ƏL KARDA, KÖNÜL YARDA

ƏL KARDA, KÖNÜL YARDA

Son günlərdə dünya miqyasında yaşadığımız bir xəstəlik səbəbi ilə evlərimizə qapanmaq məcburiyyətində qaldıq. Bu müvəqqəti qapanma bizə etikafı, üzləti, xəlvəti xatırlatdı. Azərbaycanda yaşayırsınızsa, əlbəttə, “xəlvət” deyəndə dərhal böyük bir övliyanın xatirəsi düşür könlünüzə: Seyyid Yəhya Şirvani. İçərişəhərdə dəfn edilmiş olan Seyyid Yəhya Şirvani həzrətləri İslam Təsəvvüf məktəblərindən Xəlvətiliyin ikinci piri, bir növ əsl qurucusu olaraq qəbul edilir. Təriqət Ömər əl-Xəlvətinin adı ilə bağlı olsa da, təriqətin geniş bir bölgəyə (Azərbaycandan Anadoluya, Anadoludan Balkanlara, Kırıma, Suriya, Misir, Şimali Afrika, Sudan, Həbəşistan və Cənubi Asiyaya qədər) yayılması Seyyid Yəhya əş-Şirvani əl-Bakuvinin yetişdirdiyi tələbələri vasitəsilə gerçəkləşmişdir. Buna görə də ona təriqətin ikinci piri (piri-sani) deyilməkdədir.

Xəlvətə çəkilmək xüsusilə Xəlvətiyyə, Qadiriyyə, Sührəverdiyyə və Kübreviyyə mənsublarında müşahidə edilir.

Təsəvvüfün mənəvi tərbiyə müddətində insanı tərbiyə etmək üçün istifadə etdiyi özünəməxsus metodları var. Bunlardan biri də xəlvətə çəkilməkdir. Xəlvət insanın pis vəsflərinin mənbəyi sayılan nəfsinin istək və arzularından uzaqlaşıb özünü Allaha ibadətə həsr etməsi, insanlardan müəyyən bir müddət ayrı qalaraq hər an Onun hüzurunda olma (maiyyət) şüuruna nail olmasıdır. İmam Qəzzali xəlvətə və inzivaya çəkilməyin faydalarından bəhs edərkən bu zaman insanın daha çox və daha ixlasla ibadət edəcəyini, riya, qeybət və yalan kimi günahlardan qoruna biləcəyini, fitnə və fəsaddan uzaq qala biləcəyini, xalqın əzab-əziyyətlərindən yaxa qurtara biləcəyini, xalqdan bir umacağının olmayacağını deyir. (İmam Qəzzali, İhyau-Ulumiddin, tərc. Ahmet Serdaroğlu, İst. 2016, c. 4, sh. 147-180)

Xəlvət təlimində gizlilik və tənhalıq əsasdır. Buna görə də xəlvətə girən şəxs nəfsinin tərbiyə və təzkiyəsi üçün vaxtını xarici dünyadan təcrid olunmuş bir yerdə ibadət, riyazət, müraqəbə və zikrlə dəyərləndirər.

Xəlvətə girməyə və ərbəin çıxartmağa əhəmiyyət verən təriqətlər təkyə və xanəgahların ətrafında, bəzən də buralardakı məscidlərdə “xəlvətxana” və ya “çiləxana” adı verilən, adətən təkcə bir nəfərin namaz qılarkən ayaq üstə dayana biləcəyi hündürlükdə və bardaş qurub otura biləcəyi genişlikdə dar və qaranlıq hücrələr qurarlar (İçərişəhərdəki Fərrux şah məscidinin içində də bənzər hücrələr mövcuddur). Qapı örtülər, içəri səs və işıq girməz. Ərbəinə girən mürid burada duyğu orqanlarının xarici dünya ilə əlaqəsini kəsməyə çalışar və bütün diqqətini iç aləminə yönəldər, düşüncəsini qəlbi üzərində cəm edər.

Xəlvətə şeyx bunu lazım bildiyi zaman girilər və bu işə şeyx ciddi nəzarət edər. Əvvəlcə hazırlıq görülür; xəlvətə girən şəxsin paltarlarının və oturacağı yerin təmiz olmasına, qüsl almasına və ərbəin müddətində dəstəmazlı olmasına diqqət edilir. Ərbəinə girmədən əvvəl “az yemək, az yatmaq, az danışmaq” əsaslarına riayət edərək xəlvət həyatına hazırlaşmaq, xəlvətə girildiyi zaman dünya kəlamı danışmamaq, yeməyi azaltmaq və mümkün mərtəbə az yatmaq lazımdır. (Ətraflı məlumat üçün bax. TDVİA, “Xəlvət”, “Xəlvətilik”, “Ərbəin” maddələri və Öncel Demirdaş, “Təsəvvüf  tarixində xəlvət və xəlvətin mənəvi tərbiyədəki rolu”, Ekev akademik dərgisi, sayı 53, sh.131-140 / 2012.)

Mömin üçün ən mühüm xüsuslardan biri də məhəbbətullahdır. Allahın sevgisini qazana bilmək üçün imandan sonra yeganə amil Allahın lütf və ehsanlarını davamlı olaraq düşünmək, Onun əzəmət və qüdrətini təfəkkür etmək, sonra da qəlb və dil ilə Onu çox-çox zikr etməkdir.

Bunların tam mənası ilə gerçəkləşməsi isə dünya məşğələsindən və zövqlərindən qəlbi mühafizə edib xəlvət və üzlətə çəkilməklə mümkün olur. Bunu da ifadə etmək lazımdır ki, xəlvətdə məqsəd insanlardan uzaqlaşmaq, cəmiyyətdən qaçaraq dağları və mağaraları məskən tutmaq deyildir. Belə hərəkət etmək Həzrət Peyğəmbər (s.ə.s) və əshabının həyat tərzinə ziddir.

Buna əsaslanan bəzi sufilər bu şüura yetişən şəxsin eyni davranışları xalqın içində də gerçəkləşdirə biləcəyini qəbul etmişlər. Məsələn, söhbət və xidməti təriqətin əsası kimi qəbul edən Xacəgan silsiləsinin (Nəqşbəndiyyə) böyüklərindən Abdulxaliq Gücdüvani cəmiyyət ilə əlaqəni kəsmədən mənəvi olaraq Haqq ilə birlikdə olmağa böyük əhəmiyyət vermiş və bu düşüncəni “xəlvət dər-əncümən” təbiri ilə ifadə etmişdir.

Molla Cami, “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz” (ən-Nur, 24/37) məalındakı ayənin bu prinsipə işarə etdiyini deyir.

Rəsulullahın (s.ə.s) şəxsən qoyun güdməsi, Ficar hərbi və Hilful-fudulda iştirak etməsi, ticarət həyatı və Kəbənin təmirində feli olaraq işləməsi kimi bir çox fəaliyyəti Onun peyğəmbərliyindən əvvəl də daima cəmiyyət həyatında yer aldığını ortaya qoyur. O, ictimai həyatın bütün müsbət məqamlarında iştirak etmiş, pis işlərdən isə uzaq durmuşdur. (Osman Nuri Topbaş, Həzrət Muhamməd Mustafa (s.ə.s), I, sh.156)

Əslində xəlvət heç də asan bir iş deyil. Bir müddət evdə qalmağı biz xəlvətə bənzətsək də, bunun xəlvət olmadığı açıqdır. Bir insanın öz iç dünyasında meydana gəlməsini arzu etdiyi müsbət dəyişikliklər üçün dünya və içindəki hər şeydən uzaq qalmasının xüsusilə də bu günün dünyasında nə qədər mümkün ola biləcəyi də diqqətəlayiq bir xüsusdur.

Ancaq bir şeyin bütününü əldə edə bilmirik deyə ondan tamamilə əl çəkmək doğru deyil. Bu mənada, xəlvət yolu ilə əldə edilə biləcək xüsusların qismən başqa yollarla da əldə edilməsi mümkündür.

Məsələn, evdə qaldığımız müddət ərzində evdəkilərlə mübahisədən əl çəkib özümüzə dönərək bir çox mühüm suallara cavab axtara bilərik: Mən nə üçün yaradıldım? Bu aləmə göndərilmə səbəbim nədir? Qayıdış haraya olacaq? Əcəldən qaçmaq mümkündürmü? Və: “Ey qulum! Mən səninlə idim, sən kiminlə idin?” sualına cavabımız varmı?

Yenə bu müddət ərzində özümüzü gözdən keçirib nöqsan olan cəhətlərimizi təsbit edə bilər və bunların aradan qaldırılmasına çalışa bilərik. Bunun yolu təkcə oxumaq və yazmaq deyil; eyni zamanda könül aynasını da parlatmaq lazımdır. Səhər əhlindən olmağa səy göstərmək, istiğfarı artırmaq, acizliyimizi etiraf edərək göz yaşı tökmək, əl açıb yalvarmaq könül aynasını təmizləyər. Təmizlənən aynada insani-kamil görünər.

Rəbbimizdən niyazımız budur ki, qısa müddət ərzində bu imtahanı üz ağı ilə arxada qoyaq və xidmətimizə, izdihamın içindəki xəlvətə qayıdaq, inşallah. Çünki:

“Xəlvət və üzlətdə məqsəd öz halını islah etməkdir. Şəfa tapmaq üçün qəbul edilən dərman gərək vaxtında və kifayət miqdarda olsun. Həddən artıq qəbul edildiyi təqdirdə fayda yerinə zərər verəcəyi şübhəsizdir”. (Osman Nuri Topbaş, e.a.ə)

Allah-təala hər birimizi Haqq yolunda pərvanələr kimi eşq və şövq içində və üsuluna uyğun şəkildə, başda əhli-iman olmaqla, bütün insanlığa, uca dininə və canlı-cansız hər məxluqata xidmət edən bəxtiyarlardan etsin!

Amin!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz