BİR NƏFƏS...
İnsan çox şeyin qədrini yalnız əlindən çıxdıqdan sonra bilir. Çox sevdiyi insanı itirdikdə, sahib olduğu var-dövləti əlindən alındıqda, gənclik illərini geridə qoyaraq qocalığa qədəm basanda, sağlamlığını itirib yatağa düşəndə əslində nə qədər böyük nemətə sahib olduğunu anlayır. Bir çoxları ömrünün son dəmlərində arxada qalan illərə heyfslənərək, haqlı olaraq ah-vay edirlər. Çünki nemətlər içində ömür sürən, lakin bundan xəbərsiz insan oğlu eynilə dəryada sudan xəbərsiz halda üzən balıq kimidir. Əslində heç bir fərqimiz yoxdur, sudan çıxan zavallı balıq kimi yalnız əlimizdəkiləri itirdikdən sonra qiymətini bilirik hər şeyin. O ana qədər israf etdiklərimiz bir-bir gözümüzün önünə gəlir: pul-para, tərbiyəsinə əhəmiyyət vermədiyimiz övladlarımız, sevgimizi etiraf edə bilmədiyimiz doğmalarımız, boşa xərclədiyimiz zamanımız, güc-qüvvəmiz, sağlığımız və s. Həzrət Peyğəmbər (s.ə.s) insan təbiətində var olan bu xüsusiyyəti bir hədisi-şərifində belə xülasə edir: “İki nemət vardır ki, insanların əksəriyyəti ondan istifadə etməkdə aldanmışdır: sağlamlıq və boş vaxt”.
Artıq bir neçə aydır ki, bütün dünya gözlə görülməyəcək qədər kiçik bir virusla lərzəyə gəlib. Hamının qəlbini məchul gələcək əndişəsi çulğayıb. Bir çoxumuz xəstəlik qorxusu ilə evdən çıxa bilmirik. Əvvəlki vaxtlarda sağlamlıqla bağlı təkliflərə əhəmiyyət verməyənlər səhiyyə təşkilatları tərəfindən edilən tövsiyələri hərfiyyən yerinə yetirməyə çalışırlar. Gigiyena qaydalarına əvvəlkindən daha çox riayət etməklə yanaşı gözlənilən iqtisadi böhran qorxusu ilə sadəcə gündəlik tələbatımızı təmin edərək məcburi şəkildə israfdan uzaqlaşırıq. Bir nömrəli gündəm maddəmiz yalnız və yalnız “koronavirus”dur. Axı nə üçün? Ona görə ki, hər zaman özümüzə uzaq gördüyümüz ölümü bu dəfə daha yaxın hiss edirik. Hər gün kütləvi informasiya vasitələri ilə yüzlərlə, minlərlə insanın koronavirusdan öldüyünü eşidib bir az da dəhşətə düşürük. Halbuki daha əvvəl də hər gün dünyada minlərlə insan ölürdü. Amma nə hikmətdirsə, aclıqdan, su qıtlığından, malyariya xəstəliyindən ölən Afrikadakı uşaqları, terror və zülmün hədəfinə çevrilən İslam coğrafiyasının bir sıra ölkələrini görmürdük, daha doğrusu görmək istəmirdik.
Bu gün yaşadıqlarımızsa əslində ölümün hər an bizə yaxın olduğunu bir daha xatırlatdı. Ölümün sadəcə acların, gücsüzlərin, yoxsul və qocaların qapısını döymədiyini yada saldıq. Həyatın hər an sürprizlərlə dolu olduğunu iliklərimizə qədər yaşadıq. Başa gələn bəla və müsibətlərin insana həyatın gerçəyini xatırlatdığının əyani şahidi olduq. Rəvayət olunur ki, böyük Allah dostlarından olan Əziz Mahmud Hüdayi həzrətləri bir gün müridi ilə qayığa minərək İstanbulun qarşı sahilinə keçirmiş. Mürid mindikləri qayığı göstərərək deyir: “Əfəndim, hal-hazırda ölümlə aramızda yalnız bu taxta parçası var”. Qəlbi bir anlıq da olsa Allahdan qafil olmayan Hüdayi həzrətləri bu hikmətli cavabı verir: “Övladım, quruda heç o da yoxdur”.
Bəli, əslində möminin həyata baxışı məhz bu pəncərədən olmalıdır. Hər an ölümlə burun-buruna yaşadığımızı yaddan çıxarmamalıyıq. Gözümüzün belə görə bilmədiyi kiçicik varlıqların dağ boyda insanı asanlıqla yerə sərə biləcəyini unutmamalıyıq. Dünyaya hegemonluq etməyə can atan böyük iqtisadi güclərin əslində hər an zavala məhkum olduğunu əsla qulaqardına vurmamalıyıq. Hər şey Allahdandır, hər şeyin sahibi Odur, güc-qüvvət yalnız və yalnız Ondandır.
Əlbəttə ki, ümidsizliyə düşmürük, həyat davam edir. Lazımi tədbirləri alacağımız təqdirdə bu günlərin arxada qalacağını ümid edirik. Gün gələcək yaxşı və pis olan hər şey gələcək nəslin nümayəndələrinə danışacağımız xatirədən ibarət olacaq. Lakin onu da ümid etmək istədik ki, bu ağır günlərdə yaşadığımız vicdan mühasibəsini ömrümüzün geri qalan qismində də yaşayacağıq. Karantin günlərində məcburiyyət qarşısında qalaraq vaxtımızı ailəmizlə keçirdiyimiz kimi hər şeyin yoluna düşdüyü günlərdə də onlara vaxt ayıracağıq. Qorxu və ümid duyğusu ilə Allaha sığındığımız kimi bundan sonra da Onu hər zaman yanımızda hiss edəcək, həyat tərzimisi Onun rizası istiqamətində nizamlayacağıq. Karantin rejimində qazandığımız mütaliə kimi faydalı vərdişlərimizi bundan sonra da davam etdirəcəyik. Ən başlıcası hədisi-şərifdə də buyurulan sağlamlıq və boş vaxtımızı gərəksiz yerə israf etməyəcəyik. Çünki alıb verdiyimiz hər nəfəs Allahın biz bəndələrinə ən böyük lütflərindən biridir. Padşahlıqla yanaşı Muhibbi təxəllüsü ilə şeirlər də yazan Qanuni Sultan Süleymanın dediyi kimi:
Xalq içində mötəbər bir nəsnə yox dövlət kimi,
Olmaya dövlət cahanda bir nəfəs səhhət kimi…
ŞƏRHLƏR