollanardı. Evə döndükdə dərslərini edər, birlikdə isti yeməklərini yedikdən sonra axşama doğru pəncərədən akasiya ağacını və dalğa-dalğa olmuş buludları seyr edərdi. Qaralan göy üzünü dalğalı dənizə bənzədər, təkbaşına qayıqla bu dənizdə səyahətə çıxardı.
İndi o günlər artıq nağıl kimi gəlirdi ona. Əli ilə göz yaşlarını silərkən bir yandan da cəbhəyə gedən atasını düşünürdü. Axırıncı dəfə atasını qucaqlayarkən ağacı göstərərək: “Narahat olma, Ayşə, akasiya çiçək açanda qayıdacağam”, - dediyini xatırladı. Aylar keçirdi, amma akasiya ağacı çiçək açmırdı. Tez-tez şəhərin üzərindən təyyarə uğultusu, ardınca partlayış səsi, ardınca da onlarla ölüm xəbəri yayılırdı şəhərə. Titrək baxışlarını son dəfə səmaya dikdi, təyyarə uğultusunun gəlmədiyindən əmin olaraq məktəbin həyətinə daxil oldu. Bir zamanlar şagirdlərin bir-birilərini itələyərək girdikləri, tənəffüsdə cücələr kimi dağıldıqları məktəb həyəti əvvəlki ehtişamından uzaqdı artıq. Nə də olsa, gündə bir-iki dərs keçilir deyə özünə təsəlli verdi.
Axşam şam işığında yemək yeyərkən artıq o təsəllisinin də qalmadığını anladı. Müəllimi, şəhərdə təyyarə hücumlarının artdığını, əsgərlərin şəhərə girəcəyini, buna görə də sabahdan dərsə gəlməmələrini söyləmişdi. İçində olan təkcə akasiya ağacının çiçəkləməsi, bununla hər şeyin düzələcəyi, atasının və gözəl günlərin yenidən geri gələcəyi ümidi idi. Onu bu duyğulardan anasının səsi ayırdı: “Cəld ol, qızım. Əynini geyin, hazırlaş. Hücumlar artıb. Dayın babangili də götürüb yola çıxıb. Təcili buralardan getməliyik”.
Son dəfə akasiya ilə vidalaşmaq üçün həyətə qaçdı, Ayşə. Gözlərindən iki damla yaş süzülərkən ağacı qucaqladı və sanki ondan atasının qoxusunu aldı. Uzaqdan eşidilən təyyarə uğultusu isə getdikcə yaxınlaşırdı. Gözlərini səmaya qaldırdı...
ŞƏRHLƏR