KORONAVİRUS FENOMENİNİN SİYASİ ASPEKTLƏRİNƏ QISA BAXIŞ

KORONAVİRUS FENOMENİNİN SİYASİ ASPEKTLƏRİNƏ QISA BAXIŞ

Bəşəriyyət tarix boyu bir çox xəstəliklərin şahidi olub. Elə xəstəliklər olub ki, dünya əhalisinin indikiylə müqayisədə qat-qat az olduğu bir vaxtda epidemiyalar milyonlarla can alıb. Sonucda yenidən insanların sayı sürətlə artmağa başlayıb.

Əgər biz dünyanın hal-hazırda üzləşdiyi koronavirusun səbəb olduğu ölüm sayı dinamikasına nəzər yetirsək, onun əvvəlki pandemik viruslarla müqayisədə elə də ciddi itkilərə səbəb olmadığını deyə bilərik. Digər tərəfdən, biz bu virusu adi qriplə də müqayisə edə bilmərik və karantin rejiminin məntiqini anlamaq elə də çətin deyil. Yəni beş ay ərzində sürətlə yayılan, bir milyondan çox insanın yoluxduğu və ölənlərin yüz əlli minə yaxınlaşdığı bir duruma adi gözlə, “Əşi boş şeydi” məntiqi ilə də baxmaq düzgün deyil. İstənilən halda, bir şeyi qəti söyləmək olar: koronavirus pandemik fenomen kimi bir neçə ildən sonra daha dəqiq təhlil edilə və müəyyən konkret nəticələrə gəlinə bilər.

İlkin olaraq biz bu fenomenin doğurduğu siyasi nəticələr haqda qısaca danışmaq istərdik. Koronavirus istər-istəməz qloballaşma prosesinə ciddi zərbə vurmuş oldu; hal-hazırda dünya dövlətlərinin, demək olar ki, mütləq əksəriyyəti təcrid, qapanma siyasətini həyata keçirməyə məcbur olmuşdur. Bir müəllif kimi etiraf edim ki, bir pandemik xəstəliyin bu dərəcədə həm ölkələr arasında, həm də ölkədaxili nəqliyyat sisteminə bu dərəcədə neqativ təsir edəcəyini təsəvvürümə gətirə bilməzdim.

Pandemiya növbəti dəfə konspiroloji (və ya bizdə dəbdə olan leksika ilə desək, komplo) nəzəriyyələrin meydana çıxmasına səbəb oldu: guya bu xəstəliyi hansısa gizli qüvvələr məqsədli şəkildə dünyada yayır və guya, əslində, koronavirus deyildiyi qədər ciddi xəstəlik deyil, onun təhdid miqyasını şişirdirlər və s. Bu tipli nəzəriyyələri müdafiə edənlər arasında beynəlxalq münasibətləri tədqiq edən ciddi alimlərə, demək olar ki, rast gəlmirik. Fakt burasındadır ki, koronavirusdan fərqli ideologiya və rejimlərə malik olan bir sıra supergüclər və dövlətlər əziyyət çəkir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi aparıcı beynəlxalq maliyyə qurumları bir-birinin ardınca 2020-ci il üçün hədsiz proqnozlar verir. Bir sözlə, koronavirus heç bir dövlətin milli maraqlarına cavab vermir.

Post-koronavirus dövründə qloballaşma prosesləri hansı çağırışlarla üzləşəcəkdir? Hal-hazırda ekspertləri narahat edən əsas sual budur. Bir qisim mütəxəssisin fikrinə görə, dünyada yenidən milli dövlətlər aparıcı rol oynamağa başlayacaq. Yeri gəlmişkən, ABŞ prezidenti D.Trampın növbəti antiqlobal addımının şahidi olduq, - o, Ümumdünya Səhiyyə Təşkilatının öz ölkəsinin payına düşən maliyyələşməsindən (təşkilatın büdcəsinin 13 faizi) imtina etməsi haqqında qərar qəbul edəcəyini açıqladı. Bu kontekstdə hətta Avropa İttifaqının Breksitdən sonra növbəti böhranla üzləşəcəyini söyləyənlər var. Söhbət bəzi Avropa ölkələrinin, - ilk növbədə koronavirusdan ən çox əziyyət çəkən İtaliya və İspaniya, - qurumdan lazımi dəstək almadıqlarına görə ciddi narazı olduğu faktını irəli çəkir. Bəzi ekspertlər isə (məsələn, məşhur amerikalı siyasətçi Henri Kissincer), əksinə, məhz pandemiyanın qloballaşma prosesinin qaçılmaz olduğu tezisini müdafiə edib söyləyirlər ki, bu cür təhdidin öhdəsindən gəlmək ayrı-ayrı dövlətlərin gücü daxilində deyil. Yeri gəlmişkən, ABŞ kimi güclü dövlətin hal-hazırda pandemiyadan ən çox zərər çəkən aktor olması göz qabağındadır.

Sonda yenə az öncə söylədiyimiz tezisə qayıtmaq istərdik: hələ ki, konkret nəticələrə gəlmək tezdir, çünki proses bitməyib, davam etməkdədir. Bizlərə isə ölkəmizin bu xəstəlikdən minimal itkilərlə çıxmağını arzulamaq qalır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz